Elm və təhsilin birgə inkişafı: Azərbaycanın uzunmüddətli inkişaf strategiyası

9 Yanvar, 2026 - 13:11
Elm və təhsilin birgə inkişafı: Azərbaycanın uzunmüddətli inkişaf strategiyası

Müasir dünyada dövlətlərin gücü yalnız təbii sərvətlərin həcmi ilə deyil, insan kapitalının keyfiyyəti, elmi potensialı və təhsil sisteminin səviyyəsi ilə ölçülür. Prezident İlham Əliyeşin çıxışlarında dəfələrlə vurğulandığı kimi, neft və qaz kimi resurslar müvəqqəti üstünlük yaratsa da, ölkənin uzunmüddətli və dayanıqlı inkişafı yalnız elmə, təhsilə, zəkaya və innovasiyaya əsaslana bilər. Məhz bu yanaşma Azərbaycanda elm və təhsil sahəsində aparılan islahatların əsas fəlsəfəsini təşkil edir. Prezidentin çıxışlarında əsas tezislərdən biri budur ki, təbii sərvətlər müvəqqəti üstünlükdür, insan kapitalı isə davamlı inkişafın əsas şərtidir.
Bu yanaşmaya görə, neft və qaz iqtisadi resursdur, elm və təhsil isə strateji gücdür. Dövlətin uzunmüddətli rəqabət qabiliyyəti yeraltı sərvətlərlə yox, yerüstü – bilikli, yaradıcı, innovativ insan potensialı ilə ölçülür.

Bu kontekstdə elm və təhsil milli təhlükəsizliyin, iqtisadi şaxələndirmənin, texnoloji müstəqilliyin əsas dayağı kimi təqdim olunur.
 
Elm və təhsilin vahid sistemdə inkişafı

Elm və Təhsil Nazirliyinin yaradılması dövlətin bu sahədə strateji yanaşmasının bariz nümunəsidir. Cənab Prezidentin qeyd etdiyi kimi, elm uzun illər dövlət idarəçiliyindən qismən kənarda qalmış, elmi potensial isə real inkişaf proseslərinə lazımi səviyyədə inteqrasiya olunmamışdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, elm əsasən ali təhsil müəssisələri ilə sıx bağlı şəkildə, universitetlər və onların nəzdində fəaliyyət göstərən elmi mərkəzlər vasitəsilə inkişaf edir. Azərbaycan da məhz bu modeli seçərək elm və təhsilin birgə və əlaqəli şəkildə inkişafını prioritet elan etmişdir.

Struktur islahatları: səmərəlilik və keyfiyyətə keçid

Hazırda elm sahəsində aparılan struktur islahatlarının əsas məqsədi formallıqdan səmərəliliyə, kəmiyyət yanaşmasından keyfiyyət meyarlarına keçidi təmin etməkdir. Bir sıra elmi-tədqiqat institutlarının birləşdirilməsi, strukturun optimallaşdırılması elmi resursların daha rasional istifadəsinə və nəticəyönümlü fəaliyyətin təşkili məqsədi daşıyır. Prezidentin vurğuladığı kimi, məqsəd sadəcə elmi işçiləri işlə təmin etmək deyil, real elmi inkişafı təmin etməkdir.

Kadr hazırlığı və kadr islahatları

Elm və təhsilin inkişafında əsas həlledici amil insan faktorudur. Bu baxımdan kadr islahatları struktur dəyişiklikləri ilə paralel aparılır. Daha gənc, müasir düşüncəli, beynəlxalq təcrübəyə malik kadrların önə çəkilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Elmi fəaliyyətin qiymətləndirilməsində beynəlxalq elmi jurnallarda nəşrlər, sitat indeksləri və elmi nəticələrin aktuallığı əsas meyar kimi götürülür. Bu yanaşma elmin dünya elmi məkanına inteqrasiyasını sürətləndirir.
Neft kapitalından insan kapitalına keçid – dövlət siyasətinin əsas məqsədi  kimi cənab Prezidentin çıxışlarında tez-tez vurğulanan məqamdır.

Neft kapitalının insan kapitalına çevrilməsi neft gəlirlərinin təhsil infrastrukturuna, elmi tədqiqatlara, gənclərin xaricdə təhsilinə, rəqəmsal savadlılığa, innovasiya ekosistemlərinə yönəldilməsi, resurs iqtisadiyyatından bilik iqtisadiyyatına keçidi özündə ehtiva edir.

