Fransada rekord istilərə görə minlərlə məktəb bağlanıb
Fransada müşahidə olunan rekord istilər təhsil sistemində ciddi problemlər yaradıb.
"Azərbaycan müəllimi" Fransa KİV-nə istinadən xəbər verir ki, ölkənin bir çox bölgəsində havanın temperaturu 40 dərəcəyə çatdığı üçün minlərlə məktəb fəaliyyətini məhdudlaşdırmağa və ya tamamilə dayandırmağa məcbur olub.
İstilik dalğası səbəbindən ölkədə 3 500 məktəb tamamilə bağlanıb, 10 min məktəbdə isə dərs saatları azaldılıb. Daha əvvəl isə yalnız bir gündə 845 təhsil müəssisəsinin fəaliyyətini dayandırdığı açıqlanmışdı.
İyunun 25-də 13 500-dən çox məktəb və təhsil müəssisəsi iş rejimini dəyişmək məcburiyyətində qalıb. Bu, Fransadakı bütün təhsil müəssisələrinin təxminən dörddə birinə bərabərdir.
Fransanın əksər məktəb binaları ekstremal isti hava şəraitinə uyğun layihələndirilməyib. Məktəblərin böyük hissəsində kondisioner sistemi yoxdur, binaların istilik izolyasiyası zəifdir. Bəzi uşaq bağçaları və ibtidai məktəblərdə müəllimlər uşaqları sərinlətmək üçün pərdələri bağlı saxlayırlar.
Buna baxmayaraq, Fransa hökuməti milli imtahanların təxirə salınmayacağını açıqlayıb. Təxminən 850 min şagirdin iştirak etdiyi "brevet" imtahanları səhər saatlarında keçiriləcək, siniflərdə şagird sayı azaldılacaq, iştirakçılara su veriləcək və ehtiyac yarandıqda fasilələrə icazə veriləcək.
İsti hava dalğası ali məktəbə qəbul üçün mühüm əhəmiyyət daşıyan şifahi imtahanlara da təsir edib. Bəzi şagirdlər və imtahan nəzarətçilərinin özlərini pis hiss etdiyi, hətta tibb işçilərinin müdaxiləsinə ehtiyac yarandığı bildirilir.
Valideynlər isə hökumətin məktəblər üçün aydın fəaliyyət planı hazırlamamasından narazıdırlar. Bir çox ailə uşaqları üçün iş qrafiklərini dəyişməli və ya əlavə tədbirlər görməli olub.
Müəllimlərin həmkarlar ittifaqları hökumətdən məktəb binalarının yenidən qurulmasını və imtahan təqviminin iqlim dəyişikliklərinə uyğunlaşdırılmasını da tələb edirlər.




