Fuad Hacıyev: ADA komandasının uğuru sistemli hazırlığın və komanda ruhunun nəticəsidir - MÜSAHİBƏ

2 Fevral, 2026 - 14:50
Fuad Hacıyev: ADA komandasının uğuru sistemli hazırlığın və komanda ruhunun nəticəsidir

ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin tələbələri ötən il dekabrın 15-17-də Sankt-Peterburq, Novosibirsk, Almatı və Tbilisi şəhərlərində eyni vaxtda keçirilən 50-ci Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) yarımfinal mərhələsində yüksək nəticə göstəriblər.

Universitetin komandalarından biri 9 ölkədən 324 universitet komandasının mübarizə apardığı müsabiqədə 2026-cı ilin noyabr ayında Dubayda keçiriləcək ICPC Dünya Finalında ölkəmizi təmsil etmək kimi nüfuzlu hüquq qazanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, komandanın mentoru baş müəllim Fuad Hacıyev AZƏRTAC-a müsahibəsində müsabiqəyə hazırlıq prosesi və əldə olunan nəticələrdən, qarşıdakı hədəflərdən danışıb.

- ADA Universiteti komandasının ICPC yarımfinal mərhələsində qazandığı bu uğurun əsas səbəbləri nədən ibarətdir?

- ADA Universiteti komandasının bu mərhələdə əldə etdiyi uğurun əsas səbəblərindən biri sistemli və uzunmüddətli hazırlıq prosesidir. Komanda üzvləri alqoritmik düşünmə, məlumat strukturları və optimallaşdırma kimi əsas mövzuları dərin səviyyədə mənimsəmişdir. Bundan əlavə, universitet daxilində formalaşmış rəqabətli akademik mühit və müntəzəm məşq sessiyaları tələbələrin inkişafına ciddi töhfə verib. Təcrübəli mentorların rəhbərliyi altında real yarışlara yaxın simulyasiyaların keçirilməsi komandanın stresə davamlılığını artırıb. Digər mühüm amil isə komanda üzvləri arasında qarşılıqlı etimad və effektiv ünsiyyətdir ki, bu da vaxtın düzgün bölüşdürülməsinə və sürətli qərarverməyə imkan yaradıb.

- 9 ölkədən 324 universitet komandasının iştirak etdiyi müsabiqədə tələbələrin bu səviyyədə çıxış etməsini necə dəyərləndirirsiniz?

- Bu cür mötəbər bir yarışmada ADA Universiteti tələbələrinin yüksək səviyyədə çıxış etməsi olduqca qürurverici və əhəmiyyətli göstəricidir. Bu nəticə tələbələrin yalnız yerli deyil, beynəlxalq səviyyədə də rəqabət apara biləcək bilik və bacarıqlara malik olduğunu sübut edir. Belə bir mühitdə uğur qazanmaq analitik düşüncə, sürətli problem həlli və psixoloji dayanıqlıq tələb edir. ADA komandasının bu tələblərə cavab verməsi Azərbaycan ali təhsilində, xüsusilə də ADA Universitetində proqramlaşdırma sahəsinin düzgün istiqamətdə inkişaf etdiyini göstərir. Bu çıxış həm də gənc tələbələr üçün motivasiya mənbəyi rolunu oynayır.

- Komandanın hazırlıq prosesi və yarış strategiyası haqqında nə deyə bilərsiniz?

- Komandanın hazırlıq prosesi mərhələli və planlı şəkildə aparılıb. İlk mərhələdə fundamental alqoritmlər və klassik ICPC tipli məsələlər üzərində intensiv iş görülüb. Daha sonra isə vaxt məhdudiyyəti olan sınaq yarışları vasitəsilə real yarış şəraiti simulyasiya edilib. Yarış strategiyası əsasən məsələlərin çətinlik dərəcəsinə görə düzgün prioritetləşdirilməsinə əsaslanıb. Komandada hər bir üzvün güclü olduğu sahə əvvəlcədən müəyyənləşdirilib və yarış zamanı bu bölgü effektiv tətbiq edilib. Eyni zamanda, səhvlərin minimuma endirilməsi üçün kodun yoxlanılması və test edilməsinə xüsusi diqqət yetirilib ki, bu da ümumi nəticəyə müsbət təsir göstərib.

- Bu nəticənin əldə olunmasında komanda üzvlərinin fərdi bacarıqları və komanda işi hansı rol oynadı?

