Dual təhsil üzrə hüquqi baza yaradılacaq

2 Dekabr, 2025 - 12:35
Dual təhsil üzrə hüquqi baza yaradılacaq

“2027-2030-cu illərdə dual təhsil (iş yerində öyrənmə) üzrə normativ hüquqi bazanın hazırlanması planlaşdırılır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən "Peşə təhsili: nailiyyətlər və çağırışlar" konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili sektorunun aparıcı məsləhətçisi Rəbiyyə Müseyibzadə səsləndirib. 

O bildirib ki, dual təhsil sistemində tənzimləyici normativ-hüquqi bazanın olmaması müəyyən çətinliklər yaradır:

"Bu çətinliklərin aradan qaldırılması istiqamətində 2027-2030-cu illər ərzində sözügedən təhsil sistemində normativ hüquqi bazanın hazırlanması planlaşdırılır. 

Bunun üçün ilk növbədə dual təhsilin "Peşə təhsili haqqında" qanuna inteqrasiya edilməsi lazımdır. 

Həmçinin dual təhsilin keçirilməsi üzrə çərçivə sənədlərin hazırlanması, peşə təhsili müəssisəsələrinin və işəgötürənlərin öhdəlikləri müəyyənləşdirilməsi təhsilalanların və təhsilverənlərin əməyinin ödənişi üzrə tənzimləyici qaydalar tərtib edilməsi, keyfiyyətin ölçülməsi üzrə mexanizmlərin müəyyənləşdirilməsi, təhsilalan və təhsilverənlərin etik davranış kodeksinin hazırlanması əsas ehtiyac və hədəflərdəndir".