Firudin Qurbanov: Əsas trend odur ki, məzun işaxtaran yox, iş yaradan olsun

3 Mart, 2026 - 11:29
Firudin Qurbanov: Əsas trend odur ki, məzun işaxtaran yox, iş yaradan olsun

“Bugünkü dünyada əsas məqsəd, əsas trend budur: məzun iş axtarmamalıdır. Məzun iş yeri açmalıdır. Bax, bu gün siz ayrı-ayrı layihələrinizi təqdim edirsiniz. Bu layihələr innovativdir. Düzdür, çox gözəl ideyalar var, amma onları innovasiya səviyyəsinə çatdıra bilmək üçün gərək hazır məhsula çevirə biləsiniz. Hətta sizin ideyalarınız hazır məhsul formasında olsa belə, o da hələ innovasiya deyil. O zaman innovasiya olur ki, həmin məhsul səmərə gətirir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin rəsmi açılış mərasimində səsləndirib.

Nazir müavinin sözlərinə görə, inkişaf etmiş ölkələr məhz innovasiya cəmiyyətini yaradaraq, yaradıcı cəmiyyət formalaşdıraraq belə yüksək nəticələr əldə edir: “Gələcək kompüter əsrində təhsil, bilik, bacarıq və vərdişlər üstünlük təşkil edəcək. Burada çox vacib məsələ yaradıcı təfəkkürdür, kompüter təfəkkürüdür, komanda ilə işləmək, böhran vəziyyətində işləmək bacarığı və düzgün qərar vermək qabiliyyətidir. Hər biriniz gələcəkdə yaxşı işlə məşğul olmaq, sabah məzun olduqdan sonra işlə təmin olunmaq istəyirsiniz. Bu gün əsas trend odur ki, məzun işaxtaran yox, iş yaradan olsun”.