Nazir: “Süni intellekt təhsilin müxtəlif mərhələlərində qiymətlədirmə imkanlarını genişləndirir”
“Diskussiya yaradacaq mövzulardan biri də odur ki, süni intellekt Azərbaycan təhsilində, məktəblərində dostumuzdur, yoxsa rəqibimiz və ya sadəcə köməkçimizdir? Biz onun verdiyi qərarları icra edirik, yoxsa süni intellekt bizə kömək edəcək?”
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı səsləndirib.
Nazir bildirib ki, bütün bu sualların cavabı bugünümüz və gələcəyimiz üçün çox vacib mövzulardır: “Süni intellektin tətbiqi təhsilin müxtəlif mərhələlərində qiymətləndirmənin keçirilməsində böyük imkanlar yaradır. Bu mənada ki, artıq istər mətnlərin yoxlanılması, istər şifahi cavabların qiymətləndirilməsi daha asandır. Amma təbii ki, müəyyən imkanlarımız daxilində bu baş verə bilər.
İkinci vacib məsələ təhsil prosesinə nəzarət məsələsidir. Öyrənmə ilə bağlı olan nailiyyətlərin, müəllim fəaliyyətinin ayrı-ayrı komponentlərinin sürətlə ölçülməsi və bir struktura salınması, o cümlədən müəllim fəaliyyəti və şagird nailiyyəti arasında əlaqəni daha yaxşı başa düşmək baxımından düşünürəm ki, süni intellekt olduqca vacib bir imkan yaradacaq”.




