Emin Əmrullayev: Azərbaycan təhsilində ən çətin işlə məşğul olanlar müəllimlərdir
"Azərbaycan təhsilində ən çətin işlə məşğul olanlar müəllimlərdir. Onlarla əməkdaşlıq etmək, müəllimlərin ehtiyaclarını anlamaq vacibdir. Çünki sinif otağında uşağa dərs deyən müəllimdir. Bu istiqamətdə daha yaxşı tədris edən, tədrisi daha yaxşı təşkil edən müəllimlərimizin sayının artması təhsilin uzunmüddətdə daha yaxşı olmasını təmin edəcək".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Xəzər TV", Trend və APA informasiya agentliklərinə müsahibəsində deyib.
Nazir bildirib ki, yaxşı müəllimlər yalnız öz fənnini bilən müəllimlər deyil. Yaxşı müəllim həm də əməkdaşlıq edə, yaxşı qiymətləndirə bilən müəllimdir: "Yaxşı qiymətləndirən müəllim yüksək qiymət yazan müəllim deyil. Yaxşı müəllim şagirdlə geri dönüş edib onun boşluqlarını izah edən müəllimdir. Soruşsanız ki, biz nəyi dəyişməliyik, məncə, qiymətləndirmədə əsaslı dəyişikliklərimiz olmalıdır".
Nazirin sözlərinə görə, bu günün bacarıqlarını ölçən sualların hazırlanmasında problemlərimiz var: "Hələ də, məsələn, insanın oxu bacarığını yaxşı ölçən sual yaza bilmirik, yaxud az yazırıq. Məsələn, riyaziyyatdan riyazi təfəkkürü ölçən sual yazmaq daha çətindir, yaxud tarixdən düşüncə tərzini müəyyən edən sual hazırlamaq daha çətindir, nəinki hansısa tarixi hadisənin nə vaxt baş verdiyini soruşmaq. Mənə görə gələcəyin standartları yalnız suallara cavab verməklə bağlı olmayacaq, daha çox hansı sualları soruşmaqla bağlı olacaq".




