Əmək və Sosial Münasibətlər Akademiyasında İnnovativ laboratoriya fəaliyyətə başlayıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Təlim Mərkəzində İnnovativ laboratoriya fəaliyyətə başlayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, açılış tədbirində çıxış edən AHİK sədrinin müavini Musa Mirzəyev həmkarlar ittifaqları üzvlərinin bilik və bacarıqlarının artırılması, onların maarifləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb.
Elm və Təhsil Nazirliyinin şöbə müdiri Turxan Süleyman çıxışında laboratoriyanın gənclərin innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, həmçinin startap layihələrinin inkişafına əlavə imkanlar yaradacağını qeyd edib.
Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini icra edən Fərid Babayev ali təhsil müəssisəsində tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən,əmək bazarının tələblərinə uyğun kadr hazırlığından söz açıb.
Tədbir çərçivəsində akademiyanın Təlim Mərkəzinin fəaliyyəti və həyata keçirilən layihələr, ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri barədə məlumat verilib. Vurğulanıb ki, Akademiya Böyük Britaniyanın Əməyin Təhlükəsizliyi və Sağlamlığı İnstitutunda (IOSH) akkreditasiyadan keçib.
Tədbirdə tələbələrin startap layihələri təqdim edilib, həmçinin təlim proqramlarında yüksək nəticə əldə edən iştirakçılara sertifikatlar verilib.
Qeyd edək ki, AƏSMA-nın Təlim Mərkəzində informasiya texnologiyaları sahəsində peşəkar bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə “Cisco” təlimlərinin təşkili də nəzərdə tutulur.



