Əsas işimiz cəmiyyətə sağlam şəxsiyyət təqdim etməkdir – Psixoloq
Psixoloq problemi müxtəlif dövrlərdə ümumtəhsil məktəblərində aktual olan mövzu olub. Psixoloq olan məktəblərdə uşaqlara dəstək hansı səviyyədədir? Ümumiyyətlə, uşaqlar öz problemlərini, çətinliklərini psixoloqlarla bölüşürmü? Uşaqlarla söhbət aparılırmı?
"Azərbaycan müəllimi" bununla bağlı Füzuli rayonu Mollaməhərrəmli kənd tam orta məktəbində məktəb psixoloqu vəzifəsində işləyən Rəşad Behbudovla həmsöhbət olub. Rəşad müəllim 2021-ci ildən bu məktəbdə fəaliyyət göstərir.
Məktəbin bütün kollektivi müharibə iştirakçısıdır
O, Füzuli rayonu Böyük Bəhmənli kəndində anadan olub. 2016–2020-ci illərdə Gəncə Dövlət Universitetində “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə ali təhsil alıb. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə olarkən 44 günlük Vətən müharibəsi başlayıb. Döyüşlərdə iştirak edir, göstərdiyi şücaətlərə görə "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Söhbət zamanı bildirir ki, hərbi xidmətdən tərxis olunduqdan 6 ay sonra hazırda fəaliyyət göstərdiyi Füzuli məktəbinə psixoloq təyin edilib.
"Qarabağ bölgəsində böyümüşəm. 2016-cı ilin aprel döyüşlərini şagird olaraq gördüm, 44 günlük müharibədə isə şagirdlərim həmin dövrü yaşadılar. Bura gələndə gördüm ki, əslində, bütün kollektiv müharibə iştirakçısıdır. Bir fərqimiz var - mən ön cəbhədə, onlar isə arxa cəbhədə olublar. Məktəbdə Zəfər tarixi dərsi keçilir. Mən o dərslərin hər birində iştirak edirəm. İstənilən şagirdimizə günün hansı saatında müharibə, Milli Qəhrəmanlar, torpaqlarımızın işğaldan azad olunma tarixləri ilə bağlı sual ünvanlasanız cavabı fikirləşmədən deyəcəklər. Çünki bu onların qanından, canından gələn bir sevgidir".
Bəs, psixoloqsansa niyə gəlib odun sobalarına baxmırsan?
2020-ci il həm pandemiya, həm də Şanlı tariximizin yazıldığı tarixdir. Rəşad müəllimin də tələbə kimi sonuncu ili, yəni ali təhsilinin dördüncü kursu pandemiya dövrünə təsadüf edir və istehsalat təcrübəsi keçmir.
"Fəaliyyətə başladığım məktəbdə, ümumiyyətlə, mən gələnə qədər psixoloq olmamışdı. İşin ən çətin mərhələsi idi deyərdim. Niyə? Çünki bir məktəbdə, şagirdlər arasında doğru psixoloq obrazını yaratmalı idim. İşə başladığım iki ya üç gün idi. İbtidai sinif uşaqlarından biri - üçüncü yaxud dördüncü sinifdə oxuyardı, mənə yaxınlaşaraq sual verdi:
"Siz nə işləyirsiniz?
Cavab verdim ki, psixoloqam. Mənə cavabı bilirsiz nə oldu?
"Bəs psixoloqsansa niyə gəlib odun sobalarına baxmırsan? (təzə gəldiyim vaxtlar otaqların isitmə sistemi odun sobalarından ibarət idi)
Təsəvvür edirsiz, psixoloq anlayışı, ümumiyyətlə, yox idi. Bu çətin mərhələdə mən o obrazı yaratmalı və onlara dəstək olmalı idim. Bu qarşımda duran əsas vəzifə idi".
