Əməkhaqqına əlavələr alan müəllimlərin sayı 90 minə yaxınlaşacaq – MÜTDA rəsmisi
“Bu proses tamamlandıqdan sonra ölkə üzrə sertifikatlaşdırma prosesinə cəlb olunmuş müəllimlərin sayı 100 min nəfəri ötəcək. Eyni zamanda, sertifikatlaşdırmanın nəticəsi olaraq əməkhaqqına müvafiq əlavələr alan müəllimlərin sayı da 90 min nəfərə yaxınlaşacaq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında söyləyib.
Şöbə müdiri bildirib ki, sentyabr ayından müəllimlərin müsahibə mərhələsinə start veriləcək və onlar müsahibə mərhələsini uğurla tamamladıqdan sonra sertifikatlaşdırılmış müəllim kimi fəaliyyətlərini davam etdirəcəklər:
“Məlum olduğu kimi, sertifikatlaşdırma prosesi elektron formada həyata keçirilir. Bunun üçün eyni anda qoşulma sayı 10 min nəfərdən 11 min nəfərə çatdırılıb. İmtahan mərkəzlərinin sayı isə 54-ə çatdırılıb və artıq respublikanın müxtəlif şəhər və rayonlarında imtahan mərkəzləri fəaliyyət göstərir. Bu da müəllimlər üçün daha əlverişli imkanların yaradılmasına şərait yaradır”.
N.İsmayılbəylinin sözlərinə görə, prosesin elektron formada təşkilinin digər üstünlüyü ondan ibarətdir ki, müəllimlər imtahan bitdiyi anda öz nəticələri ilə tanış ola bilirlər. Həmçinin imtahandan sonrakı 15 dəqiqə ərzində həm səhv, həm də doğru cavablandırdıqları sualları görə bilirlər.




