Elmə və təhsilə həsr olunmuş ömür
Azərbaycan pedaqoji fikrinin, təhsilşünaslıq elminin və ədəbiyyatın tədrisi metodikasının inkişafında mühüm xidmətləri olan görkəmli alim, pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim Piralı Behbudalı oğlu Əliyevin anadan olmasının 70 ili tamam olur. Ömrünün yarım əsrdən çoxunu elmə, təhsilə, müəllimlik sənətinə, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə həsr etmiş professor Piralı Əliyev Azərbaycan təhsilnin inkişafında özünəməxsus yer tutan ziyalılardandır.
Onun həyat yolu təkcə bir alimin və ya pedaqoqun bioqrafiyası deyil, həm də Azərbaycan müəlliminin, tədqiqatçısının, vətəndaş ziyalısının formalaşma tarixidir. O, fəaliyyətinin bütün mərhələlərində elm və təhsil arasında möhkəm körpü yaratmağa çalışmış, nəzəri biliklərin praktik tədris prosesində tətbiqinə xüsusi diqqət yetirmişdir. İstər ədəbiyyatın, istərsə də pedaqogikanın, xüsusilə müasir nəzəri-konseptual məsələlərinin araşdırılmasında müasir məktəbin tələblərinə cavab verən nəticələrə gəlmişdir. Eyni zamanda həm ümumi, həm də ali təhsilin məzmununun inkişafına töhfələr vermişdir.
Təhsil illəri
Professor Piralı Behbudalı oğlu Əliyev 17 iyun 1956-cı ildə Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndində anadan olmuşdur. Uşaqlıq və gənclik illəri Qarabağın zəngin mənəvi mühitində keçmişdir. Erkən yaşlarından oxumağa, öyrənməyə, kitaba, söz sənətinə, milli-mədəni irsə böyük maraq göstərmiş, məktəb illərində ədəbiyyat və dil sahəsində xüsusi qabiliyyəti ilə seçilmişdir. Təhsil aldığı illərdə özünün maraq dairəsinə uyğun olaraq məktəbin müxtəlif tədbirlərində iştirak etmiş, məruzə və çıxışlarında analitik yaradıcı təfəkkürü ilə seçilmişdir.
Piralı müəllimin ailəsində, doğulub, boya-başa çatdığı elində müəllimə, onun əməyinə çox böyük hörmət və məhəbbət olmuşdur. Sonralar bu istək onun həyat yolunun leytmotivinə çevrilmiş və real müəllim ömrünün əsasını təşkil etmişdir.
Piralı müəllim orta təhsilini uğurla başa vurduqdan sonra müəllim olmaq, xalqımızın övladlarını inkişaf etdirmək arzusu onu Xankəndi Pedaqoji İnstitutunun filologiya fakültəsinə gətirmişdir. O, burada dövrünün tanınmış alimlərindən, ustad müəllimlərindən təhsil almışdır. İndi də onların dediklərini hələ də unutmur və böyük hörmət və ehtiramla yad edir. Görkəmli Molla Nəsrəddinçi, filologiya elmləri doktoru, professor Nazim Axundovun bir tövsiyəsini hələ də xatırlayır və tələbələrinə nümunə çəkir: “Yaxşı müəllim olmaq üçün xalqın bədii düşüncəsinə, dilinə və ədəbiyyatına yaxından bələd olmaq, onu sevə-sevə öyrətmək lazımdır”.
Piralı müəllimin özünün də qeyd etdiyi kimi, tələbəlik illəri müəllim kadrlarının, əasasən, peşə hazırlığını formalaşdırır. Amma bu bir reallıqdır ki, ali təhsil, eyni zamanda hər hansı ixtisasdan hər bir təhsil alanın ixsası üzrə sistemli biliklərini qaydaya salır, nizamlayır. Odur ki, institut illərində Azərbaycan klassik və müasir ədəbiyyatının dərindən öyrənilməsi, pedaqoji biliklərin mənimsənilməsi və müəllimlik peşəsinin sirlərinə yiyələnməsi, elmi axtarışlara maraq göstərməsi, müxtəlif tələbə konfranslarında fəal iştirakı onun gələcək elmi fəaliyyətinin əsaslarını formalaşdırmış, tədqiqatçı kimi yetişməsində həlledici rol oynamışdır.