Həmsöhbətim 4 il müddətində uşaqları müşahidə etdiyini, kiminlə necə davranmaq lazımdır, hansının maraqları nəyədir, hansı daha sakitdir, hansı daha tənbəl, hansı dəcəldir - bunları müəyyən etməyə başladığını deyir. Onlara psixoloq yox, yoldaş, sirdaş olmağı seçdiyini qeyd edir: "Şagirdlərə hər zaman dediyim cümlə var: "Mən də sizin kimi şagirdəm, ancaq böyük şagird və tənəffüsə müəllimlərlə çıxıram. Bütün siniflərdə şagirdlər məni dərd ortağı kimi görür desək, yanılmaram. Bizim xüsusi otağımız yoxdur. Yəni mən onlara müəyyən dərslərdə, yaxud həyətdə danışaraq köməklik edirəm. Bizə dəstək olan müəllimlər var ki, onların da əməyi danılmazdır. Bizə müəyyən qədər vaxt verirlər. Ola bilsin ki, məndən sonra bura yeni təyinatlar olacaq və mən sevə-sevə hər bir şagirdimin xasiyyətini, xarakterini həmin insanlarla bölüşərəm".
Bir daha haqqımda mənfi rəy eşitməyəcəksiniz
Məktəb fərqli xarakterli şagirdlərin bir araya gəldiyi, bərabər tutulduğu təhsil müəssisəsidir. Təbii ki, müxtəlif vərdişləri olan şagirdlər də olur. Rəşad müəllim isə məktəbdə dəcəl, zəif şagirdlərin olduğunu, ancaq pis vərdişləri olan şagird olmadığını bildirir:
"Düşünərsiniz ki, pis vərdişi olmayan deyəndə şişirdilmiş bir şey deyirəm. Qətiyyən. Bəlkə də inanmaq çətindir, amma bu faktdır. Yuxarı siniflərdə bir şagirdim var idi. Müəyyən vaxtlarda onun haqqında bəzi ifadələr eşidirdim. Bunun onun gələcəyinə təsirini düşündüm. Söhbət etməyi qərara aldım. Mənə "bir daha haqqımda mənfi rəy eşitməyəcəksiz dedi", doğrudan da elə oldu. Dərslərində irəliləyiş oldu. Onları anlamaq hər zaman düzgün qərar qəbul etməyə təsir göstərir".
Müsahibim fəaliyyətə başladıqdan sonra məktəbə Türkiyədən psixoloq Hakan Seyhanın həssas qrupa daxil olan uşaqlara dəstək üçün gəldiyini, tədbir keçirməsindən söz açır:
"Bizim məktəb cəbhə bölgəsində yerləşir. Təbii ki, müharibənin izləri də danılmazdır. Hakan bəyin nümayəndəsi olduğu qurumun adı tam yadımda deyil. Yanında azərbaycanlı xanım, psixoloq Nuranə Kazımova da gəlmişdi. Tədbir keçirildi. Uşaqlara sual ünvanlandı: Böyüyəndə hansı sahəyə yönəlmək istəyirsiz? Özüm də orada idim. Gözləmədiyim şəkildə uşaqların yarıdan çoxu psixoloq cavabını verdi. Hakan bəy də təəccüb içərisində idi. Tədbir yekunlaşandan sonra bildirdilər ki, rayon yeri və hansısa kənd məktəbində uşaqlara belə dəstək göstərilməsi böyük nailiyyətdir. Hətta sonradan Türkiyədə zəlzələ olanda ora gedəcək olan psixoloq qrupunun üzvlərindən biri də mən idim. Ancaq müəyyən səbəblərdən bu səfər alınmadı”.
Formal olan sənədlər, fəaliyyət planı uşaqlara nə dərəcədə kömək olur?
R.Behbudov bəzi köklü dəyişikliklərin vacibliyini deyir. Formal xarakter daşıyan fəaliyyət planları ilə məhdudlaşmanın şagirdlərə fayda verməməsindən söz açır:
"Formal olan sənədlər, fəaliyyət planı uşaqlara nə dərəcədə kömək olur? Onların həyatında nə dəyişir? Yaxud davranış və düşüncələri necə istiqamətlənir? Formallıq, monotonluqdan qaçmaq lazımdır. Bəli, sənədlər işlənməlidir. Amma şagirdlərə kömək olacaq şəkildə".
