"Əsas məqsəd öyrənmə üçün əlverişli mühitin təmin edilməsidir" – Müəllim

12 Oktyabr, 2026 - 18:54
"Əsas məqsəd öyrənmə üçün əlverişli mühitin təmin edilməsidir"

"Məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı deyil, eyni zamanda davranış mədəniyyətinin, qarşılıqlı hörmətin və məsuliyyət hissinin inkişaf etdiyi bir mühitdir. Bu baxımdan müəllim və şagirdlərin geyiminə dair müəyyən prinsiplərin olması məktəbdə ümumi təşkilati mədəniyyətin formalaşmasının tərkib hissəsi kimi nəzərdən keçirilə bilər".

Bu fikirləri "Azərbaycan müəllimi"nə açıqlamasında Şəmkir rayonu Düyərli kənd 2 nömrəli tam orta məktəbin fizika müəllimi Validə Məmmədova bildirib.

Müəllim bildirib ki, burada əsas məsələ geyim qaydalarının özündən daha çox onların pedaqoji baxımdan necə tətbiq edilməsidir: "Müəyyən edilmiş tələblər məktəb mühitində qarşılıqlı hörmət, etik davranış və məsuliyyət prinsipləri əsasında izah olunmalıdır.

Müəllimin peşəkar nüfuzu, ilk növbədə, onun pedaqoji səriştəsi, şagirdlərlə münasibəti, davranışı və tədris prosesinə yanaşması ilə formalaşır. Xarici görünüş isə bu peşəkar mədəniyyətin elementlərindən biridir.

Hesab edirəm ki, məktəbdə tətbiq olunan istənilən qaydanın əsas məqsədi sağlam, təhlükəsiz və öyrənmə üçün əlverişli mühitin təmin edilməsi olmalıdır. Bu prosesdə maarifləndirməyə, qarşılıqlı anlaşmaya və pedaqoji həssaslığa üstünlük verilməsi vacibdir", – deyə o bildirib.