Gənc tədqiqatçının məqaləsi Q1 kateqoriyalı nüfuzlu jurnalda dərc olunub
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Süni İntellekt İnstitutunun layihə rəhbəri, ADNSU Sabah Qruplarının və UFAZ-ın müəllimi Yusif İbrahimovun məqaləsi nüfuzlu “IEEE Transactions on Artificial Intelligence” jurnalında (Q1 kateqoriyalı) dərc olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu tədqiqat qlobal miqyasda mühüm problem olan psixi sağlamlıq mövzusuna həsr olunub və süni intellektin sosial media məlumatları üzərindən psixi pozuntuların erkən aşkarlanmasına töhfəsini araşdırır. İzah edilə bilən süni intellektə (explainable AI) əsaslanması bu tədqiqatı daha da dəyərli edir.
Məhz bu kimi tədqiqatlar ADNSU-nun inkişaf etdirməyi hədəflədiyi yüksək təsirli, sahələrarası və cəmiyyət üçün əhəmiyyətli olan tədqiqatların bariz nümunəsi, texnologiya ilə səhiyyənin kəsişməsində mühüm bir töhfədir.
Qeyd edək ki, Yusif İbrahimov 2017-2021-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin kompüter elmləri ixtisasında təhsil alıb. Daha sonra “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Birləşmiş Krallığın York Universitetində Kompüter elmləri üzrə doktorantura təhsilini başa vurub. Azərbaycan Beynəlxalq Bankında data analitik və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində süni intellekt mütəxəssisi olaraq çalışıb. Yaponiyanın A.L.I. Technologies şirkətində (remote - distant olaraq) süni intellekt sahəsində təcrübə proqramı keçib.
Hazırda ADNSU-da süni intellekt sahəsində elmi potensialın gücləndirilməsinə töhfə verməkdədir.



