Emin Əmrullayev: Peşə təhsilindəki gözləntilərlə mövcud reallıq arasında fərq var

30 İyul, 2025 - 10:48
Emin Əmrullayev: Peşə təhsilindəki gözləntilərlə mövcud reallıq arasında fərq var
Emin Əmrullayev: Peşə təhsilindəki gözləntilərlə mövcud reallıq arasında fərq var

“Peşə təhsili Azərbaycan təhsil sistemində vacib yerlərdən birini tutmalıdır, lakin hazırda bu sahədə gözləntilərlə mövcud reallıq arasında fərq var”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Bərpa Olunan Enerji Qurğu və Avadanlıqlarının İstismarı üzrə Mükəmməllik Mərkəzi və emalatxanalarının açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, ümumi göstəricilərə görə, ölkədə il ərzində təxminən 150 min nəfər orta təhsilini başa vurur. Bu məzunların təxminən 60 minə yaxını ali məktəbə qəbul olur. Peşə təhsili alanların sayı isə hazırda təxminən 30 min nəfərdir: 

“Bu rəqəm cari ilin deyil, əvvəlki illərdə də qəbul olan tələbələri əhatə edir. Halbuki orta təhsil səviyyəsini başa vuran 100 mindən artıq insan potensial olaraq peşə təhsili almaq imkanı əldə edə bilər. Bu baxımdan peşə təhsilinin inkişafı həm məşğulluq, həm də iqtisadiyyatın real sektorları üçün vacib resursdur”.

Nazir əlavə edib ki, peşə təhsili deyərkən təkcə ənənəvi texniki məktəblər deyil, həm də subbakalavr səviyyəsində ali peşə təhsili proqramları da nəzərdə tutulur. Bu sahənin inkişaf etdirilməsi üçün ölkədə geniş potensial var. Statistikaya əsasən, əhalinin bir hissəsinin formal peşə və ya ixtisası yoxdur. Bir çox insan ixtisasını qeyri-rəsmi şəkildə, ənənəvi üsullarla və ya praktiki təcrübə yolu ilə əldə edib:

“Bu səbəbdən peşə təhsilinin cəlbediciliyinin artırılması, müasir əmək bazarına uyğunlaşdırılması və daha çevik modellərlə təşkili vacibdir. Beləliklə, həm gənclər, həm də peşə dəyişmək istəyənlər üçün peşə təhsili real bir seçimə çevrilə bilər”.