- Əldə olunan nəticədə həm fərdi bacarıqlar, həm də komanda işi həlledici rol oynayıb. Hər bir komanda üzvü müəyyən alqoritmik sahələrdə ixtisaslaşaraq ümumi yükü paylaşdırıb. Bu, məsələlərin daha sürətli və effektiv həllinə şərait yaradıb. Fərdi güclərlə yanaşı, komanda daxilində açıq ünsiyyət və qarşılıqlı dəstək də vacib faktor olub. Yarış zamanı ortaya çıxan çətin anlarda birgə müzakirələr və alternativ yanaşmalar düzgün qərarların verilməsinə kömək edib. Komanda işi sayəsində vaxtın optimal idarə olunması və stresin azaldılması mümkün olub ki, bu da yekun nəticədə öz əksini tapıb.

- ICPC Dünya Finalına vəsiqə qazanmaq ADA Universiteti və ümumilikdə Azərbaycan üçün nə ifadə edir?

- Bu, ADA Universiteti üçün beynəlxalq akademik nüfuzun daha da möhkəmlənməsi deməkdir. Bu uğur universitetin proqramlaşdırma və mühəndislik sahəsində tətbiq etdiyi tədris modelinin effektivliyini göstərir. Ümumilikdə Azərbaycan üçün isə bu nəticə ölkənin gənc intellektual potensialının qlobal səviyyədə tanınması baxımından böyük əhəmiyyət daşıyır. Bu, beynəlxalq arenada Azərbaycan təhsilinin rəqabət qabiliyyətli olduğunu sübut edir. Eyni zamanda, bu cür nailiyyətlər gələcəkdə texnologiya və innovasiya sahələrinə marağın artmasına, eləcə də ölkənin rəqəmsal inkişaf strategiyalarına müsbət təsir göstərə bilər.

- Dubayda keçiriləcək ICPC Dünya Finalına hazırlıq hansı istiqamətlərdə aparılacaq?

- Hazırlıq daha intensiv və məqsədyönlü şəkildə aparılacaq. Əsas diqqət çətinlik səviyyəsi yüksək olan alqoritmik məsələlərin həllinə və optimallaşdırma bacarıqlarının inkişafına yönəldiləcək. Komanda üzvləri əvvəlki Dünya finallarında verilmiş tapşırıqlar üzərində işləyərək yarışın formatına daha yaxşı uyğunlaşacaq. Bundan əlavə, vaxtın idarə olunması və stresə davamlılıq üzərində psixoloji hazırlıq da gücləndiriləcək. Beynəlxalq səviyyəli məşq platformalarında iştirak və güclü komandalarla birgə sınaq yarışları planlaşdırılır. Bütün bu istiqamətlər komandanın maksimum potensialını ortaya qoymağa xidmət edəcək.

- Bu uğurun gələcəkdə ADA Universitetində proqramlaşdırma və mühəndislik təhsilinə təsiri necə olacaq?

- Müsbət təsir göstərəcək. İlk növbədə, tələbələr arasında bu sahələrə maraq daha da artacaq və daha çox gənc alqoritmik proqramlaşdırmaya yönələcək. Universitet daxilində əlavə təlim proqramlarının, yarış klublarının və mentorluq sistemlərinin inkişafı üçün stimul yaranacaq. Eyni zamanda, bu nəticə beynəlxalq əməkdaşlıqların genişlənməsinə və xarici universitetlərlə birgə layihələrin həyata keçirilməsinə şərait yarada bilər. Akademik proqramların praktiki yönümdə təkmilləşdirilməsi də gözlənilir ki, bu da məzunların əmək bazarında rəqabət qabiliyyətini artıracaq.

- Beynəlxalq proqramlaşdırma müsabiqələrində iştirak etmək istəyən tələbələrə mentor kimi hansı tövsiyələri verərdiniz?

- Bu tələbələrə ilk tövsiyəm odur ki, səbirli olsunlar. Bu sahədə uğur qazanmaq üçün gündəlik məşq və davamlı öyrənmə vacibdir. Alqoritmlərin yalnız nəzəri tərəfini deyil, praktiki tətbiqini də dərindən mənimsəmək lazımdır. Komanda yarışları üçün ünsiyyət bacarıqları və komanda daxilində rol bölgüsü üzərində işləmək önəmlidir. Bundan əlavə, əvvəlki illərin ICPC məsələlərini mütəmadi həll etmək və vaxt məhdudiyyəti ilə çalışmaq tövsiyə olunur. Ən əsası isə uğursuzluqlardan çəkinməmək və onları öyrənmə fürsəti kimi dəyərləndirməkdir.