Məzunlar niyə öz ixtisasları üzrə işləmirlər? – ŞƏRH 

6 Oktyabr, 2026 - 11:16
Məzunlar niyə öz ixtisasları üzrə işləmirlər?

Ali təhsil müəssisəsini bitirən məzunların əmək bazarında öz ixtisasları üzrə fəaliyyət göstərməməsi son illərdə diqqətçəkən məsələlərdən biridir. Bəzi hallarda bu vəziyyət əməkhaqqının gözləntiləri qarşılamaması və uyğun iş yerlərinin məhdudluğu ilə əlaqələndirilir.

Bəs məzunların öz ixtisaslarından uzaqlaşmasının əsas səbəbləri nələrdir və onların təhsil aldıqları sahə üzrə işlə təmin olunması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun doktorantı, insan resursları üzrə mütəxəssis Vəfa Mehdiyeva bildirib ki, məzunların öz ixtisasları üzrə işləməməsini yalnız təhsil sisteminin problemi kimi qiymətləndirmək düzgün olmazdı:“Bu məsələnin arxasında əmək bazarının tələbləri, əməkhaqqı səviyyəsi, ixtisas üzrə iş imkanlarının məhdudluğu, peşə seçiminin düzgün aparılmaması, eləcə də məzunların malik olduğu kompetensiyalarla işəgötürənlərin gözləntiləri arasındakı uyğunsuzluq dayanır.

Beynəlxalq təcrübə də göstərir ki, təhsil ilə əmək bazarı arasındakı uyğunsuzluq bir çox ölkələr üçün aktual çağırışdır. Buna görə əsas məqsəd yalnız gəncin ali təhsil alması və diplom əldə etməsi deyil, təhsil müddətində qazandığı bilik və bacarıqların əmək bazarında real dəyərə çevrilməsidir.
Bu prosesin başlanğıc nöqtələrindən biri düzgün ixtisas seçimidir. Gənclər ixtisas seçərkən yalnız qəbul balını, peşənin populyarlığını və mövcud əməkhaqqı səviyyəsini deyil, öz maraq və potensiallarını, eyni zamanda gələcəyin əmək bazarında hansı peşə və bacarıqlara ehtiyac yaranacağını nəzərə almalıdırlar. Bu baxımdan peşəyönümü işi universitetə qəbul mərhələsində deyil, məktəb illərindən sistemli şəkildə aparılmalıdır.

Digər mühüm məsələ universitetdə əldə edilən nəzəri biliklərlə əmək bazarının real tələbləri arasında mövcud olan fərqdir. Bu gün işəgötürən üçün diplom və nəzəri bilik vacibdir, lakin artıq kifayət etmir. Analitik düşüncə, problem həlletmə, ünsiyyət, komanda işi, xarici dil, rəqəmsal bacarıqlar, çeviklik və dəyişikliklərə uyğunlaşma qabiliyyəti əmək bazarında getdikcə daha böyük əhəmiyyət qazanır”.

Mütəxəssisin sözlərinə görə, müasir əmək bazarında sual artıq yalnız “Hansı ixtisası bitirmisiniz?” deyil: “Daha çox “Hansı kompetensiyalara maliksiniz və əməkdaş kimi bu kompetensiyalarınızla təşkilatın məqsəd və strategiyasına necə dəyər qata bilərsiniz?” sualı ön plana çıxır.
Üstəlik, texnologiyaların, rəqəmsallaşmanın və süni intellektin sürətli inkişafı əmək bazarında tələb olunan bacarıqları davamlı olaraq dəyişir. Deməli, artıq söhbət yalnız nəzəriyyə ilə praktika arasındakı fərqdən deyil, universitet proqramlarının texnoloji dəyişikliklərin sürətinə və əmək bazarının yeni tələblərinə nə dərəcədə çevik uyğunlaşa bilməsindən gedir.

