11 il oxudum, amma sənədim yox idi – Eksternat imtahanı ilə ikinci şans – REPORTAJ

2 Fevral, 2026 - 14:07
11 il oxudum, amma sənədim yox idi

Məlumat verdiyimiz kimi, yanvarın 31-də ölkəmizdə əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat imtahanları keçirilib. Bakı şəhəri və Abşeron-Xızı regionu üzrə imtahanlar ilk dəfə olaraq elektron formada təşkil edilib.

Eksternat imtahanları ilə bağlı təəssüratları öyrənmək məqsədilə “Azərbaycan müəllimi” olaraq Sumqayıt şəhərində yerləşən 31 nömrəli tam orta məktəbə yollanırıq. Məktəb həyətində digər imtahanlardakı izdiham olmasa da, gələnlərin sayı az deyil. Erkən saatlardan burada xüsusi bir həyəcan hökm sürür. İmtahana qatılan şəxslər özlərini bir qədər gərgin hiss edirlər, növbə ilə məktəbə daxil olur, telefon, çanta, üst geyimlərini otaqların birində təhvil verərək imtahan zalına qalxırlar. İlk andan kişi iştirakçıların say üstünlüyü diqqətimizi çəkir. Nəzarətçilər iştirakçıları qaydalarla tanış edirlər. İmtahanın başlamasına xeyli vaxt qaldığından, kompüter arxasında oturan şəxslərə yaxınlaşıb necə hazırlaşdıqlarını xəbər alırıq. 

“Eksternat imtahanı dövlətimizin bizə yaratdığı fürsətdir”

Natiq Abdullayev 4 il əvvəl Sumqayıt şəhər 6 nömrəli tam orta məktəbi IX illik attestatla bitirib. Təhsilini davam etdirmək, ali təhsil almaq arzusunda olduğu üçün eksternat imtahanında iştirak edir. “Mən “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil almaq istərdim. Bu imtahana ciddi hazırlaşmışam. Hazırda Sumqayıt şəhərində yerləşən Çinin “Wanhong” keramik plitələr istehsal edən zavodunda operator olaraq çalışıram. Hələ də attestat ala bilməyən vətəndaşlara demək istərdim ki, eksternat imtahanı dövlətimizin bizə yaratdığı fürsətdir və bundan yararlansınlar. İmtahanda iştirak edib orta təhsil haqqında sənədlərini alsınlar, təhsillərini davam etdirsinlər”.

“Təhsil insana hər yaşda lazımdır”

Günay Baxışova Bakı şəhərində yerləşən 19 nömrəli tam orta məktəbdə təhsil alıb. IX illik ümumi orta təhsil haqqında attestatını almaq üçün bugünkü imtahanda iştirak edir: “Daha sonra XI illik attestat imtahanına qatılmaq istərdim. İmtahanda birinci dəfədir ki, iştirak edirəm, çox ciddi hazırlaşmamışam. Daha çox özümü sınamaq üçün qatılmışam. Özəl “Tibb bacısı” kursunda oxumuşam, yaxın ətrafıma tibbi xidmətlər göstərirəm. Təhsilimi davam etdirməyi arzulayıram. Təhsil insana hər yaşda lazım olur, ona görə yaxşı olar ki, hamı təhsilini vaxtında tam şəkildə alsın”. 

Saat 10:00-da imtahana start verilir. Namizədlər gözlərini kompüterlərə dikərək sualları cavablandırmağa başlayırlar. Məktəb binasını dərin sükut bürüyür. İmtahan prosesi ilə bağlı daha dəqiq məlumat almaq üçün ümumi imtahan rəhbərinə yaxınlaşırıq. 

“Qeydiyyatdan keçən namizədlərin aktivliyi hər növbəti il daha da artır”

Nərmin Əmrahova Abşeron-Xızı Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun məsləhətçisidir. Bildirir ki, idarənin tabeliyində olan 3 təhsil müəssisəsində - Sumqayıt şəhər 31, 29 və 1 nömrəli tam orta məktəblərdə imtahan prosesi təşkil edilib. 3 mərkəzdə təxminən 20 nəzarətçi imtahanın təşkili prosesində iştirak edir. “Bu gün respublikanın bütün regional təhsil idarələrinə tabe olan müəssisələrdə eksternat (sərbəst) qaydada namizədlərin mərkəzləşdirilmiş imtahanı təşkil olunub. Bu il digər illərdən fərqli olaraq formatda dəyişiklik olub. İmtahanlar elektron qaydada təşkil edilib. Həm Azərbaycan, həm rus bölmələri üzrə imtahanda IX və XI sinif üzrə eksternat qaydada təhsil sənədi almaq istəyən şəxslər iştirak edir. İmtahan şəffaf və obyektiv şəkildə təşkil edilib. Namizədlərə davranış qaydaları ətraflı şəkildə izah olunur. Uğurlu nəticə əldə edən namizədlər DİM tərəfindən təşkil ediləcək növbəti mərhələyə keçəcəklər. Orada da uğur qazanan namizədlər tədris ilinin sonunda müvafiq qaydada tam orta və ya ümumi orta təhsil haqqında sənəd alacaqlar”, - Nərmin xanım qeyd edir.

