Emin Əmrullayev: Valideynlərin təhsil səviyyəsi yüksəldikcə şagirdin riyazi savadlılığı artır 

9 Sentyabr, 2026 - 10:39
Emin Əmrullayev: Valideynlərin təhsil səviyyəsi yüksəldikcə şagirdin riyazi savadlılığı artır 

“Valideynlərin təhsil səviyyəsi yüksəldikcə şagirdin riyazi savadlılıq üzrə nəticəsi davamlı olaraq artır”.

“Azərbaycan müəllimi” xəbər verir ki,  bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət Mərkəzi” proqramında deyib.

Onun sözlərinə görə, valideynin təhsili ilə övladın təhsili arasında əlaqə var:

“Biz belə fikirləri söyləyəndə, insanlar bunu fərdi başa düşür. Sual burada fərdlərdən yox, riyazi orta statistik göstəricilərdən gedir. Orta təhsili olmayan valideynlərin övladlarının göstəricisi 391, tam orta təhsilli valideynlərin övladlarının göstəricisi 408, orta ixtisas təhsilli olanların övladlarının göstəricisi 444 , ali təhsilli olanların övladlarının göstəriciləri isə 475-dir. Bunlar arasında təxminən dörd tədris ili qədər fərq gördük. Valideynin savadlılıq səviyyəsi evdə şagirdin birmənalı olaraq dəstəklənməsi deməkdir. Ona görə də cəmiyyətdə ali təhsilli insanların sayının artmasının tərəfdarıyıq”. 

E.Əmrullayev qeyd edib ki, valideynin uşağın təhsili ilə öyrənməsi ilə maraqlanmasına dair də sorğu keçirilib:

“Məsələn, biz sual vermişik ki, valideyn uşaqlarının  öyrənməsi ilə bağlı ondan nələri soruşur. Burada övladının təhsilinə həftədə ən azı bir dəfə vaxt ayıran valideynlər nəzərdə tutulub. 56% uşağın valideyni onun nə öyrəndiyi ilə maraqlanır. Məsələn, nə öyrəndiyi ilə maraqlanan valideynlərin uşaqlarının balı ilə bunu etməyən valideynlərin uşaqları arasındakı fərq 42 bal, yəni iki tədris ilidir. Bu valideyndən çox şey tələb edilmir, sadəcə o uşağından soruşsa ki, bu gün nə öyrənmisən, bu təhsilə müsbət təsir edir. Yəni ən sadə şeylərlə biz çox ciddi dəyişikliklər əldə edə bilərik deyə düşünürük. Yalnız bununla nəsə əldə edə bilərikmi?! Yox. Amma bizim gördüyümüz işlərlə yanaşı, valideynlər də bizə dəstək olarsa, düşünürəm ki, biz irəliyə doğru daha sürətlə gedərik”.