Bu baxımdan universitetlərlə işəgötürənlər arasında əməkdaşlığın daha sistemli və praktik müstəviyə keçirilməsi vacibdir. İşəgötürən yalnız hazır kadr tələb edən tərəf deyil, kadr hazırlığının strateji tərəfdaşı olmalıdır. Təhsil proqramlarının hazırlanması və yenilənməsində işəgötürənlərin iştirakı, tələbələrin real layihələrə cəlb edilməsi, mentorluq və uzunmüddətli təcrübə proqramlarının genişləndirilməsi nəzəri biliklə praktiki bacarıqlar arasındakı fərqin azalmasına kömək edə bilər.

Beynəlxalq təcrübədə məzunların sonrakı karyera yolunun izlənilməsinə də xüsusi əhəmiyyət verilir. Universitet yalnız tələbəni məzun etməklə öz missiyasını başa çatdırmamalıdır. Məzunların nə qədər müddətdə iş tapması, hansı sahələrdə çalışması, ixtisası üzrə məşğulluq səviyyəsi və əmək bazarında hansı əlavə bacarıqlara ehtiyac duyması sistemli şəkildə təhlil edilməlidir. Bu məlumatlar təhsil proqramlarının yenilənməsi üçün mühüm geribildirim mənbəyidir”.

V.Mehdiyeva qeyd edib ki, dövlət səviyyəsində isə əmək bazarının yalnız bugünkü deyil, gələcək tələblərinin proqnozlaşdırılması xüsusi əhəmiyyət daşıyır:

“Gələcəkdə hansı sahələrin inkişaf edəcəyi, hansı peşələrin transformasiyaya uğrayacağı və hansı kompetensiyalara tələbatın artacağı əvvəlcədən təhlil edilməlidir. Bu məlumat həm universitetlərin kadr hazırlığının planlaşdırılmasına, həm də gənclərin daha şüurlu ixtisas seçiminə istiqamət verə bilər.
Azərbaycan üçün bu məsələnin üç paralel istiqamətdə həlli məqsədəuyğun görünür.
Birincisi, düzgün ixtisas seçimidir. Peşəyönümü məktəb dövründən sistemli şəkildə aparılmalı, şagirdlərə yalnız mövcud ixtisaslar deyil, gələcəyin peşələri və əmək bazarının inkişaf istiqamətləri haqqında da məlumat verilməlidir.

İkincisi, əmək bazarına uyğun və çevik ali təhsildir. Təhsil proqramları işəgötürənlərin iştirakı ilə mütəmadi yenilənməli, nəzəri biliklər layihə əsaslı öyrənmə, real iş nümunələri, istehsalat təcrübəsi, rəqəmsal və müxtəlif peşələrdə tətbiq edilə bilən bacarıqlarla tamamlanmalıdır.

Üçüncüsü, məzunların nəticələrinin izlənilməsidir. Universitetlərin məzunlarının harada, hansı sahədə və nə qədər müddətdə işə düzəldiyini göstərən məlumat bazasının formalaşdırılması həm dövlətin məşğulluq siyasəti, universitetlərin proqramlarının təkmilləşdirilməsi, həm də gələcək tələbələrin ixtisas seçimi baxımından əhəmiyyətlidir.

“2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” nda  insan kapitalının inkişafı, işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılması və əmək məhsuldarlığının yüksəldilməsi əsas istiqamətlər sırasında müəyyən edilmişdir. Bu baxımdan universitet, işəgötürən və dövlət arasında əməkdaşlığın vahid və davamlı mexanizm kimi qurulması xüsusi əhəmiyyət daşıyır.
Nəticə etibarilə, əsas məsələ yalnız məzunun diplomunda göstərilən ixtisas üzrə işləyib-işləməməsi deyil. Daha vacib məsələ təhsil müddətində formalaşdırılan insan kapitalının əmək bazarında nə dərəcədə real dəyərə çevrilməsidir.

Bu səbəbdən gələcəyin yanaşması “diplomdan məşğulluğa” deyil, “kompetensiyadan məşğulluğa” keçid üzərində qurulmalıdır. İnsan kapitalına qoyulan investisiyanın real nəticəsi yalnız diplomların sayı ilə deyil, biliyin bacarığa, bacarığın məhsuldarlığa, məhsuldarlığın isə sosial-iqtisadi dəyərə çevrilməsi ilə ölçülməlidir”.