Hər uşağın bir potensialı, daxili dünyası var
Uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün də psixoloq onlara köməyini əsirgəmir. Onlarla könüllü qruplar yaradır. Bu qruplarda onlara milli-mənəvi dəyərlərimiz, milli kinolarımız, xalq və bəstəkar mahnıları barədə məlumatlar verir. Uşaqlara milli kimliyimizi tanıtmağın əhəmiyyətini vurğulayır.
"Tətildən sonra dərslər başlayanda rayonda gözəl bir ənənə - yarışlar başladı. Filmlərdən, ata sözlərindən, milli musiqilərdən, dünyagörüşündən olan suallar yer alan yarış. Bizim şagirdlər həmin yarışlarda rayon üçüncülüyünə qədər gedib çıxmışdılar. Hər uşağın bir potensialı, daxili dünyası var. Nə qədər istəsəniz də ondan kənara çıxa bilməzsiniz. Dərslər başlayanda şagirdlərə nitq inkişafı üçün olan kitablarla davam etdik. Bu gün mənim ixtisasımda təhsil alan şagirdim universitetdə auditoriya qarşısında psixologiya seminarı keçir. Zamanında oxuduğumuz, qarşılıqlı müzakirə etdiyimiz, bəzən fikrini söyləməkdən çəkinən şagirdlərin belə uğurlarını görmək həqiqətən qürurverici andır. Digər bir uşağım alman dili ixtisasında təhsil alır (gülür, uşağım deyirəm, çünki hər zaman onlara müraciət formam belə olub. Məktəbdə, yaxud məktəbdən kənarda hər biri mənim övladımdır. Elə yanaşıram).
Çox uşaq var ki, daxili dünyasını kəşf etməkdə çətinlik çəkir. Məsələn, deyirlər ki, hansı ixtisası seçim? Sevdiyim fənn və ixtisas görəsən eynilik təşkil edirmi?
İstədiyiniz peşəni seçin, seçdiyiniz peşəni sevin
Şagirdlərimə ixtisas yox, peşə seçimini düzgün edin deyirəm. Öz istədiyiniz peşəni seçin, seçdiyiniz peşəni sevin. Bax, onda uğur sizinlə olacaq. Bu, onların dərslərinə də təsir göstərir. İnformatika fənnindən o qədər də yaxşı qiymət almayan bir şagirdimiz vardı. Ona görə yox ki, dərslər zəif keçirilir və s. Xeyr. Sadəcə fənlə maraqlanmırdı desək, doğru olar. Onunla müəyyən söhbətimiz oldu. Bir gün yaxınlaşdı ki, kibertəhlükəsizlik mütəxəssisi üzrə təhsil almaq istəyirəm və olimpiadaya qeydiyyata düşdü. Bəlkə də həmin zamana qədər o şagirdim o fənni sevdiyini bilmirdi. Bax, bizim əsas işimiz bundan ibarət olmalıdır. Cəmiyyətə sağlam şəxsiyyət təqdim etməkdən. Mən kiminsə işinə irad tutmuram, sadəcə formallıqdan qaçaq deyirəm.
Bəzən təkcə şagirdlər arasında körpü olmaq lazım deyil. Müəllim və şagird arasında münasibətlərdə də psixoloqun rolu olmalıdır. Bəzən müəyyən problemlər qaçılmaz olur. Bu zaman fikirlərin düzgün ifadəsi, düzgün istiqamətləndirmə əsasdır. Şagirdlə şagird, müəllimlə şagird, hətta müəllimlə müəllim arasında bağ qurmalıyıq. Hə, onu da deyim ki, məktəblərdə bəzən buillinq hallarına da çox rast gəlinir. Hələ ki bizdə belə hal olmayıb".


