Füzuli məktəbi 32 ildən sonra RFM-in yarımfinalında 

14 Aprel, 2026 - 12:16
Füzuli məktəbi 32 ildən sonra RFM-in yarımfinalında 

32 il sonra Füzuli rayon Qarabağ kənd tam orta məktəbinin şagirdi də Respublika Fənn Müsabiqəsinin yarımfinalında iştirak hüququ qazanıb.

“Azərbaycan müəllimi” həmin şagird - Gülər Əsgərova və müəllimi ilə həmsöhbət olub, təəssüratlarını öyrənib.

Gülər Əsgərova 2013-cü ildə anadan olub. Hazırda Füzuli rayon Qarabağ kənd tam orta məktəbinin 7-ci sinif şagirdidir.


Məktəb tarixində uğura imza atdığına görə sevinən Gülər növbəti mərhələyə daha məsuliyyətli hazırlaşdığını deyir:

“Müsabiqəyə ciddi hazırlaşırdıq. Müəyyən çətinliklər olur, ancaq müəllimdən dəstək alıram. 32 ildən sonra məktəbimizi RFM-də təmsil edəcəyimə görə də çox həyəcanlıyam.
Qazandığım nəticə həm mənim, həm müəllimimin, həm də ailəmin birgə əməyinin, zəhmətinin nəticəsidir. Yarımfinalda iştirakıma gəldikdə isə özümə inanırdım. Final mərhələsində hədəfimə çatmaq üçün daha çox çalışıram”.

İxtisas seçimini hələ etmədiyini deyən yarımfinalçı I qrup üzrə fənlərə marağının daha çox olduğunu deyir.
Gülərin hazırlaşmasına dəstək olan müəllimi Gülçin Allahverdiyeva  3 ildir ki, Qarabağ kənd tam orta məktəbində kimya fənnini tədris edir. O, şagirdi ilə bu yola inanaraq başladığını deyir. İntizam və məsuliyyətlə növbəti mərhələyə hazırlaşdıqlarını bildirir.
“Fərqli vəsaitlərdən testlər işləyirdik, əlavə testlər hazırlayırdım və tez-tez sınaqlar təşkil edirdim.
Düzdür, çətinliyimiz çox oldu, elə vaxt oldu ki, psixoloji olaraq yorulduq, amma qarşımıza çıxan bütün maneələrin öhdəsindən gəldik. Gülərin potensialı, bacarığı həm özünü, həm də məni ruhlandırırdı və çəkdiyimiz əziyyətlər öz bəhrəsini göstərdi.
Məktəb rəhbərliyi və kollektivi şagirdlərin yüksək təhsili üçün hər zaman birgə addım atır”.