Əsl gözlədiyim xəbər ən sonda gəldi – DP qalibi
Xaricdə təhsil arzusu bəzən bir qəbul məktubundan çox əvvəl – məktəb illərində, dərsliklərdə və ekranlarda dünyanın nüfuzlu universitetlərini görərkən başlayır. Bu arzunu gerçəyə çevirmək isə təkcə yüksək akademik nəticə deyil, illərlə davam edən hazırlıq, ardıcıllıq və uğursuzluqlardan sonra yenidən cəhd etmək iradəsi tələb edir.
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın 2026-cı il qaliblərindən biri olan Rafət Bayramov üçün də bu yol asan olmayıb. 8 universitetindən qəbul alan gəncimiz sonda uzun illər arzusunda olduğu Mançester Universitetini seçib. O, magistratura təhsilini burada kibertəhlükəsizlik istiqamətində davam etdirəcək.
Rafət Bayramov “Azərbaycan müəllimi”nə müsahibəsində xaricdə təhsil almaq arzusundan, Dövlət Proqramına hazırlıq prosesindən və gələcəkdə planlarından danışıb.
“Texnoloji cihazları işlətməkdən çox, necə işlədiyini anlamağa çalışırdım”
Həmsöhbətimiz orta təhsilini Zaqatala şəhər İsmət Qayıbov adına 4 nömrəli tam orta məktəbdə alıb və məktəbi fərqlənmə attestatı ilə başa vurub.
O, 2022-ci ildə ali məktəblərə qəbul imtahanlarında 617 bal toplayaraq Bakı Mühəndislik Universitetinin “Kompüter elmləri” ixtisasına qəbul olunub. Universitetdə təhsil aldığı illərdə akademik hazırlığını beynəlxalq imtahan nəticələri ilə də möhkəmləndirib. SAT imtahanından 1320, IELTS-dən isə 7.5 nəticə əldə edib.
2026-cı ildə Bakı Mühəndislik Universitetindən məzun olan Rafət deyir ki, informasiya texnologiyaları və kompüter sahəsinə marağı əslində daha erkən yaşlarda formalaşıb: “Kiçik yaşlarımdan texnoloji cihazlara marağım var idi. Bu, bir qədər şablon səslənə bilər, amma marağım sadəcə onlardan istifadə etməklə məhdudlaşmırdı. Cihazların necə işlədiyini anlamağa çalışır, tənzimləmələrini dəyişir, verdikləri reaksiyanı müşahidə edirdim.Təbii ki, əksər hallarda onları sıradan çıxarırdım və sonradan mütəxəssis çağırıb bərpa etdirmək lazım gəlirdi”.
İllər keçdikcə uşaqlıq marağının peşəkar istiqamətə çevrildiyini deyən həmsöhbətimiz bakalavr təhsili müddətində xüsusilə kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirməyə başlayıb.
“Bir gün həmin azərbaycanlı gənclərin sırasında ola biləcəyimi düşünürdüm”
Rafət Bayramovun xaricdə təhsil arzusu hələ orta məktəb illərində formalaşıb. Dünyanın nüfuzlu universitetlərində oxuyan azərbaycanlı gənclərin uğurları onun üçün həm nümunə, həm də gələcək hədəfə çevrilib:“Dərsliklərdə, televiziyada və internetdə nüfuzlu ali təhsil müəssisələrində oxuyan azərbaycanlı gəncləri gördükcə bir gün onların sırasında ola biləcəyim düşüncəsi məni daim ruhlandırırdı. Özümü qlobal səviyyədə inkişaf etdirmək, dünyanın qabaqcıl təhsil sistemlərindən birində ən müasir İT biliklərinə yiyələnmək istəyirdim”.
Lakin xaricdə nüfuzlu universitetdə təhsil almaq arzusu ilə yanaşı, bunun yaratdığı maliyyə yükünü də nəzərə almaq lazım idi. Rafətin sözlərinə görə, universitetdən qəbul almaq qədər təhsil xərclərini qarşılayacaq imkan əldə etmək də gənclər üçün bir şansdır.Dövlət Proqramı onun üçün məhz bu iki məqsədi bir araya gətirir:“Dövlət Proqramının gənclərimizin xaricdə yüksək səviyyəli təhsil alaraq sonradan ölkəmizin inkişafına töhfə verməsi mənim düşüncələrimlə tam üst-üstə düşürdü. Həm arzuladığım universitetdə təhsil almaq, həm də əldə etdiyim biliklərlə ölkəmə fayda vermək imkanı mənim üçün əvəzolunmaz hissdir”.
Rafət bildirir ki, uşaqlıqdan vətənpərvər ruhda böyüdüyü üçün gələcək fəaliyyətində ölkəsinə hansı formada fayda verə biləcəyini daim düşünüb. Dövlət Proqramının yaratdığı imkan da onun bu hədəfinə uyğun gəlib.
Müraciət prosesini ailəsindən gizli saxlayıb
Rafət Bayramovun Dövlət Proqramına gedən yolunun maraqlı məqamlarından biri bütün hazırlıq və müraciət prosesini valideynlərindən gizli aparmasıdır.
