Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

8 Oktyabr, 2026 - 15:07
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Oktyabrın 8-də 2026-cı il ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb.  

“Azərbaycan müəllimi” xəbər verir ki, Nobel Mükafatları Komitəsinin qərarı ilə mükafata "klassik ənənə ilə oynaq dialoqda müasir ədəbiyyat üçün yeni formalar yaradan cəsarətli və ixtiraçı əsərlərinə görə" kanadalı yazıçı Enn Karson layiq görülüb.  

Komitə bildirib ki, Enn Karson bütün karyerası boyunca şeir yazmağı tərcümə işi və müxtəlif universitetlərdə dərs deməklə birləşdirib. Demək olar ki, bütün ədəbi yaradıcılığı filoloqun sözlərə olan bağlılığı ilə şairin yeni məna istəyi arasındakı kəsişmə üzərində cəmləşib. O, özü də bütün əsərləri üçün sözlərin etimologiyasını başlanğıc nöqtəsi kimi müəyyən edib.

Enn Karson 1950-ci ildə Torontoda doğulub və 76 yaşındadır. O, xüsusilə poeziya, esse, nəsr və klassik yunan ədəbiyyatını özünəməxsus şəkildə birləşdirən yaradıcılığı ilə tanınır. Ən məşhur əsərləri arasında “Autobiography of Red”, “The Beauty of the Husband” və “Nox” kimi kitablar var.

A.Karson yalnız şair deyil, həm də ciddi klassik filoloqdur. O, müxtəlif universitetlərdə klassiklər, müqayisəli ədəbiyyat və ingilis dili üzrə dərs deyib. Sonrakı dövrdə o, Miçiqan Universitetində bu sahələr üzrə akademik fəaliyyətini davam etdirib

Onun yaradıcılığının mühüm cəhətlərindən biri də elmi təfəkkürlə bədii təxəyyülün birləşməsidir. Karson qədim mətnləri sadəcə araşdırmır; onları müasir insanın təcrübəsini anlamaq üçün yenidən oxuyur.