Müəllimlik fəaliyyəti
Ali təhsilini başa vurduqdan sonra Piralı Əliyev doğma Yuxarı Yağlıvənd kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Gənc müəllim kimi qısa müddət ərzində peşəkarlığı, metodik hazırlığı və pedaqoji ustalığı ilə həm şagirdlərinin, həm də həmkarlarının hörmətini qazanmışdır.
Onun dərsləri yüksək elmi səviyyəsi, müasir metodlardan istifadə olunması, şagirdlərdə müstəqil təfəkkürün inkişafına xidmət etməsi ilə fərqlənirdi. Müəllimlik fəaliyyətində əsas məqsədi yalnız bilik vermək deyil, eyni zamanda milli mənlik şüuruna malik vətəndaş yetişdirmək, onların bir şəxsiyyət kimi formalaşmasında rol oynamaq idi. Məhz məktəb təcrübəsi sonralar onun elmi araşdırmalarının istiqamətinin müəyyənləşməsində lazımi töhfələrini vermişdir.
Müəllimlik illərində qazandığı zəngin təcrübə ona tədris prosesində mövcud problemləri daha dərindən görməyə, onların həlli yollarını elmi əsaslarla araşdırmağa imkan vermişdir. Bu dövr gələcək metodist alimin formalaşmasının praktik mərhələsi kimi xüsusi əhəmiyyət daşıyır.
Aspirantura və doktorantura təhsili
Tədqiqatçılığa olan böyük maraq və istək Piralı müəllimi elmə gətirdi. O, tələbəlik illərindəki tədqiqatçılıqla bağlı ilkin təşəbbüslərini burada davam və inkişaf etdirmək istədi. O, buna da nail oldu: Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun əyani aspiranturasına qəbul oldu.
Aspirantura illəri onun elmi dünyagörüşünün formalaşmasında mühüm mərhələ olmuşdur. Bu dövrdə o, yalnız dissertasiya mövzusu üzərində işləməklə kifayətlənməmiş, respublika və ümumittifaq səviyyəli elmi konfranslarda çıxışlar etmiş, ilk elmi məqalələrini nəşr etdirmiş və elmi ictimaiyyətin diqqətini cəlb etmişdir.
Professor Piralı Əliyevin elmi bioqrafiyasında xüsusi yer tutan məqamlardan biri fəlsəfə doktorluğu (namizədlik) dissertasiyasını müəyyən edilmiş müddətdən əvvəl başa çatdırmasıdır. O, yüksək məsuliyyət, zəhmətkeşlik və tədqiqatçılıq bacarığı nümayiş etdirərək elmi işini vaxtından əvvəl tamamlamışdır.
1988-ci ildə "Ədəbiyyatın tədrisi prosesində şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi" mövzusunda pedaqogika üzrə fəlsəfə doktorluğu (namizədlik) dissertasiyasını uğurla müdafiə etmişdir. Tədqiqat işində ədəbiyyat dərslərinin vətənpərvərlik tərbiyəsində rolunu elmi-nəzəri və praktik aspektlərdən araşdırmış, metodik tövsiyələr hazırlamışdır.
Dissertasiyanı vaxtından əvvəl başa çatdırdığına görə institutda elmi işçi vəzifəsində saxlanılmışdır.
P.Əliyev 1992-ci ildən elmlər doktorluğu proqramı üzrə fəaliyyətə başlamış, "Azərbaycan ümumtəhsil məktəblərində klassik şeir nümunələrinin tədrisinin nəzəri və praktik problemləri" mövzusunda doktorluq dissertasiyası üzərində ardıcıl və sistemli iş aparmışdır. Ciddi filoloji bazaya və nəzəri pedaqoji əsasa söykənən bu dissertasiyanı 2010-cu ildə uğurla müdafiə etmişdir. Bu dissertasiya Azərbaycan pedaqoji fikrində, ədəbiyyatın tədrisi metodikasında klassik şeirin təlimi məzmununun təkmilləşdirilməsi, eləcə də tədrisi sahəsində istər nəzəri, istərsə də metodik cəhətdən təcrübi, eksperimental əhəmiyyət daşıyan tədqiqat işi kimi xüsusi yer tutur. Burada klassik şeirin metodikası onun filoloji xüsusiyyətlərinin bazasında verilir.
