“Əvvəlcə ali təhsil aldım, sonra peşə təhsilinə gəldim” - Əcnəbi tələbələrin hekayələri

17 Fevral, 2026 - 13:30
“Əvvəlcə ali təhsil aldım, sonra peşə təhsilinə gəldim”

Azərbaycanda peşə təhsili almaq istəyənlərin sayı ildən ilə artır. Təkcə sonuncu - 2025/2026-cı tədris ilində peşə təhsili müəssisələrinə 84 xarici ölkə vətəndaşı qəbul olunub. “Azərbaycan müəllimi”nə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, onların sayı 2024/2025-ci tədris ilində 66, 2023/2024-cü tədris ilində isə 57 nəfər olub. Bu il qəbul olunanlar arasında 3 nəfər Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini seçib. Onların arasında ali təhsilli də var. Pakistan vətəndaşı olan tələbələr deyir ki, burada təhsil üçün də, yaşamaq üçün də şərait olduğunu onlara Azərbaycanda yaşayan qohumları deyib. 

Məhəmməd Samer əvvəlcə ali təhsil aldı, sonra peşə təhsili

Pakistanlı tələbələrin üçü də Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Kompüter təmiri və xidmət üzrə texnik” ixtisasına yiyələnir. Müəssisədə bu ixtisas üzrə 1 illik 2 qrup təşkil edilib. Məhəmməd Samer və Adnan Məhəmməd bir qrupda, Arman Haydar ayrı qrupda oxuyurlar.

Məhəmməd Samer artıq 5 ildir ki, Azərbaycandadır. 23 yaşlı gənc əvvəlcə Bakıda ali təhsil alıb: “Odlar Yurdu Universitetində “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil aldım. Sonra peşə təhsili almağa qərar verdim”.

Məhəmməd Samer ixtisasını bu dəfə işin peşəkarlarından tətbiq edərək öyrənmək istəyir: “Universitetdə bu cür təcrübələr yoxdur, amma peşə təhsilində hər şeyi təcrübədən keçirərək öyrənirəm”.

Onun fikrincə, universitetdən sonra oxumaq işini asanlaşdırıb: “Universitetdə kitabdan oxumuşam, nəzəriyyəsini bilirəm, indi burada tətbiqini öyrənirəm. Kompüterdə nə var, nə yox, hamısını bilirəm”.

O, sadəcə ixtisasının nəzəriyyəsini deyil, Azərbaycan dilini də universitetdə öyrənib: “Azərbaycan dilini bir az öyrəndim. İndi Azərbaycanca yaza da bilirəm, oxuyuram da”.

Hələlik işləmir, amma burada iş də tapacağına inanır: “Peşə təhsili aldıqdan sonra iş tapmaq da asanlaşır. Təhsilimi tamamladıqdan sonra burada işləməyi planlaşdırıram”.

Bakıya təhsil almaq üçün gələn Məhəmməd Samerin başqa planları da var: “4 dayım var, dördünün də həyat yoldaşı azərbaycanlıdır. Mən də burada evlənəcəyəm”.

Burada təhsil üçün yaxşı şərait olduğu barədə ona yaxını məlumat verib, indi o da öz dostlarına tövsiyə edir: “Dayım Azərbaycanda yaşayır. Mən də onun yanında qalıram. Ata-anam Pakistanda işləyirlər. Azərbaycana oxumaq üçün gəlmişəm. Çoxlu dostlarım var. Onlara demişəm ki, ölkə də, hava da, yeməklər də çox yaxşıdır”.

Adnan Azərbaycanda peşə təhsili aldıqdan sonra Pakistanda da rahat iş tapacağına inanır

Məhəmməd Samerin bu təbliğatı artıq nəticə verib. Azərbaycanda təhsil almağa cəlb etdikləri arasında hazırda onunla eyni peşə təhsili qrupunda oxuyan bir nəfər var - qrup yoldaşı, həmvətəni və yaxın qohumu Adnan Məhəmməd. Adnan 30 yaşındadır.

Azərbaycana məhz Məhəmməd Samerin təklifi ilə, özü də, sadəcə təhsil almağa gəlib: “Xalam oğlu 16 ildir burada yaşayır, ondan da burada vəziyyətin yaxşı olduğunu öyrəndim. Dedi ölkə də yaxşıdır, təhsil də”. 

Təhsil almaq üçün Azərbaycan dilini öyrənməkdən başlayıb. O da bir ilini Azərbaycan dilini öyrənməyə həsr edib: “2 ildir buradayam. Əvvəlcə Azərbaycan dilini öyrəndim. İndi peşə təhsili alıram. Burada təhsilimi tamamladıqdan sonra öz ölkəmə qayıdacağam”.

Amma Bakıda qalmaq ehtimalını da istisna etmir: “Peşə təhsili alanlar arasında təcrübə keçdiyi müəssisələrdən iş təklifi alanlar çox olub. Belə bir təklif alsam, mütləq dəyərləndirəcəyəm. Pakistanda da indi daha rahat iş tapacağımı düşünürəm. Bir sözlə, bu diplomla harada yaxşı olsa, orada işləyəcəyəm”.

Qrup hazırda “Uğur IT Academy”də təlimlərə qatılır. Həftənin 2 günü təlimdə olduqlarını deyən Adnanın sözlərinə görə, onlara aprel ayından tamamilə təcrübə sahəsində olacaqları bildirilib: “Bizə məlumat verilib ki, aprel ayından həftənin 5 günü “Uğur IT Academy”də olacağıq. İndiyədək ən çox peşə təhsil mərkəzində öyrənmişik. Ümid edirəm, təlim keçdiyimiz müəssisədə də öyrənə biləcəyəm”.

