“Elə bil 40 ili bir gündə yaşadıq” - Sinif yoldaşları 40 ildən sonra görüşdülər
Yevlax rayonunun Xaldan kənd məktəbində 40 ildən sonra sinif yoldaşları bir araya gəliblər.
“Azərbaycan müəllimi” olaraq biz də bu görüşün şahidi olduq. Həmin görüşdə hiss edilən ilk həqiqət bu idi ki, məktəb insanın həyatından çıxmır. İnsan məktəbdən getsə də, bu məkan insanın qəlbində özünə yer edir.
O gün sinif otaqlarında dolaşarkən müəllimlərlə, keçmiş şagirdlərlə söhbətlərimiz də məhz bunu təsdiqlədi.
Mərhum direktor Zahid Şöyübovun adı tədbir boyu xüsusi ehtiramla çəkilirdi. Onu tanıyanların hər biri bir fikirdə idi: Zahid müəllim məktəbi sadəcə idarə etmirdi, onu yaşadırdı. O, şagirdin adını, ailəsini, xarakterini tanıyan, müəllim əməyinə dəyər verən, məktəb mühitini bir ailə istiliyinə çevirən rəhbər idi. Elə buna görə onun yoxluğu hiss olunsa da, adı bu məktəbdə hələ də yaşayan mənəvi varlıq kimi duyulur.
Görüşdə yalnız keçmiş şagirdlər deyil, həm də onlara vaxtilə dərs keçən təqaüdçü müəllimlər də iştirak edirdilər.
Onlardan biri - coğrafiya müəllimi Əfrasiyab Həsənovla bizimlə söhbətdə kövrək duyğularını gizlətmədi:
“İllər keçir, saç ağarır, ömür dəyişir, amma müəllim üçün ən böyük sevinc şagirdini yenidən görməkdir. Bu gün mən burada təkcə keçmiş sinfi yox, öz zəhmətimin bəhrəsini gördüm. Baxırsan, illər əvvəl dərs dediyin uşaqlar bu gün həyatın müxtəlif sahələrində öz sözünü deyən insanlardır. Bu, müəllim üçün çox böyük xoşbəxtlikdir. Xaldan məktəbi həmişə öz ab-havası, müəllim-şagird münasibəti ilə seçilib. Bu gün də o ruh yaşayır”.
Riyaziyyat müəllimi İsrail Bəkirov sanki keçmişi yenidən yaşayırdı: “Bu partalar, bu lövhə, bu sinif otaqları adama çox şey xatırladır. Dərs dediyimiz uşaqların bu gün yenidən məktəbə dönməsi, eyni səmimiyyətlə müəllimini axtarması çox böyük mənəvi dəyərdir. Müəllim üçün qiymət kağız üzərində yazılan bal deyil, illər sonra şagirdin gəlib səni hörmətlə xatırlamasıdır. Bu gün mən bunu gördüm və qürur duydum”.
Tarix müəllimi Şahin Kərimov bu görüşü zamanın canlı dərsi kimi dəyərləndirdi: “Tarixi biz dərsliklərdə öyrədirik, amma insanın öz yaşadığı ömür də tarixdir. Bu gün burada sadəcə bir görüş keçirilmir, bir dövr yenidən vərəqlənir. Hər bir şagirdin üzündə məktəb illərindən qalan bir iz var. Mən sevinirəm ki, o illərdə verdiyimiz tərbiyə, aşıladığımız dəyərlər bu gün də onların həyatında yaşayır. Bu, müəllim üçün ən böyük təsdiqdir”.
Kimya müəllimi Mahnıyar Mustafayeva isə bu görüşün onun üçün çox xüsusi bir mənəvi anlam daşıdığını vurğuladı: “Mən bu gün burada təkcə keçmiş şagirdlərimi görmədim, həm də müəllim əməyinin necə yaşadığını gördüm. Müəllim bəzən elə bilir ki, dediyi söz unudulub, keçib gedib. Amma illər sonra anlayırsan ki, o sözlər, o münasibət, o diqqət şagirdin yaddaşında yaşayır. Bu gün hiss etdim ki, məktəb sevgisi heç vaxt köhnəlmir”.
Ruslan Hüseynov görüş boyu hiss edilən səmimiyyətin təsadüfi olmadığını dedi: “Xaldan məktəbində həmişə doğmalıq olub. Burada müəllimlə şagird arasında məsafə yox, hörmət və bağlılıq vardı. Bu gün 40 ildən sonra insanların yenidən bu məktəbə gəlməsi göstərir ki, o münasibət süni olmayıb, həqiqi olub. Mən bunu görüb çox sevindim. Demək ki, bu məktəbdə verilən tərbiyə insanın ömrü boyu onunla gedir”.
