“Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

14 Oktyabr, 2024 - 17:18

Oktyabrın 14-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil naziri Emin Əmrullayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, dövlət və hökumət nümayəndələri, deputatlar, rektorlar və layihənin iştirakçıları olan gənc qızlar iştirak ediblər. 

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Gənc qızların təhsilinə dəstək layihəsi"nin artıq dörd ildir ki keçirildiyini xatırladıb. Bildirib ki, hər bir xalqın, millətin inkişafı üçün vacib olan amil və möhkəm bünövrə təhsillə bağlıdır.

"Təhsilin dövlətin, cəmiyyətin inkişafında rolunu heç nə ilə müqayisə etmək olmaz. Bu gün əldə etdiklərimizi aldığımız təhsilə borcluyuq. Qızların təhsili xüsusi əhəmiyyət kəsb edir. Hər il ictimaiyyətə müraciət edirik ki, gənc qızların təhsilinə töhfə versinlər. Qeyd etməliyəm ki, ümumilikdə 265 nəfər "Hənifə Məlikova - Zərdabi təqaüd proqramı"nı qazanıb. Artıq bu layihə 58 rayonu əhatə edir. Qürurverici haldır ki, bu il proqram iştirakçılarımızdan biri ən yüksək - 700 bal toplayaraq ADA Universitetinin riyaziyyat fakültəsinə daxil olub. Bildirməliyəm ki, getdikcə bu layihəyə dəstək vermək istəyənlərin sayı artır. 2025-ci ildə artıq bizim ilk məzunlarımız olacaq", - deyə B.Muradova diqqətə çatdırıb.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında dörd il əvvəl "Gənc qızların təhsilinə dəstək" layihəsinin bir neçə sahibkar qadın və tələbənin iştirakı ilə həyata keçirilən təşəbbüs olduğunu xatırladıb. Qeyd edib ki, bu gün təqaüd yüzlərlə tələbəyə təqdim olunub. Onun sözlərinə görə, təqaüddən faydalanan xanımlar müxtəlif sahələrdə mütəxəssis olacaqlar. Nazir çıxışında qızların təhsilinin olduqca vacib əhəmiyyət kəsb etdiyini də vurğulayıb.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışında “Gənc qızların təhsilinə dəstək” layihəsində benefisiar sayının 315 nəfərə çatdırılacağını qeyd edib. O bildirib ki, layihə çərçivəsində qızlar təkcə təqaüd deyil, həm də təcrübə və təlim proqramlarından yararlanmaq imkanı qazanır.

"Həyata keçirilən proqramlarda iştirak edən qızlardan bir neçəsi artıq işlə təmin edilib. Ümumilikdə dörd belə proqram həyata keçirilib. Proqramlarda iştirak edənlərdən beş nəfəri şəhid xanımıdır”, - deyə E.Nəsibov qeyd edib. 

Fondun İdarə Heyətinin sədri həmçinin diqqətə çatdırıb ki, layihə çərçivəsində "Parla" təqaüd və inkişaf proqramı da həyata keçirilib ki, bu proqrama da 1800-ə yaxın müraciət olub. Qeyd edib ki, “Zərif” mühəndislər təqaüd proqramınına isə 215 qız cəlb edilib.

“Digər uğurlu layihələr isə "Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramı və “Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı” olub. Cari ildə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan aztərminatlı ailələrdən olan 131 tələbə qıza təqaüd verilib. Qeyd edim ki, 2024-2025-ci tədris ili üçün mövcud təqaüd proqramlarına qeydiyyat davam edir”, - deyə E.Nəsibov vurğulayıb.

Tədbirin sonunda layihə çərçivəsində regionlardan gənc qızların təhsilinə dəstək göstərilməsi məqsədilə yaradılan "Hənifə Məlikova - Zərdabi təqaüd proqramı" üzrə aylıq təqaüd qazanan, həmçinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan qızlar mükafatlandırılıb.