“İlk məzun olmaq ağlıma belə gəlməzdi” - Azad Ağdamın yeganə məzunu
Bu gün "Son zəng"in ilk dəfə çalındığı təhsil müəssisələrindən biri də Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbidir. Bu təhsil müəssisəsi də Kəlbəcər rayon B. Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi kimi işğaldan azad edilmiş Ağdam şəhərinin ilk və tək məzununu yola salır.
"Azərbaycan müəllimi" bu özəl gündə məktəb kollektivi və tək məzunla həmsöhbət olub.
Ağdamda təhsil var, həyat var!
Bütün həyəcan və hazırlıq işlərinin içində ilk olaraq məktəbin direktoru Günel Vəliyeva bizimlə söhbətə zaman ayırır:
"Bu gün düz 33 il sonra Ağdam şəhərində “Son zəng” çalınır. Bu son zəng təkcə adi bir tədris ilinin başa çatması üçün çalınmır, bir zamanlar “Ruhlar şəhəri” adlandırılan Ağdamın uzun illərdir sahiblərini gözləyən ruhlarını, hər daşını, torpağını müjdələyir. Deyir ki, artıq Ağdamda təhsil var, həyat var!
Bu, bir tarixdir. Bu gün doğma Ağdam şəhərində olmaq, belə tarixi günlərin iştirakçısı olmaq hər bir ağdamlı üçün ən böyük xoşbəxtlikdir.
Məktəbimizin XI sinfini bu il bitirən yeganə məzunu Nihat İbrahimovdur. Nihat və növbəti illərin məzunları şanslıdırlar ki, öz doğma vətənlərində məzun adını alacaqlar. Mən Nihatın simasında respublikamızın dörd bir yanında məzun olan bütün gəncləri ürəkdən təbrik edir, onlara gələcək müstəqil həyatlarında uğurlar arzulayıram. Qoy onların hər biri ölkəmizə layiqli vətəndaş kimi yetişsin, Azərbaycan adını hər yerdə uca tutsun!"
Direktor bu sözlərdən sonra tədbir üçün hazırlıqların son vəziyyətinə baxmağa yollanır.
İlk məzun
Söhbətimizi günün ilk və tək məzunu Nihat İbrahimovla davam etdiririk.
Nihat əvvəllər 42 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil alıb. O, günün qəhrəmanı olaraq bunları deyir:
"33 ildən sonra ilk məzun olmaq çox qürurverici hissdir. Bu, tarixi və yaddaqalan bir hadisədir. Mən bizə yaradılan hər cür şəraitə görə minnətdarlığımı bildirirəm.
Bu müddətdə mənə tədrisdə köməklik göstərən müəllimlərimə ayrıca təşəkkür edirəm. Tək şagird olmağıma baxmayaraq, mənə hər cür dəstək göstərdilər.
Düzü, 10 il Bakıda təhsil almışam. Sonuncu sinfi Ağdamda bitirmək və ilk məzun olmaq ağlıma belə gəlməzdi. İndi isə bu, reallıqdır. Baxın, anam və qardaşım da buradadır. Məni tək qoymayıblar".
Nihatı müəllimləri də təbrik edir, ona uğurlar arzulayırlar.
Ağdamda "Son zəng"ini keçirə bilməyən müəllim
Məktəbin riyaziyyat müəllimi Aygün Niftalıyeva ilk "Son zəng"in hər kəs üçün unudulmaz xatirə kimi qalacağını deyir:
"Bu gün məktəbimizin tarixində xüsusi bir səhifə açılır. Məzunumuza gələcək həyatında uğurlar və nailiyyətlər arzulayıram."
Aygün müəllimlə yanaşı, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi İlahə Nəcəfova da fikirlərini bölüşür:
"24 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. Əlbəttə, hər bir müəllim kimi mən də bu qürurun daşıyıcılarındanam. İşğaldan sonra azad Ağdamın ilk məktəbinin ilk müəllimlərindən biri olmaq həm kövrək duyğuları, həm də fəxr hissini eyni anda yaşadır.
Biz Ağdamda son zəngimizi keçirə bilməmişdik. Düşmənlərimiz bu sevinci ürəkdən yaşamağımıza imkan verməmişdilər. Qoy bundan sonra doğma yurdumuzda uşaqların sevinc səsi bir-birinə qarışsın. Əbədi olaraq hər il son zəng sədaları hər tərəfdə eşidilsin.
Məzunumuza xoş, parlaq gələcək, gözəl və mənalı günlər arzulayıram".
Xoş arzulara və gözəl günə yoldaşlıq edən, 30 ildir ibtidai sinif müəllimi olan Nurəngiz Məmmədova da söhbətə qoşulur:
"Ağdam şəhər 1 nömrəli tam orta məktəbin ilk ibtidai sinif müəllimi olmaqdan qürur hissi keçirirəm. İlk “Son zəng”in keçirilməsi illərlə qəlbimizdə yaşatdığımız arzuların həyata keçdiyi gündür. Sevincim sonsuzdur.
Məzunumuzu təbrik edir, vətənimizə layiqli övlad olmasını arzulayıram".