Bu baxımdan elm və təhsil xərc yox, investisiya kimi dəyərləndirilir.
 
Görülən işlər və əldə olunan nəticələr

Cənab Prezidentin qeyd etdiyi kimi, son 20 ildə Azərbaycanda 10 yeni ali təhsil müəssisəsinin yaradılması, o cümlədən Rusiya, Fransa, Türkiyə və İtaliya kimi ölkələrlə birgə universitetlərin fəaliyyətə başlaması təhsilin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir. Qarabağ Universiteti Yeni reallığn doğurduğu nailiyyətdir. Elm və təhsilin inkişafında yeni bir modeldir. Prezidentin mövqeyinə əsasən, müasir universitet milli inkişaf strategiyasının bir hissəsidir. Modernləşmə beynəlxalq təhsil standartlarının tətbiqini, rəqəmsallaşma və innovativ tədris metodlarını, elmi tədqiqatların real iqtisadi və sosial problemlərlə əlaqələndirilməsini, universitet–sənaye–dövlət əməkdaşlığını ehtiva edir. Belə universitetlər sadəcə məzun yox, dəyər yaradan mütəxəssis yetişdirir.

Müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, təhsildə test sisteminin tətbiqi, gənclərin xaricdə təhsil alması üçün dövlət proqramları və “Yüksəliş” kimi təşviq mexanizmləri gənc mütəxəssislərin formalaşmasına mühüm töhfə verir. Xaricdə təhsil almış gənclərin ölkəyə qayıdaraq müxtəlif sahələrdə uğurla fəaliyyət göstərməsi aparılan siyasətin real nəticəsidir. 

Prezidentin çıxışlarında beynəlxalq əməkdaşlıq təqlid yox, transfer və inteqrasiya mexanizmi kimi təqdim olunur. Bu əməkdaşlıqlar gənc mütəxəssislərin qlobal elmi mühitə çıxışını, qabaqcıl bilik və texnologiyalara yiyələnməsini Azərbaycanın qlobal elm və təhsil məkanında tanınmasını nəzərdə tutur.

Burada məqsəd hazır modeli köçürmək yox, milli reallığa uyğunlaşdıraraq inkişaf etdirməkdir.
 
Elmin inkişafı üçün vacib tələblər

Prezidentin çıxışından irəli gələn əsas nəticələrə görə, elmin inkişafı üçün bir neçə fundamental şərt vacibdir:
* elm və təhsilin vahid strategiya çərçivəsində idarə olunması;
* elmi fəaliyyətin beynəlxalq meyarlarla qiymətləndirilməsi;
* gənc və peşəkar kadrların sistemli şəkildə hazırlanması;
* elmin real iqtisadi və sosial tələblərlə əlaqələndirilməsi;
* cəmiyyətin ümumi intellektual səviyyəsinin yüksəldilməsi.

Perspektivlər və strateji baxış

Elm və təhsil sahəsində aparılan islahatlar təkcə bu günün deyil, onilliklərin və yüzilliklərin gələcəyini hədəfləyir. Prezidentin qeyd etdiyi kimi, ölkənin gələcəyini düşünərkən yalnız mövcud resurslara deyil, gələcək nəsillərin bilik və bacarıqlarına əsaslanmaq vacibdir. Yüksək intellektual səviyyəyə malik cəmiyyət isə istedadlı şəxslərin, elmi məktəblərin və innovativ ideyaların yaranması üçün əlverişli mühit formalaşdırır. Prezidentin yanaşmasında gənclər dövlətin gələcək idarəçiləri, alimləri, texnoloqlarıdır; onların savadlı, açıq düşüncəli və vətənpərvər yetişdirilməsi dövlətin davamlılığını təmin edir.

Bu səbəbdən təhsilə, elmə, gənclərə yönəlmiş siyasət strateji milli prioritet kimi təqdim olunur.
 
Nəticə etibarilə, elm və təhsilin birgə inkişafı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarından biridir və bu istiqamətdə aparılan islahatlar ölkənin güclü, müasir və rəqabətqabiliyyətli dövlət kimi formalaşmasına xidmət edir.

Mehriban Vəliyeva,
Milli Məclisin deputatı