Onun sözlərinə görə, xaricdə təhsil almaq, xüsusilə də bunu Dövlət Proqramı çərçivəsində reallaşdırmaq ən az onun qədər valideynlərinin də arzusu idi: “Ona görə hazırlıq və müraciət proseslərini bir növ “gizli” davam etdirdim. Heç kimdən yardım almadan bütün prosesi özüm idarə etdim. Məqsədim nəticəni əldə etdikdən sonra valideynlərimə böyük sürpriz etmək idi”.
Rafət ilk mərhələdə xarici universitetlərin və Dövlət Proqramının əsas tələblərindən biri olan beynəlxalq dil sertifikatını əldə edib. Bakalavr təhsilini ingilis dilində alması və anasının xarici dil müəllimi olması bu mərhələdə onun üçün üstünlük yaradıb
Sənədləri ekspertiza mərhələsindən uğurla keçdikdən sonra Dövlət Proqramının müsahibə mərhələsinə dəvət olunub:“Ümumilikdə 8-9 aya yaxın çox həyəcanlı və gərgin bir hazırlıq, müraciət dövrü keçdim.İndi isə qalib olmağın sevinc və qürurunu ailəmlə birlikdə yaşayıram”.
“İllərlə xəyalını qurduğum Mançester Universitetindən müsbət cavab gəldi”
Səkkiz universitetdən qəbul almaq böyük uğur olsa da, Rafət etiraf edir ki, universitetlərdən müsbət cavablar bir-bir gəldikcə onun gözlədiyi əsas xəbər hələ gəlməmişdi:“Digər universitetlərdən qəbul xəbərləri gələndə, əlbəttə, sevinirdim. Amma məni həqiqətən böyük xəyallar qurmağa sövq edən, ən çox cavabını gözlədiyim universitet qərarını sona saxlamışdı.Nəhayət, illərdir xəyalını qurduğum, bu yola başladığım ilk andan orada təhsil almaq düşüncəsinin belə, məni həyəcanlandırdığı Mançester Universitetindən müsbət cavab gəldi”.
Onun Mançester Universitetini seçməsində ali məktəbin beynəlxalq nüfuzu ilə yanaşı, kibertəhlükəsizlik üzrə güclü akademik strukturu və proqramın peşəkar hədəflərinə uyğunluğu əsas rol oynayıb:“Universitetin təhsil alacağım istiqamət üzrə çox güclü akademik strukturu və peşəkar müəllim heyəti var.Proqram daxilində keçəcəyim fənlər gələcək karyera planlarımla tam üst-üstə düşür. Tədris strukturu real əmək bazarının tələblərinə uyğun yenilənir və tələbələrin yalnız nəzəri deyil, praktik baxımdan da peşəkar kimi hazırlanmasına istiqamətlənir”.
Niyə kibertəhlükəsizlik?
Bakalavr təhsilinin ilk illərində informasiya texnologiyalarının müxtəlif istiqamətləri ilə tanış olan Rafət zaman keçdikcə kibertəhlükəsizliyin onun üçün xüsusi maraq kəsb etdiyini deyir.Bu seçimdə əsas amillərdən biri rəqəmsal sistemlərin yaradılması ilə yanaşı, həmin sistemlərin qorunmasının da strateji əhəmiyyət daşıdığını görməsi olub:“Bakalavr təhsilim davam etdikcə anladım ki, rəqəmsal infrastrukturların təhlükəsizliyini təmin etmək ən az onları qurmaq və inkişaf etdirmək qədər önəmlidir. Ölkəmiz sürətlə rəqəmsallaşır və bu rəqəmsal mühitin mühafizəsi ciddi məsuliyyət, eyni zamanda yüksək səviyyəli mütəxəssislər tələb edir”.
Rafət məhz buna görə kibertəhlükəsizlik sahəsində ixtisaslaşaraq Azərbaycanda rəqəmsal sistemlərin qorunmasına töhfə verməyi qarşısına məqsəd qoyub:“Bu sahədə yüksəkixtisaslı mütəxəssis kimi formalaşmaq, ölkəmizin rəqəmsal suverenliyinin və təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəmi vermək istəyirəm”.
Motivasiya keçicidir, intizam və əzmkarlıq isə qalıcıdır
Rafət Bayramov xaricdə təhsil arzusunda olan gənclərə öz təcrübəsindən çıxış edərək deyir ki, uğura aparan yolda yalnız motivasiyaya güvənmək kifayət deyil. Motivasiya keçicidir, intizam və əzmkarlıq isə qalıcıdır.
O, hesab edir ki, insan qarşısına konkret hədəf qoyduqdan sonra qarşılaşdığı uğursuzluqları son nəticə kimi qəbul etməməlidir:“Uğursuzluqdan heç vaxt məyus olmaq lazım deyil. Əksinə, ondan dərs çıxarıb daha güclü şəkildə yenidən cəhd etmək lazımdır. Mən özüm də xaricdə təhsil yolunda iki dəfə uğursuz olmuşam. Amma inamımı itirmədim və üçüncü cəhdimdə məqsədimə çatdım. Üstəlik, bu dəfə əldə etdiyim nəticə əvvəl nail olmağa yaxın olduğum imkanlardan qat-qat daha yaxşı oldu”.




