Müəllimə dəstək gələcəyə dəstəkdir
5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Əlamətdar gün müəllimlərin və müəllimlik peşəsinin cəmiyyət həyatında xüsusi rolunu diqqətə çatdırmaq məqsədi daşıyır. Builki tarix daha əlamətdardır - 1966-cı ildə qəbul olunmuş “Müəllimlərin statusu haqqında” beynəlxalq tövsiyə sənədinin 60 illiyi qeyd olunur.
2026-cı il Beynəlxalq Müəllimlər Gününün mövzusu da "Müəllimlərlə birlikdə: peşənin qorunmasının, statusunun artırılmasının və gələcəyimizin formalaşdırılmasının 60 illiyi"nə həsr olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu əlamətdar gün münasibətilə UNESCO-nun Baş direktoru Xalid Əl-Anani, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Gilbert F. Uqbo, UNICEF-in İcraçı direktoru Ketrin Rassel və Beynəlxalq Təhsil Assosiasiyasının Baş katibi Devid Edvards birgə müraciət yayıblar.
Müraciətin əsas mesajı belədir: müəllimə verilən dəyər əslində gələcək nəsillərə verilən dəyərdir.
Hər bir şagird yaxşı müəllimə layiqdir
Müraciətdə qeyd olunur ki, hər bir şagird yaxşı hazırlıqlı, lazımi dəstəyi alan və öz peşəsində uğurla inkişaf etmək üçün imkanlara malik müəllimlə təhsil almaq hüququna sahibdir. Bu hüququn reallaşması cəmiyyətin müəllimləri və müəllimlik peşəsini nə dərəcədə qiymətləndirməsindən asılıdır. Müraciətdə vurğulanır ki, cəmiyyətdə müəllimlərə göstərilən diqqət gələcək nəsillərə verilən dəyərin göstəricisidir. Bu fikir təsadüfi deyil. Çünki məktəbin, təhsilin və bütövlükdə cəmiyyətin gələcəyi, ilk növbədə, müəllimdən başlayır.
60 il əvvəl qəbul edilən sənəd, bu gün də aktualdır
Bildirilir ki, 1966-cı ildə UNESCO və Beynəlxalq Əmək Təşkilatı “Müəllimlərin statusuna dair Tövsiyə” sənədini qəbul edib. Sənəddə müəllimlik ictimai tanınmağa və üzərinə düşən vəzifələri yerinə yetirmək üçün zəruri dəstəyə layiq peşə kimi müəyyənləşdirilib. 60 il keçməsinə baxmayaraq, sənədin əsas məqsədi bu gün də öz aktuallığını qoruyur. Çünki müəllimə dəstək yalnız onun əməyini sözlə qiymətləndirməkdən ibarət deyil. Bu dəstək ilk növbədə müəllimin öz işini səmərəli yerinə yetirməsi üçün lazımi şəraitin yaradılmasını nəzərdə tutur. Bura yüksəkkeyfiyyətli pedaqoji təhsil, fasiləsiz peşəkar inkişaf imkanları, təhlükəsiz və əlverişli əmək şəraiti daxildir. Müəllimə dəstək həm də onun peşəkar fikrinə etimad göstərmək, təhsil siyasətinin hazırlanmasında müəllimlərin təcrübəsini və baxışlarını nəzərə almaq deməkdir.
Dünyanın müəllimə ehtiyacı artır
Qeyd olunur ki, müəllimlik peşəsinin qarşısında duran problemlərin miqyası beynəlxalq rəqəmlərdə də özünü göstərir. Proqnozlara görə, 2030-cu ilədək dünyada daha 50 milyon müəllimə ehtiyac yaranacaq. Onlardan 44 milyonunun ibtidai və orta təhsilin hamı üçün əlçatanlığının təmin edilməsi, 6 milyonunun isə məktəbəqədər təhsil üçün tələb olunacağı gözlənilir. Məsələ yalnız yeni müəllimlərin peşəyə cəlb edilməsindən ibarət deyil. Təcrübəli müəllimlərin peşədə saxlanılması, müəllimlik fəaliyyətinin perspektivli və dayanıqlı karyeraya çevrilməsi də eyni dərəcədə vacibdir. Bu baxımdan qadın müəllimlərin rəhbər vəzifələrə irəli çəkilməsi və onların idarəetmədə daha geniş təmsil olunması da diqqət tələb edən məsələlər sırasında göstərilir.
Təhsildə gender bərabərliyinin təşviqi köklü gender stereotiplərinin, maneələrin və bərabərsizliklərin aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Müəllimə hörmət sözlə deyil, konkret addımlarla göstərilir
Müraciətdə mühüm bir məqama xüsusi diqqət yetirilir: müəllim peşəsinin əhəmiyyətini etiraf etmək kifayət deyil. Bu peşənin nüfuzunun qorunması və yüksəldilməsi konkret tədbirlər tələb edir. Cəmiyyətin müəllimə münasibəti bir çox göstəricidə özünü göstərir: məktəblərə və müəllimlərə ayrılan maliyyə, müəllimlərin əmək şəraiti, peşəkar inkişaf imkanları və ən başlıcası, müəllimin peşəkar qərarlarına göstərilən etimad. Bu məsələdə əsas məsuliyyət hökumətlərin üzərinə düşür. Lakin təhsilin inkişafı yalnız dövlətin işi deyil. Burada işəgötürənlər, müəllim təşkilatları, müəllim hazırlayan ali təhsil müəssisələri, yerli icmalar və beynəlxalq tərəfdaşlar da birgə fəaliyyət göstərməlidirlər.