Nərmin Əmrahovanın sözlərinə görə, qeydiyyatdan keçən namizədlərin aktivliyi hər növbəti il daha da artır. “Əvvəlki illərdə prosesə 90, 100 nəfərlə başlayırdıqsa, bu il müraciət edənlərin sayı 360 nəfərdən çoxdur. Keçən il 300 müraciətdən 257 nəfər uğur qazanaraq təhsil sənədi alıb. Bu il daha böyük aktivlik müşahidə olunur. Abşeron, Xızı və Sumqayıt ərazisində yerləşən təhsil müəssisələrini bitirə bilməmiş şəxslər bu imtahanda iştirak edirlər. Eyni zamanda namizədlər arasında respublikamızın digər şəhər və rayonlarında təhsil alan şəxslər var. Onların faktiki yaşadıqları yer Abşeron-Xızı regionu olduğu üçün bizim mərkəzlərdə imtahan verirlər. Həmin namizədlərdən yaşayış yeri haqqında arayış tələb olunub”. 

İmtahan prosesi 3 saat davam etdiyi üçün birinci mərtəbədə gözləmək qərarına gəlirik. Digər imtahanlarda olduğu kimi, məktəbin ətrafında toplaşan valideynlər, namizədlərin həyat yoldaşları, yaxınları həyəcanla gözləyir, imtahanın necə keçəcəyi ilə bağlı fikir mübadiləsi aparırlar...

Saat yarım keçdikdən sonra imtahanın davam etməsinə baxmayaraq, iştirakçılar tədricən çıxmağa başlayırlar. Çıxanlara yaxınlaşıb sualların necə olduğunu soruşuruq. 

Bəs imtahan necə keçdi? 

Lalə Səlimova 6 il öncə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbi ümumi orta təhsil səviyyəsi üzrə bitirib. Özəl kurslardan birində “Tibb bacısı” təhsili alıb. Daimi iş yeri olmasa da, insanlara tibbi xidmət göstərir: “İşə düzəlmək üçün XI illik attestat istəyirlər. Böyük marketlərin birində işləmək istəyirəm. Suallar çətin deyildi, gözlədiyimdən daha asan idi. İmtahan mənim üçün çox rahat keçdi. Hesab edirəm ki, sualların 100/70-nə düz cavab vermişəm. Tam orta təhsil haqqında sənəd insana çox lazım olur - həm işə düzəlmək, həm təhsilini davam etdirmək üçün. Ona görə yaxşı olar ki, heç kim təhsilini yarımçıq qoymasın”.

Mahir Hüseynov orta məktəbi 1992-ci ildə bitirib. 11 il oxusa da, attestat ala bilməyib. Səbəbini həmin illər vəziyyətin çətin olması, müharibə dövrü ilə izah edir. Özəl firmaların birində istilik sistemlərinin quraşdırılması işi ilə məşğuldur: “Müraciət etdiyim başqa iş yerləri olur ki, məndən attestat tələb edirlər. Bu səbəbdən mən də eksternat imtahanlarında iştirak etmək qərarına gəldim. Suallar çox yaxşı idi, mənə görə asan idi. Çaşdırıcı suallarla da qarşılaşdım, ancaq diqqətlə oxuyanda düz cavabı tapmaq olurdu”.

Elnur Şıxəlizadə 2017-ci ildə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbi bitirib. Müəyyən səbəblərdən buraxılış imtahanına gecikdiyi üçün attestat ala bilməyib. Hazırda Türkiyədə yaşayır və kruiz gəmilərində çalışır: “Eksternat imtahanı haqqında məlumat aldım və iştirak etmək qərarına gəldim. Türkiyədə süni intellektlə əlaqəli ali təhsil almaq istəyirəm, ona görə də mənə tam orta təhsil haqqında sənəd lazımdır. İmtahan sualları gözlədiyimdən çətin idi, amma yazdım deyə bilərəm. Şagirdlərə tövsiyə edərdim ki, təhsillərini heç bir zaman yarımçıq qoymasınlar, çünki təhsil haqqında sənəd insana hər bir yerdə lazım olur. Çalışsınlar təhsillərini zamanında alsınlar, gecikdirdikdə hər şey daha da çətinləşir”. 

Murad Kərimov da Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə oxuyub. Məktəbi koronavirus pandemiyası ərəfəsinə ümumi orta təhsil səviyyəsi ilə bitirib: “Mən hazırda maşın elektriki kimi çalışıram. Attestat alıb ali məktəbə qəbul olmağı arzu edirəm. Daha çox xaricdə - Rusiya, Ukrayna və ya Gürcüstanda maşınqayırma ixtisası üzrə təhsil almaq istərdim. İmtahan sualları normal idi, bir az riyaziyyat və fizikadan çətin suallar vardı”. 

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat təhsilalma forması yarımçıq qalan arzuların reallaşmasına yardım edir.