Sülh ideyasının gənc nəslə çatdırılması gələcək üçün əhəmiyyətlidir - Deputat
Cənubi Qafqazda formalaşan yeni siyasi reallıq sülh anlayışına artıq yalnız müharibənin başa çatması prizmasından yanaşmağa imkan vermir. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan nəticələr region üçün uzunmüddətli sabitliyin siyasi əsaslarını formalaşdırdığı kimi, növbəti mərhələdə sülhün ictimai, humanitar və sosial dayaqlarının möhkəmləndirilməsini də ön plana çıxarır.
Məhz bu baxımdan sülh yalnız dövlətlər arasında imzalanan sənədlər və diplomatik razılaşmalarla ölçülən siyasi nəticə ilə məhdudlaşmır. Onun davamlılığı təhlükəsizliyin təmin olunması, insan hüquqlarının qorunması, münaqişənin humanitar nəticələrinin aradan qaldırılması, cəmiyyətlərdə dialoq və dinc birgəyaşayış düşüncəsinin gücləndirilməsi ilə bilavasitə bağlıdır. Xüsusilə postmünaqişə mərhələsində sülhün möhkəmləndirilməsi siyasi proseslərlə yanaşı, insanların gündəlik həyatında təhlükəsizlik və sabitliyin real şəkildə hiss olunmasını tələb edir.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə avqustun 21-dən sentyabrın 21-dək keçirilən “Sülh Aylığı” da məhz bu kontekstdə xüsusi məna daşıyır. Beynəlxalq Sülh Günü ərəfəsində həyata keçirilən təşəbbüs sülh mədəniyyətinin, insan hüquqlarına hörmətin, qarşılıqlı anlaşmanın və gələcək nəsillər üçün təhlükəsiz mühitin təşviqinə yönələn ictimai platforma kimi çıxış edir.
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev bildirib ki, 2025-ci il 8 avqust Vaşinqton razılaşmalarından sonra Azərbaycan və Ermənistan arasında sülh prosesinin yeni mərhələyə keçməsi “Sülh Aylığı”nın keçirilməsinə xüsusi aktuallıq verir:
“Çünki dövlətlərarası səviyyədə əldə olunan siyasi nəticələrin davamlı sülhə çevrilməsi üçün onların cəmiyyətlər səviyyəsində də dəstəklənməsi vacibdir.
Sülh yalnız diplomatik sənəd və müharibənin olmaması demək deyil. Davamlı sülh qarşılıqlı etimadın, insan hüquqlarına hörmətin, dialoqun və dinc birgəyaşayış mədəniyyətinin formalaşmasını tələb edir. BMT Baş Assambleyasının 1999-cu ildə qəbul etdiyi Sülh Mədəniyyəti haqqında Bəyannamə və Fəaliyyət Proqramı da məhz bu prinsipləri önə çəkir.
Bu baxımdan “Sülh Aylığı” sülh ideyasının cəmiyyətə, xüsusilə gənc nəslə çatdırılması, tarixi yaddaşın qorunmaqla yanaşı, gələcəyə sülh və əməkdaşlıq prizmasından baxışın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan üçün əsas məqsəd qələbəni davamlı sülhə çevirməkdir”.
Deputat qeyd edib ki, BMT-nin 2026-cı il üçün irəli sürdüyü “Sülhə sərmayə qoyaq – hər kəs üçün, hər yerdə, hər gün” çağırışı da sülh anlayışının daha geniş məzmun daşıdığını göstərir:
“Azərbaycan reallığında sülhə sərmayə, ilk növbədə, təhlükəsizliyə, insan hüquqlarına, humanitar məsələlərin həllinə, insan kapitalına və Böyük Qayıdış prosesinə sərmayə deməkdir.
Mina təhlükəsinin aradan qaldırılması burada xüsusi yer tutur. Mina təmizlənməsi yalnız humanitar məsələ deyil, insanların təhlükəsiz qayıdışının, yaşayış məntəqələrinin bərpasının və iqtisadi fəaliyyətin təmin edilməsinin əsas şərtlərindən biridir. Hər təmizlənmiş mina sahəsi insanların təhlükəsiz həyata qayıdışı və sülhün möhkəmləndirilməsi deməkdir.
İtkin şəxslərin taleyinə aydınlıq gətirilməsi də sülhün humanitar ölçüsünün mühüm hissəsidir. Münaqişədən zərər çəkmiş insanların hüquqlarının qorunması və ailələrin illərdir gözlədiyi cavabların verilməsi ədalət və insan ləyaqəti baxımından xüsusi əhəmiyyət daşıyır”.
Rizvan Nəbiyev Böyük Qayıdış prosesinin də sülhə sərmayənin mühüm praktiki istiqamətlərindən biri olduğunu vurğulayıb:
“Böyük Qayıdış isə sülhə sərmayənin ən mühüm praktiki istiqamətlərindən biridir. Burada məqsəd yalnız evlərin tikilməsi deyil, məktəblər, səhiyyə, infrastruktur, iş yerləri, rəqəmsal xidmətlər və təhlükəsiz yaşayış mühiti ilə insanların doğma torpaqlarında layiqli həyatının təmin edilməsidir.
BMT-nin 2024-cü ildə qəbul etdiyi Gələcək Paktı və Baş Assambleyanın 2027–2036-cı illəri gələcək nəsillər üçün Sülhün Gücləndirilməsi üzrə Beynəlxalq Onillik elan etməsi də bu yanaşmanı tamamlayır: sülh gələcək nəsillərin təhlükəsizliyinə, dialoqa və əməkdaşlığa yönəlmiş uzunmüddətli sərmayə tələb edir. Xüsusilə vurğulamaq istərdim ki, BMT Baş Assambleyasının 2027–2036-cı illəri gələcək nəsillər üçün Sülhün Gücləndirilməsi üzrə Beynəlxalq Onillik barədə Qətnaməsinin həmmüəllif dövlətlərindən biri Azərbaycan Respublikasıdır.
Sülh hər gün qorunan və möhkəmləndirilən dəyərdir”, - deyə deputat fikrini tamamlayıb.