Elmi-tədqiqat fəaliyyəti: kiçik elmi işçidən şöbə müdirliyinə qədər
Professor Piralı Əliyevin həyatının ən məhsuldar dövrlərindən biri Azərbaycan Respublikası Təhsil İnstitutunda keçən 1987-2022-ci illəri əhatə edir. Bu müddət ərzində o, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışmışdır.
Otuz beş ildən artıq davam edən bu fəaliyyət dövründə təhsilin məzmununun yenilənməsi, kurikulumların hazırlanması, təlim və tərbiyə prosesinin təkmilləşdirilməsi, təhsilin idarə olunması, məktəbdaxili idarəetmə, vətənpərvərlik tərbiyəsi və ədəbiyyatın tədrisi metodikası istiqamətlərində çoxsaylı tədqiqatlar aparmışdır.
Onun rəhbərlik etdiyi şöbələrdə həyata keçirilən layihələr Azərbaycan təhsilinin inkişafına mühüm töhfələr vermişdir.
Elmi-pedaqoji yaradıcılığı
Onun əsərlərində məktəbin ehtiyac və tələbatından irəli gələn və gündəm təşkil edən məsələlər öz əksini tapmışdır. Bu məsələlər sadəcə müəllifin subyektiv mülahizəsinin deyil, obyektiv müşahidələrinin ciddi təcrübə əsaslı araşdırmalarının nəticəsi kimi meydana çıxmışdır. Orada irəli sürülən müddəalar və əldə olunan nəticələr ötən əsrin sonu və XXI əsrin onillikləri üçün Azərbaycan pedaqoji fikrində daha xarakterik cəhətlər olaraq diqqəti cəlb edir.
Piralı müəllimin elmi-pedaqoji yaradıcılığında olan elmi ritorika, struktur bütövlüyü, üslub və dil zənginliyi bütün yazılarında vahid olmaqla xüsusi bir alim platforması kimi diqqəti cəlb edir. Müəllif fikirlərində nə qədər konseptual mövqedən çıxış etsə də, nümunələrində daha praktik və anlaşıqlı yanaşmaları ilə diqqəti cəlb edir. Eyni zamanda vahid bir yaradıcılıq platforması kimi qabarıq görünsə də, tematik zənginliyinə və al-əlvanlığına görə də fərqlənir. Bu fərqlilik müəllifin elmi-pedaqoji düşüncə sferasında maraqlılıq yaradır.
Professor Piralı Əliyevin yaradıcılığında təhsilin inkişafı baxımından xüsusi əhəmiyyəti olan ən zəruri məsələlərə diqqət yetirilmişdir. Ədəbiyyatın tədrisi metodikası, təhsilin idarə olunması, kurikulum və səriştə əsaslı təhsil məsələləri, tərbiyə nəzəriyyəsi, milli-mənəvi dəyərlər, vətənpərvərlik və tolerantlıq tərbiyəsi qırmızı xətt kimi onun yaradıcılıq mərkəzindən keçmişdir.
Professor Piralı Əliyevin elmi yaradıcılığında həm pedaqogika nəzəriyyəsinin, həm də ədəbiyyatın tədrisi metodikasının ən aktual problemləri əhatə olunmuşdur. O həm namizədlik, həm də doktorluq dissertasiyasında ədəbiyyatın tədrisi metodikasının məntiqinə uyğun məsələlərlə məşğul olmuş, nəzəri, eləcə də praktik cəhətdən xüsusi əhəmiyyət daşıyan əsərlər işləyib hazırlaya bilmişdir. “Ümumtəhsil məktəblərində poetikanın tədrisinin nəzəri və praktik problemləri” (2000), “Ümumtəhsil məktəblərində Azərbaycan klassik ədəbiyyatının tədrisi (şeir nümunələri əsasında)” (2007) monoqrafiyalarında, “Poetik əsərlərin tədrisinin psixoloji əsasları” (1999), “Klassik poeziyanın qavranılması xüsusiyyətləri” (2008), “Şeir yaradan vasitələrin mənimsədilməsi yolları” (2006), “Klassik şeir nümunələrinin oxu prosesində qavranılması” (2010) və s. əsərlərin bədii xüsusiyyətlərini nəzərə almaqla onların daha optimal mənimsənilməsi məsələlərini araşdırmış və müəyyən elmi nəticələrə gəlmişdir. Burada müəllifin mükəmməl ədəbi - nəzəri yanaşmaları fonunda, ədəbi əsərlərin mənimsənilməsi metodologiyası müəyyənləşdirilmişdir.
