Elmi-tədqiqatlar yeni sistemlə qiymətləndiriləcək

3 Aprel, 2026 - 13:18
Elmi-tədqiqatlar yeni sistemlə qiymətləndiriləcək

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Akademiyanın Rəyasət Heyətində müşavirə keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, müşavirədə İsa Həbibbəyli AMEA-da uzun illər ərzində elmi fəaliyyətin qiymətləndirilməsi plan işlərinin icrası əsasında aparıldığını bildirib. 

Qeyd edib ki, hazırda elmi-tədqiqatlara görə fəaliyyətin qiymətləndirilməsinin müxtəlif indikatorlar və nominasiyalar üzrə bal sistemi əsasında dəyərləndirilməsinə keçid üçün Akademiyada hazırlıq işlərinə başlanıb.

Bu mexanizmin növbəti ildən etibarən tətbiq edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli vurğulayıb ki, alimlərin çoxşaxəli fəaliyyətinin yeni dəyərləndirmə modeli ilə müəyyənləşdirilməsi elmi-tədqiqatların real qiymətləndirilməsinə öz töhfəsini verəcək.

Məsələ barədə geniş fikir mübadiləsi aparılıb, nəzərdə tutulan müvafiq meyarlar dəyərləndirilib.

Müşavirədə alim əməyinin yeni metodlarla qiymətləndirilməsi meyarlarının Rəyasət Heyətinin, institutların Elmi şuralarının iclaslarında və digər növbəti mərhələlərdə də müzakirəyə çıxarılması qərara alınıb.