Firudin Qurbanov Azərbaycan və Türkmənistanın Hökumətlərarası Komissiyasının iclasında iştirak edib
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Aşqabad şəhərində keçirilən Azərbaycan və Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak edib. İclas çərçivəsində Azərbaycan və Türkmənistan arasında ticarət-iqtisadi, enerji, nəqliyyat və rabitə, kənd təsərrüfatı, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın mövcud vəziyyəti, eləcə də inkişaf perspektivləri müzakirə olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, nazir müavini çıxışında Azərbaycan ilə Türkmənistan arasında elm və təhsil sahəsində mövcud əməkdaşlıq və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər barədə məlumat verib. Xüsusilə rəqəmsal, süni intellekt, STEAM, ümumi və ali təhsil sahələrində birgə layihələrin həyata keçirilməsi, tələbə və elmi-akademik heyətin mübadiləsi, beynəlxalq olimpiada və digər tədbirlərdə qarşılıqlı iştirakın genişləndirilməsi, eləcə də birgə elmi-tədqiqatların aparılması kimi bir sıra məsələlərə toxunub. Nazir müavini həmçinin elm və təhsil sahəsində səmərəli əməkdaşlıq üçün institusional əsas yaradan Azərbaycan–Türkmənistan İşçi Qrupunun fəaliyyətinə dair təkliflər irəli sürüb.
Yekunda komissiyanın həmsədrləri tərəfindən iclasın nəticələrinə dair protokol imzalanıb.