Professor Piralı Əliyevin yaradıcılığının aparıcı istiqamətlərindən birini tərbiyə məsələləri təşkil edir. O bu problemə həsr etdiyi elmi əsərlərində tərbiyə nəzəriyyəsinin ən aktual məsələlərinə müasir müstəvidə yanaşmış, onların nəzəri və praktik problemlərini, eləcə də xüsusi halda fərqlənən şagirdlərlə işin təşkilini tədqiqat obyektinə çevirir. Onun “Məktəblilərin tərbiyəsi: problemlər, perspektivlər” (2014), “Tərbiyə işinin sistemi” (2007), “Sinif rəhbərinin illik tərbiyəvi iş planı” (2005), “Ümumtəhsil məktəblərində tərbiyə işinin planlaşdırılması” (2002), “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla tərbiyə işinin təşkili” (2011), “Təhsil müəssisələrində tərbiyə işinin planlaşdırılması” (2002), “Tərbiyə işinin təşkilinin nəzəriyyəsi və metodologiyası” (2023) və s. adda olan əsərləri bu gün də təhsil müəssisələrinin istifadəsindədir. Həmin əsrlər məktəblərimizin tərbiyə işinin daha optimal qurulmasının nəzəri-pedaqoji əsasını təşkil edir.
Bu gün ölkəmizdə yeni məzmunu qurulması səriştə əsaslı tədrisin yaradılması istiqamətində ardıcıl və davamlı işlər aparılır. Artıq təhsilin bütün pillə və səviyyələrində ölçüləbilən, səriştəəsaslı, təhsil mexanizmlərinin yaradılmasından danışılır. İlk növbədə, səriştəəsaslı təhsilin məzmununun ifadə olunduğu normativ-hüquqi sənədlər hazırlanır.
Professor Piralı Əliyevin araşdırmalarında bu məsələ də xüsusi bir istiqamət olaraq diqqət mərkəzində saxlanılmışdır. Həmçinin o, təhsilalanların qiymətləndirilməsi probleminin öyrənilməsində irəliləyişlərə nail olmuşdur. “Şagird nailliyətlərinin qiymətləndirilməsi yolları” (2012), “Şagird nailliyətlərinin qiymətləndirilməsi problemləri” (2011), “Ədəbiyyatdan şagird nailliyətlərinin qiymətləndirilməsinin üsul və vasitələri” (2011), “Ədəbiyyatdan şagird nailliyətlərinin qiymətləndirilməsində testlərdən istifadə” (2008) kimi əsərlərində qiymətləndirmə fəaliyyətini tənzimləyən və onlardan daha səmərəli istifadə olunması ilə bağlı araşdırmalar aparmış, gəldiyi nəticələri ümumiləşdirərək təkliflər hazırlamışdır.
Müasir dünyanın təhsil meridianında aktual olan aparıcı istiqamətlərdən biri təhsili dəyəryönümlü etmək, ona daha çox mahiyyəti ilə bağlı qiymət verməkdən ibarətdir. Dünyanın avanqard təhsil tədqiqatçıları bu ideyanı aparıcı hesab etməklə onun barəsində danışırlar: Maykl Fullan qeyd edir ki, XXI əsr təhsili xarakter, əməkdaşlıq, vətəndaşlıq, yaradıcılıq və tənqidi düşüncə kimi dəyərləri akademik nailiyyətlərlə birlikdə inkişaf etdirməlidir.
