Dünyanın ən böyük ingilis dili olimpiadası Bakıda keçiriləcək

31 Oktyabr, 2025 - 17:00
Dünyanın ən böyük ingilis dili olimpiadası Bakıda keçiriləcək

Dünyanın ən böyük ingilis dili olimpiadası olan HİPPO-nun regional finalı Bakıda keçiriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, İtaliyanın Assisi şəhərində keçirilən HİPPOOlimpiadasının rəsmi final mərhələsində növbəti il keçiriləcək regional final və ümumi final məkanları açıqlanıb.

Ən mühüm yenilik ondan ibarətdir ki, ilk dəfə olaraq HİPPO-nun böyük final mərhələsi Bakıda təşkil olunacaq. Bu qərar Azərbaycanın beynəlxalq təhsil tədbirləri xəritəsində nüfuzunu daha da gücləndirəcək mühüm hadisə kimi qiymətləndirilir.

Azərbaycanın bu uğuru "Global Olympiad Center"in (GOC) rəsmi nümayəndə statusu qazanmasından sonra beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının nəticəsidir. 
 
2026-cı ildən HİPPO Olimpiadasının regional final mərhələləri dörd bölgədə keçiriləcək. Venesiya Aralıq dənizi və Mərkəzi Avropa ölkələrini bir araya gətirəcək, Banqkok Hind yarımadası, Cənub-Şərqi Asiya və Uzaq Şərqdən şagirdləri qəbul edəcək, Buenos Ayres isə Amerika qitəsini əhatə edəcək. Bakı isə Afrika, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin regional final mərkəzi olacaq və bu mərhələ ən geniş iştiraklı final kimi tarixə düşəcək.

Burada 30-dan çox ölkədən yüzlərlə şagird finala vəsiqə uğrunda mübarizə aparacaq.

Seçim turları Azərbaycanda 4 aprel tarixində Bakı, Sumqayıt, Gəncə, Naxçıvan və Lənkəran şəhərlərində keçiriləcək. Regional final isə 24–26 iyun 2026-cı il tarixlərində Bakıda baş tutacaq.

Qeyd edək ki, HİPPO Olimpiadası hər il sürətlə böyüyən beynəlxalq layihələrdən biridir. Təkcə ötən il yarışmada 100-dən çox ölkədən 93 mindən artıq şagird iştirak edib. 2012-ci ildən təşkil olunan HİPPO-nun məqsədi ingilis dilinin tədrisini təşviq etmək, şagirdlərə beynəlxalq mühitdə öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı yaratmaqdır.

Mərkəzi ofisi İtaliyanın Lido di Jesolo şəhərində yerləşən HİPPO bu gün dünya üzrə ən kütləvi və etibarlı ingilis dili olimpiadalarından biri kimi tanınır.