Emin Əmrullayev: Müəllimin yükü böyükdür, işi çox önəmlidir
“Metodologiya sinfə qədər eyni şəkildə gətirilməlidir. Hamı çalışmalıdır ki, bunu eyni şəkildə tətbiq etsin. Onda biz yaxşı təhsil sistemi olacağıq. “Yox, mənim öz metodum var, mən özüm...” Bu yanaşma yoxdur”.
“Azərbaycan müəllimi" xəbər verir ki, bunu 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, müəyyən protokollar olmalıdır və hamı həmin protokolları nizamlı şəkildə tətbiq etməlidir. Məktəb direktorunun işi bu protokolu başa düşüb məktəbdə tətbiq etməkdən ibarət olmalıdır:
“Hansısa xüsusi yaradıcılıq göstərib özündən yeni protokol yazmağa ehtiyac yoxdur. Protokol hazırlanırsa, əlbəttə, məktəb direktoru bu prosesdə iştirak edə bilər. Amma hər kəs bir protokol yazanda, hər kəs öz reseptini hazırlayanda, hər kəs hamıya ayrı dərman yazanda sistem yaxşı işləmir. Sistem, belə deyək, təlatümə düşür".
Nazirin fikrincə, ilk növbədə bu ardıcıllıq təmin edilməlidir:
"Təhsil İnstitutu bunları müşahidələr və elmi müzakirələr əsasında həyata keçirir. Siz də məktəb direktorları olaraq bu prosesdə iştirak etməlisiniz. Amma ən azı 90-95 faizlik razılığa gəlməliyik ki, bizim sistemimiz müəyyən ardıcıllıqlarla işləyir və hər kəs öz rolunu başa düşür. Burada hər kəs öz rolunu bilməlidir. Həm inzibati, həm hüquqi, həm də maliyyə baxımından bu məsələlərin həyata keçirilməsinə, yuxarıdan aşağıya doğru tətbiqinə şərait yaratmaq lazımdır.
Regional idarələr yerli səviyyədə başa düşməlidirlər ki, onların əsas vəzifəsi yerlərdə məktəb direktorlarını dəstəkləməkdir. Məktəb direktorunun rolu isə burada müstəsnadır, yəqin ki, ən vacib rollardan biridir. Direktor müəllimi dəstəkləməlidir. Hər şey müəyyən mənada müəllimdən asılıdır. Çünki dərs deyən şəxs müəllimdir. Sonda sadaladığım əvvəlki şəxslərin heç biri dərs demir. Tədrisi təşkil edən və həyata keçirən müəllimdir. Müəllimin bu mənada yükü böyükdür, işi çox önəmlidir. Amma bu, onun peşəsinin xüsusiyyətidir. Biz müəllimi belə dərk etməsək, onu fərqli, hansısa poetik müstəvidə anlamağa başlasaq, düzgün nəticəyə gələ bilmərik. Müəllimi müəyyən mənada “insan mühəndisi” kimi anlamağa başlasaq və ona bütün lazımi alətləri versək, düşünürəm ki, kifayət qədər sürətlə irəli gedə biləcəyik”.