XXI əsrin müəllimi dəyişən dünyada
2026-cı ilin müəllimi 1966-cı ilin müəllimi ilə eyni dünyada yaşamır. Bu gün müəllim və şagird sürətli texnoloji dəyişikliklərin baş verdiyi bir mühitdədir. Süni intellekt təhsilin imkanlarını və gündəlik tədris prosesini dəyişir. Bununla yanaşı, iqlim dəyişiklikləri, münaqişələr, məcburi köç, sosial bərabərsizliklər və təhsil mühitlərinin getdikcə daha da müxtəlifləşməsi müəllim qarşısında yeni vəzifələr yaradır. Belə bir şəraitdə müəllim artıq yalnız bilik ötürən şəxs deyil.
O, şagirdlərdə tənqidi düşünmə, sosial inteqrasiya, dayanıqlılıq, ömürboyu öyrənmə və məsuliyyətli vətəndaşlıq bacarıqlarının formalaşmasına da töhfə verməlidir. Bu isə müəllimlik peşəsinin özünün də dəyişməsini tələb edir. Təhsil transformasiya etdikcə müəllimlik də transformasiya etməlidir. Lakin burada əsas məsələ müəllimi dəyişikliklərin sadəcə icraçısına çevirmək deyil. Müəllim dəyişikliklərə uyğunlaşmaqla yanaşı, gələcəyin təhsilinin formalaşmasında fəal iştirak edən tərəf olmalıdır.
Müəllimin hüquqları və imkanları genişləndirilməlidir
Müraciətdə vurğulanır ki, artan gözləntilər fonunda müəllimlərin yalnız yeni tələblərə uyğunlaşması kifayət deyil. Onlar təhsilin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində iştirak etmək üçün lazımi hüquq və imkanlara malik olmalıdırlar. Bu baxımdan beynəlxalq əməkdaşlıq və qəbul edilmiş sənədlər mühüm dayaq rolunu oynayır. Sənəddə BMT Baş katibinin Müəllimlik peşəsi üzrə Yüksək Səviyyəli Panelinin 2024-cü il tövsiyələri və UNESCO-nun 2025-ci il Santiyaqo Konsensusu da qeyd olunur. Beləliklə məqsəd müəllimlik peşəsini gücləndirmək və hər bir şagird üçün keyfiyyətli təhsilə çıxışı genişləndirməkdir.
Müəllim–şagird münasibəti təhsilin təməlidir
Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə təhsilin insani tərəfi xüsusi əhəmiyyət qazanır. UNESCO, BƏT, UNICEF və Beynəlxalq Təhsil Assosiasiyası müəllim–şagird münasibətlərini təhsilin möhkəm təməli kimi qiymətləndirir və təhsildə sosiallaşmanın, insanlararası ünsiyyətin əhəmiyyətinin qorunmasının vacibliyini vurğulayır. Bu yanaşma xüsusilə süni intellektin təhsil prosesində rolunun artdığı bir vaxtda diqqət çəkir. Texnologiya bilik əldə etmək imkanlarını genişləndirə bilər. Lakin müəllimin şagirdlə qurduğu canlı münasibət, onun sosial və emosional inkişafına verdiyi dəstək, düşünməyə və öyrənməyə istiqamətləndirməsi təhsilin mahiyyətində qalmaqda davam edir.
“Müəllimə dəstək – gələcəyimizə dəstəkdir”
1966-cı ildə qəbul edilmiş Müəllimlərin statusuna dair Tövsiyənin 60 illiyi müəllimlik peşəsinə münasibəti bir daha nəzərdən keçirmək üçün mühüm fürsətdir. Bu 60 il ərzində dünya dəyişib. Təhsil də dəyişib. Məktəb dəyişib. Şagirdin ehtiyacları və müəllimdən gözləntilər də dəyişib. Amma bir həqiqət dəyişməyib: keyfiyyətli təhsilin mərkəzində müəllim dayanır.
Buna görə də Ümumdünya Müəllimlər Günündə UNESCO, BƏT, UNICEF və Beynəlxalq Təhsil Assosiasiyası hökumətləri və tərəfdaşları müəllimlərə dəstək göstərməyə, bu peşənin statusunun yaxşılaşdırılmasına və harada yaşamasından və işləməsindən asılı olmayaraq hər bir müəllimin daha inklüziv, dinc və dayanıqlı cəmiyyətin qurulmasına töhfə verməsi üçün bütün hüquq və imkanlarla təmin olunmasına çağırır.
Bu çağırışın məqsədi müəllimlik peşəsinin statusunu yaxşılaşdırmaq, hər bir müəllimin hüquq və imkanlarını təmin etmək və onun daha inklüziv, dinc və dayanıqlı cəmiyyətin qurulmasına töhfə verməsi üçün lazımi şəraiti yaratmaqdır. Çünki müəllimə verilən dəstək yalnız bu günün təhsilinə deyil, sabahın cəmiyyətinə qoyulan sərmayədir.
Xatırladaq ki, 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü 1994-cü ildə UNESCO və Birləşmiş Millətlər Təşkilatının Təhsil bölməsi tərəfindən təsis edilib. 1966-cı il oktyabrın 5-də “Müəllimlərin statusu haqqında” beynəlxalq tövsiyə sənədi qəbul olunub. Məhz bu gün sonrakı illərdə Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunmağa başlayıb. Bu, bütün dünyada müəllimlərin iş şəraitini müəyyən edən ilk sənəd idi və cəmiyyətin inkişafına verdiyi mühüm töhfələrə görə dünyanın bütün maarifçilərinə həsr olunur.
Əlamətdar gün münasibətilə bütün müəllimləri təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq.
Əziz müəllimlər, gününüz mübarək!




