“Eynək gözləri tənbəlləşdirir? - Oftalmoloq aydınlıq gətirdi
Uzun müddət telefon, planşet və kompüterdən istifadə, eləcə də digər amillər məktəbyaşlı uşaqlarda görmə ilə bağlı problemlərin yaranmasına və eynək istifadəsinin daha geniş yayılmasına səbəb olur. Lakin uşaqlar arasında görmə problemlərinin artması valideynləri göz sağlamlığı ilə bağlı bir sıra suallarla da üz-üzə qoyur.
Eyni zamanda eynək taxan uşaqlarla bağlı valideynlər arasında müxtəlif yanlış təsəvvürlər də mövcuddur. “Eynək taxmağa başlayan uşağın gözləri eynəyə öyrəşir və sonradan eynəksiz görə bilmir” fikri də bunlardan biridir. Bəs bu yanaşma nə dərəcədə doğrudur və uşağa eynək seçərkən hansı məqamlara diqqət edilməlidir?
“Azərbaycan müəllimi” mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının baş laborantı, həkim-oftalmoloq Gülnar Əliyeva ilə həmsöhbət olub.
“Eynək taxmaq görməni azaltmır”
Mütəxəssis “Eynək taxmağa başlayan uşağın gözləri eynəyə öyrəşir və sonradan eynəksiz görə bilmir” fikrinin doğru olmadığını bildirib. Onun sözlərinə görə, uşağa eynək təyin olunursa, bu, artıq görmə qabiliyyətində refraksion qüsurun olduğunu göstərir:
“Əgər uşaq eynək taxmağa başlayırsa, deməli, yaxşı görmür. Eynəyi uşağın daha yaxşı görməsi və eyni zamanda ambliopiyanın (göz tənbəlliyinin) qarşısının alınması üçün istifadə edirik. Eynək taxmaq görməni azaltmır. Lakin valideynlər bilməlidirlər ki, eynəyi çıxardığımız zaman övladları əvvəlki kimi yaxşı görə bilməyəcək. Bu, eynəyin yaratdığı fəsad deyil, uşaqda mövcud olan refraksion qüsurun nəticəsidir. Düşünürəm ki, bu mövzuda valideynləri maarifləndirmək, onlara düzgün məlumat vermək önəmlidir”.
Eynək seçərkən nələrə diqqət edilməlidir?
Oftalmoloq uşaqlar üçün eynək seçərkən onun ölçüsünün düzgün müəyyənləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, reseptdə göstəricilərin düzgün yazılması ilə yanaşı, eynəyin uşağın üzünə uyğun seçilməsi də vacibdir:
“Eynəyin düzgün ölçüdə seçilməsinə mütləq diqqət edilməlidir. Eynək ölçüləri nə qədər düzgün yazılsa da, düzgün seçilməyən eynək görməyə və göz sağlamlığına mənfi təsir göstərə bilər. Eynək seçərkən ilk növbədə çərçivənin ölçüsünə, gicgah nahiyəsini sıxmamasına, burun üzərində tam dayanmasına diqqət edilməlidir. Həmçinin şüşələrin reseptdə göstərilən göstəricilərlə eyni olması və keyfiyyətli şüşələrdən istifadə olunması vacibdir”.
“Blue-block” linzalarla bağlı xəbərdarlıq
G.Əliyeva son dövrlərdə uşaqların eynəklərində “blue-block” linzalardan istifadənin geniş yayılmasını mənfi tendensiya kimi qiymətləndirib.
“Son zamanlarda oftalmoloq kimi rastlaşdığımız ən mənfi məqamlardan biri məktəbyaşlı, hətta daha kiçik uşaqların eynəklərində “blue-block” linzalardan istifadə olunmasıdır. Bu isə yolverilməzdir. Çünki bu linzalar normal görünən mavi spektrin də bir hissəsini azaldır, eyni zamanda rənglərin təbii görünüşünü müəyyən qədər dəyişir”, – deyə mütəxəssis diqqətə çatdırıb.
Eynəkdən istifadə qaydasına həkim qərar verir
Həkim-oftalmoloq qeyd edib ki, eynəyin yalnız düzgün seçilməsi deyil, ondan necə istifadə olunması da vacibdir. Onun sözlərinə görə, eynəyin hansı müddətdə və hansı hallarda taxılmalı olduğu uşağın görmə probleminin xüsusiyyətindən asılıdır:
“Uşağa eynək təyin edərkən həkim onun eynəkdən necə istifadə etməli olduğunu da müəyyənləşdirir və bunu reseptdə qeyd edir. Fərqli görmə problemlərində fərqli yanaşma tətbiq olunur. Uşaqlar və valideynlər bu təyinata mütləq riayət etməlidirlər.