Bu gün ölkəmizdə təhsilin inkişaf etdirilməsi, müasir dünyanın gündəminə gətirilməsi ilə bağlı çağırışlar davamlı olaraq səslənməkdədir. Bu çağırışların içərisində dəyərlərlə bağlı olanlar daha çox diqqəti cəlb edir. Professor Piralı Əliyev belə alimlərimizdəndir ki, nəinki fəaliyyətində bir prinsip olaraq bu məsələni nəzərə alır. O, dəyərlərlə bağlı yazdığı silsilə əsərləri ilə pedaqoji tədqiqatların arsenalını zənginləşdirir. Bir yenilik olaraq dəyəryönümlü təhsil anlayışının mahiyyətini, müasir düşüncə baxımından əhəmiyyətini izah edir. “Dəyərlərə əsaslanan təhsil” (2019), “Dəyərlərə əsaslanan təhsilin idarə olunması” (2019), “Təhsilin dəyəryönümlü idarə olunmasında müasir yanaşmalar” (2019) əsərlərində bu problemlərin pedaqoji əsaslarından bəhs edir.
Həmçinin professor Piralı Əliyev Azərbaycan pedaqoji fikrində ilk dəfə “Tolerantlıq tərbiyəsinin sistemi” (2009), “Məktəblilərin tolerantlıq mədəniyyətinin inkişafı” (2011), “Tolerantlığın elmi-nəzəri və praktik problemləri” (2009) əsərlərində tolerantlıq pedaqogikasının mahiyyəti və məzmununun nəzəri və prakik problemlərini tədqiq edərək müəyyən elmi nəticələrə gəlir.
Artıq 5 ildən çoxdur ki, Piralı müəllim Bakı Slavyan Universitetində Pedaqogika kafedrasının müdiri işləyir. Kafedra üzrə fənlərin yüksək səviyyədə tədris olunmasına, müəyyən edilmiş elmi-tədqiqatların keyfiyyətlə yerinə yetirilməsinə, elmi-pedaqoji kadr hazırlığının inkişafına uğurla rəhbərlik edir. Bu dövrdə o, ali təhsildə keyfiyyət təminatı, müəllim hazırlığının müasir problemləri, inklüziv təhsil, milli və ümumbəşəri dəyərlər əsasında müəllim şəxsiyyətinin formalaşdırılması kimi istiqamətlərdə mühüm işlər həyata keçirmişdir. Professorun rəhbərliyi altında kafedrada elmi fəaliyyətin genişləndirilməsi, doktorant və dissertantların hazırlanması, beynəlxalq əməkdaşlığın inkişafı, müasir pedaqoji yanaşmaların tətbiqi istiqamətində əhəmiyyətli nəticələr əldə edilmişdir. Həmçinin kollektiv arasında böyük nüfuz qazanmışdır.
O, universitet Elmi Şurasının, eyni zamanda Təhsil fakültəsi Elmi Şurasının üzvüdür.
Dövlətimiz tərəfindən Piralı müəllim uzunillik məhsuldar işinə, həmçinin ölkənin təhsil quruculuğunda yüksək keyfiyyətli fəaliyyətinə görə, Əməkdar müəllim fəxri adı. “Respublikanın qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.
Yetmiş illik ömür yolu ərzində professor Piralı Behbudalı oğlu Əliyev Azərbaycan təhsilinə, pedaqoji elmin inkişafına və milli-mənəvi dəyərlərin təbliğinə misilsiz töhfələr vermişdir. O, alim, müəllim, təşkilatçı və vətəndaş kimi daim yüksək mənəvi keyfiyyətləri ilə seçilmiş, gənc nəslə örnək olmuşdur.
Bu gün professor Piralı Əliyev zəngin həyat təcrübəsi, böyük elmi irsi və yorulmaz fəaliyyəti ilə Azərbaycan elm və təhsil ictimaiyyətinin nüfuzlu simalarından biri kimi öz fəaliyyətini uğurla davam etdirməkdədir.
70 illik yubileyi münasibətilə professor Piralı Behbudalı oğlu Əliyevə möhkəm cansağlığı, uzun ömür, yeni elmi uğurlar və Azərbaycan təhsilinin inkişafı naminə həyata keçirdiyi şərəfli fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.
70 illik yubileyiniz mübarək, əziz Piralı müəllim!
Ənvər Abbasov,
Bakı Slavyan Universitetində rektor məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim




