Əsas məqsədimiz yaradıcı cəmiyyətin formalaşdırılmasıdır - Firudin Qurbanov
“Bu gün ölkəmizin suverenliyinin qorunması və gələcəkdə uğurla inkişaf etməsi birbaşa gənclərdən asılıdır. Siz necə formalaşacaqsınızsa, ölkənin gələcəyi, modernləşməsi və bütün sahələrdə səmərəliliyin artırılması da bundan asılı olacaq. Ona görə də bu gün siz öz üzərinizdə çox ciddi şəkildə çalışmalısınız”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin “10 il birlikdə” adlı yubiley tədbirində səsləndirib.
Nazir müavini bildirib ki, gənclər şəxsi səyləri ilə daim biliklərini artırmağa davam etməlidir:
“Bilik, bacarıq və vərdişlər sistemi sizə kömək edir və bunları siz formal təhsil vasitəsilə əldə edirsiniz. Bu, insan kapitalının formalaşmasının əsas yoludur. Amma eyni zamanda siz şəxsi səylərinizlə də biliklərinizi artırmalısınız. Təkcə oflayn deyil, onlayn formatda da aktiv fəaliyyət göstərilir və siz bu müasir texnologiyalardan istifadə edə bilərsiniz. Eyni zamanda müxtəlif təcrübələr də qazana bilərsiniz və bu təcrübəni əldə etməyin yollarından biri də könüllü fəaliyyətdir. Könüllülər bu prosesdə iştirak etməklə bir çox vacib keyfiyyətlərə yiyələniblər. Çünki gələcəkdə təkcə bilik və fərdi bacarıqlarla yanaşı, komanda mühitində işləmək bacarığınız da olmalıdır”.
Firudin Qurbanov qeyd edib ki, dünyada 1 milyarddan çox könüllü var və bu insanlar çox mühüm bir qrupa aiddirlər:
“Çünki onlar məsuliyyəti dərk edirlər, laqeyd deyillər və eyni zamanda hər biri təşəbbüskardır. Bu keyfiyyətlər son dərəcə vacibdir. Gələcəkdə, çalışın məsuliyyətli olun, laqeyd qalmayın, təşəbbüskar olun. Harada təşəbbüs varsa, orada inkişaf var, orada yaradıcılıq var. Bizim əsas məqsədimiz yaradıcı cəmiyyətin formalaşdırılmasıdır. Harada yaradıcı cəmiyyət varsa, həmin ölkə sürətlə və səmərəli şəkildə inkişaf edəcək”.