“Tədrisi əyani şəkildə, göstərərək, tətbiq edərək aparırıq”

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Kompüterlərin təmiri və xidmət üzrə texnik” ixtisası üzrə hazırlıq həyata keçirilən qrupda  İstehsalat təlimi ustası Elvira Behbudova əcnəbilərlə işin bütün qrup üçün üstünlük qazandırdığını düşünür. O, peşə təhsili müəssisəsində 11 illik iş təcrübəsi olsa da, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bu tədris ilindən çalışır: “Biz burada, sözün əsl mənasında, peşəkarlar yetişdirməyə çalışırıq. Çünki bütün şirkətlər təcrübə istəyir, işini bilən kadrlar axtarırlar. Ona görə də tədrisi, demək olar ki, əyanı şəkildə, göstərərək, tətbiq edərək aparırıq. Bu cür öyrənmə məzunlarımızın iş tapmasını rahatlaşdırır”.

Onun sözlərinə görə, 16 nəfərdən ibarət bu qrupda artıq 7-8 nəfər var ki, əmək bazarında rahatlıqla iş tapacaq.

Pakistanlı gənc Azərbaycanda aldığı peşə təhsilinin onun gələcək karyerası üçün faydalı olacağını düşünür

17 yaşlı Arman Haydar qohumu olan digər iki pakistanlı tələbə kimi eyni - “Kompüter təmiri və xidmət üzrə texnik” ixtisası üzrə fərqli qrupda təhsil alır. O da tövsiyə ilə buradadır. Bakıdakı ikinci ilində artıq bir peşə sahibi olub. Pakistanlı gənc Azərbaycanda aldığı peşə təhsilinin onun gələcək karyerası üçün faydalı olacağını düşünür: “Burada peşə təhsili aldıqdan sonra Pakistana qayıdacağam. Aldığım təhsil çox əhəmiyyətlidir. Biz burada həm oxuyaraq, həm də tətbiq edərək öyrənirik. Kompüter üzrə mütəxəssislərə dünyanın hər yerində ehtiyac var. Bizim ölkəmizdə də bu işi bilənlər o qədər çox deyil və məncə, gedən kimi iş tapacağam”.

Arman Haydar qrup yoldaşları ilə qısa müddətdə qaynayıb-qarışıb. O, daim Azərbaycanca danışmalı olur. Sadəcə qrup yoldaşları ilə də deyil: “Ötən il Azərbaycan dilini öyrəndim. Bunun üçün Rəssamlıq Akademiyasında hazırlıq kurslarına qatıldım. Ancaq kurslardan çox insanlarla danışaraq öyrəndim. Mən dayımla yaşayıram. O, azərbaycanlı ilə evlənib. Odur ki, mənimlə evdə də Azərbaycanca danışan və dil biliyimi inkişaf etdirməyə kömək edənlər var. Burada ancaq pakistanlılarla, qohumlarımla öz dilimizdə danışıram. Qalan vaxt ancaq Azərbaycanca danışıram ki, bu da dili sürətlə öyrənməyimə kömək edir”.

Əcnəbi tələbələrlə bir-birilərini yaxşı başa düşürlər

Qrupun istehsalat təlimi ustası Ellada Rəhimova “Azərbaycan müəllimi”nə deyib ki, Armanın oxuduğu qrupda 17 nəfər təhsil alır. Fəaliyyət göstərdiyi 21 il ərzidə ilk dəfə əcnəbi tələbəsi olduğunu deyən istehsalat təlimi ustasının sözlərinə görə, tələbələri ilə bir-birilərini yaxşı başa düşürlər: “İndiyədək Gürcüstan vətəndaşları olan tələbələrimiz olub. Ancaq onlar azərbaycanlı olduğundan dil çətinliyimiz olmayıb. Bu qrupda pakistanlının olması əvvəlcə gözümü qorxutdu, necə anlayacağam, necə başa salacağam deyə narahat oldum. Amma sonradan gördüm ki, dilimizdə ilkin bilikləri var, Azərbaycan dilində müəyyən baza biliyinə sahibdir. Dil səviyyəsi getdikcə artdı və artıq biri-birimizi anlayırıq”.

Bu qrupda da asanlıqla iş tapacaq kadrlar yetişir: “Adətən məzunlarımız qısa müddətdə iş tapırlar. Bu qrupda əmək bazarında dərhal iş tapacaq tələbələrimiz var. Hətta tələbələrimizdən 4 nəfər robot hazırlayıb. Mərkəzdə başqa layihələrə də fəal şəkildə qoşulurlar”.

Təhsil aldıqları müəssisədə öz bayraqlarını da görmək istəyiblər

Mərkəzin direktoru səlahiyyətlərini icra edən müavini Səbinə Hacıyevanın sözlərinə görə pakistanlı tələbələr artıq hamı ilə qaynayıb-qarışıblar. Bunu sürətləndirmək üçün müəssisə də əlindən gələni edib:  
“Xarici ölkə vətəndaşlarının təhsili üçün müəssisədə hər cür şərait var. Peşə təhsili müəssisələrində tədris rus və Azərbaycan dillərində təşkil edilir. Tələbə uyğun olaraq ixtisasların rus dilində təşkili üçün proqnozlar verilir. Təbii ki, müraciət olarsa, istənilən ixtisas üzrə rus dilində tədrisi təşkil edirik. Hazırda müəssisəmizdə həm rus, həm də Azərbaycan dillərində tədris aparılan qruplarımız var. Qeyd edim ki, rus dilində tədrisin təşkili üçün tələbat hər zaman çox olur”.