Elektron attestatlarla bağlı Ədliyyə Nazirliyindən AÇIQLAMA
Attestatın elektron formaya keçirilməsi təhsil sənədlərinin rəqəmsallaşdırılması baxımından mühüm addım olsa da, xaricdə təhsil almağı planlaşdıran vətəndaşlar üçün narahatlıq yaradıb. Bəzi vətəndaşlar xüsusilə apostil alarkən çətinliklərlə üzləşiblər.
“Azərbaycan müəllimi” mövzu ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq nazirlikdən bildirilib ki, 1961-ci ildə Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın icrasının təmin edilməsilə bağlı Azərbaycan Respublikası Prezidentinin 10.12.2004-cü il tarixli Sərəncamı ilə məhkəmələrin, prokurorluq və ədliyyə orqanlarının verdiyi, o cümlədən Azərbaycan Respublikasının ərazisində notariat qaydasında təsdiq olunan və vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına dair sənədlər üzrə səlahiyyətli orqan qismində Ədliyyə Nazirliyi, digər sənədlər üzrə isə Xarici İşlər Nazirliyi müəyyən edilib.
Apostil qeyd edilən sənədlərin həm əslinə, həm də Azərbaycan Respublikasının ərazisində notariat qaydasında təsdiq edilmiş surətinə və ya tərcüməsinə verilə bilər.
“Notariat haqqında” Qanunun 64-cü maddəsinə əsasən notariuslar elektron informasiya sistemləri və ya ehtiyatları, o cümlədən internet informasiya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətlərinin düzgünlüyünü təsdiq edirlər.
“Bildiririk ki, vətəndaşın müraciətinə əsasən notarius tərəfindən “myGov” platforması üzərindən əldə edilmiş attestatın surətinin düzgünlüyü təsdiq olunur və apostil verilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunur.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin səlahiyyətlərinə aid edilmiş elektron sənədlərin surət və tərcümələrinə apostilin verilməsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur”-məlumatda qeyd edilib.