Fiziki tərbiyə müəllimi Mahir Rəsulov isə söhbətində məktəbin kollektiv ruhundan danışdı: “Məktəb təkcə dərs demək yeri deyil. Məktəb insanı həyata hazırlayan bir mühitdir. Burada dostluq da yaranır, intizam da formalaşır, birlik hissi də. Bu gün o hisslərin hamısını yenidən gördüm. Elə bil illər aradan çəkildi. Şagirdlərimizin bir-birinə, müəllimlərinə olan münasibəti çox təsirlidir. Bu, məktəbin qazandığı ən böyük uğurdur”.
Görüş iştirakçıları arasında olan məzunlarla söhbət isə reportajımıza başqa bir nəfəs gətirdi. Sinif otağında əyləşib keçmiş günləri yada salan məzunların danışığında uşaqlıq sadəliyi ilə yetkin yaşın təmkinli kövrəkliyi yanaşı dayanmışdı.
Hazırda Bakı şəhəri 24 nömrəli tam orta ümumtəhsil məktəbində sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı kimi çalışan Sevin Nəsibova müəllimlərinin yolunu davam etdirməsinin təsadüfi olmadığını dedi: “Mən bu məktəbdə təkcə dərs almamışam, həm də insan münasibətini, müəllim məsuliyyətini, məktəb sevgisini öyrənmişəm. Bu gün özüm məktəbdə çalışdıqca müəllimlərimin zəhmətini daha yaxşı anlayıram. Bəzən öz işimdə onların yanaşmasını xatırlayıram. Şagirdə diqqət, qayğı, tələbkarlıq və mərhəmətin birlikdə necə olmasını biz məhz burada görmüşük. Bu məktəb mənim həyatımda böyük iz qoyub”.
Alimə Abdullayeva da həmin günün təəssüratlarını bizimlə bölüşərkən duyğularını açıq ifadə etdi: “Bu görüşü sözlə anlatmaq çətindir. Elə bil bir günün içində 40 ili yaşadıq. Məktəbə girəndə sanki yenə o illərə qayıtdım. Sinif yoldaşlarımızla, müəllimlərimizlə görüşmək, eyni otaqlarda oturmaq, xatirələri yada salmaq çox kövrək anlar idi. Şəhidlərimizi yad etməyimiz, sonra Zahid müəllimin məzarını ziyarət etməyimiz bu görüşə tamam başqa bir mənəvi dəyər verdi. Mən inanıram ki, belə görüşlər insanı kökünə bağlayır. Bu gün bir daha anladıq ki, məktəb illəri insan ömrünün ən saf, ən işıqlı dövrüdür”.
Digər məzunların söhbətlərində də eyni hiss duyulurdu: illər onları ayrı şəhərlərə, ayrı peşələrə, ayrı həyat yollarına aparsa da, Xaldan məktəbi hamının qəlbində eyni doğma ünvan olaraq qalıb. Bəziləri müəllimlərinin bir baxışını, bəziləri lövhə qarşısında yaşadığı həyəcanı, bəziləri isə zəng səsini xatırlayırdı. Amma hamısının dediyi bir fikir vardı: bu məktəb onları yalnız oxutmayıb, həm də böyüdüb.
Sinif otaqlarında dolaşdıqca bir həqiqət aydın görünürdü: zaman binanın divarlarını köhnəldə bilər, amma müəllimin sözünü, məktəb ocağının istiliyini, şagird qəlbində yaşayan xatirələri köhnədə bilməz. O gün Xaldan məktəbində qovuşan insanlar sadəcə bir sinfin məzunları deyildilər. Onlar bu məktəbin yaşayan tarixini, müəllim zəhmətinin canlı nəticəsini təmsil edirdilər.
Bu duyğulu görüş bir daha göstərdi ki, müəllim nuru sönmür, məktəb ocağı soyumur. İllər keçir, nəsillər dəyişir, amma əsl məktəb insanı yenidən özünə qaytarmağı bacarır. Xaldan kənd məktəbində 40 ildən sonra baş tutan bu görüş də elə həmin qayıdışın, həmin mənəvi sədaqətin, müəllim adına göstərilən ehtiramın yaddaqalan ifadəsinə çevrildi.



