Gənc müəllimin ilk dərs həyəcanı: Çətinlikləri necə həll etmək olar?

3 Sentyabr, 2026 - 15:45
Gənc müəllimin ilk dərs həyəcanı: Çətinlikləri necə həll etmək olar?

Yeni tədris ili şagirdlər və müəllimlər üçün yeni başlanğıclar deməkdir. Xüsusilə pedaqoji fəaliyyətə ilk dəfə başlayacaq gənc müəllimlər üçün bu mərhələ həm böyük həyəcan, həm də məsuliyyətlə müşayiət olunur.  Universitetdə əldə olunan nəzəri biliklərin real sinif mühitində tətbiqi, şagirdlərlə ünsiyyətin qurulması, sinfin idarə olunması və müxtəlif xarakterli uşaqlarla işləmək yeni müəllimlər qarşısında bir sıra çətinliklər yarada bilər.

Bəs ilk dəfə dərs deyəcək müəllimlərin qarşılaşa biləcəyi əsas problemlər hansılar ola bilər və onlar bu çətinliklərin öhdəsindən gəlmək üçün nələrə diqqət etməlidirlər?

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Azərbaycan Gənc Müəllimləri Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova bildirib ki, yeni işə qəbul olunmuş müəllimlər üçün ilk tədris ili həm böyük məsuliyyət, həm də ciddi adaptasiya mərhələsidir:

“Məhz buna görə onların yalnız fənn üzrə biliklərinin deyil, məktəb mühitinə uyğunlaşma, dərsi planlaşdırma, sinfi idarəetmə, qiymətləndirmə və emosional dayanıqlıq kimi bacarıqlarının da inkişaf etdirilməsi vacibdir.

Yeni müəllimlərin qarşılaşa biləcəyi əsas çətinliklərdən biri məktəb mədəniyyətinə və kollektivə uyğunlaşmaqdır. Müəllim ilk dəfə peşəkar mühitə daxil olarkən hüquq və vəzifələrini, etik davranış qaydalarını, rəhbərlik və həmkarlarla münasibətləri, valideynlərlə düzgün ünsiyyət qurma yollarını praktikada mənimsəməli olur. İlk 90 günün düzgün planlaşdırılması da bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Digər mühüm çətinlik dərsin düzgün planlaşdırılması və effektiv tədris metodlarının seçilməsidir. Yeni müəllim üçün təlim nəticələrini müəyyənləşdirmək, fəal təlim strategiyalarından istifadə etmək, şagirdlərin fərdi ehtiyaclarını nəzərə almaq, diferensiallaşdırma aparmaq və qiymətləndirməni dərsin planlaşdırılması ilə əlaqələndirmək ilk mərhələdə çətinlik yarada bilər. Bununla yanaşı, sinif idarəetməsi də yeni müəllimlərin ən çox ehtiyac duyduğu praktik bacarıqlardandır. Sinif qaydalarının müəyyənləşdirilməsi, şagird motivasiyasının qorunması, davranış problemlərinin idarə edilməsi, çətin şagirdlərlə iş, konfliktlərin həlli və vaxtın səmərəli idarə olunması xüsusi diqqət tələb edir”.

Müsahibimizin sözlərinə görə, yeni müəllimlər üçün digər vacib istiqamət qiymətləndirmə və əks-əlaqə bacarıqlarının inkişaf etdirilməsidir:

“Formativ və summativ qiymətləndirmədən düzgün istifadə, rubrikaların və müşahidə vərəqlərinin hazırlanması, şagirdə konstruktiv geribildirim verilməsi və əldə olunan nəticələr əsasında növbəti dərsin planlaşdırılması müəllimin gündəlik fəaliyyətinin mühüm hissəsidir. Müasir müəllim rəqəmsal alətlərdən, o cümlədən süni intellektdən səmərəli və etik şəkildə istifadə etməyi bacarmalıdır. Dərs planı, tapşırıq və qiymətləndirmə materiallarının hazırlanması, təqdimat və vizual materialların yaradılması bu baxımdan müəllimə əlavə imkanlar yaradır.

Yeni işə qəbul olmuş müəllimlərə əsas tövsiyəm odur ki, ilk gündən hər şeyi mükəmməl etməyə deyil, davamlı öyrənməyə və inkişaf etməyə fokuslansınlar. Dərslərini təhlil etsinlər, şagird davranışlarını və öyrənmə nəticələrini müşahidə etsinlər və əldə etdikləri nəticələr əsasında öz yanaşmalarını təkmilləşdirsinlər. Çətin situasiyaları uğursuzluq kimi deyil, peşəkar inkişaf üçün imkan kimi qəbul etmək vacibdir. Bununla yanaşı, peşə stresini idarə etmək, emosional tükənmənin qarşısını almaq, özünürefleksiya aparmaq və fərdi peşəkar inkişaf planı hazırlamaq da ilk ildən diqqətdə saxlanılmalıdır”.

P.Qədimova qeyd edib ki, AGMA yeni müəllimlərin bu mərhələdə ehtiyac duyduğu dəstəyi sistemli şəkildə göstərməyi planlaşdırır:

“Bu məqsədlə yeni işə qəbul olunmuş müəllimlər üçün 7 mövzudan ibarət adaptasiya proqramı hazırlanıb. Proqram 31 avqustdan 12 oktyabra qədər hər həftənin bazar ertəsi, saat 16:00-da vebinar formatında keçiriləcək və AGMA-nın sosial şəbəkədəki səhifəsində canlı yayımlanacaq.

Proqram çərçivəsində müəllimin “Peşəkar adaptasiyası və məktəb mədəniyyəti”, “Müasir dərsin planlaşdırılması və effektiv tədris metodları”, “Sinif idarəetməsi və müsbət öyrənmə mühitinin yaradılması”, “Qiymətləndirmə və əks-əlaqə”, “Süni intellekt və rəqəmsal alətlər”, “Psixoloji dayanıqlıq və emosional rifah”, həmçinin “Praktik müəllimlik laboratoriyası və mentorluq” mövzuları əhatə olunacaq. Qeyd edək ki,  proqramı keçən il olduğu kimi, bu il də MÜTDA ilə birlikdə təşkil olunur.

İnanırıq ki, yeni müəllimə verilən ən böyük dəstək ona yalnız “nə etməli olduğunu” demək deyil, ilk tədris ilində qarşılaşdığı real situasiyaları idarə etmək üçün praktik alətlər, əks-əlaqə və mentor dəstəyi təqdim etməkdir. Məqsədimiz yeni müəllimlərin məktəbə uyğunlaşmasını asanlaşdırmaq, onların peşəkar inamını gücləndirmək və ilk gündən inkişaf edən, öyrənən və öz təcrübəsini təhlil edən müəllim kimi formalaşmasına töhfə verməkdir”.