Gəncə-Daşkəsən üzrə eksternat imtahanlara qeydiyyat davam edir
Sərbəst (eksternat) təhsilalma forması ümumi orta və ya tam orta təhsil səviyyəsini müxtəlif səbəblərdən başa vura bilməyən şəxslərə buraxılış imtahanı verərək təhsil sənədi almaq imkanı yaradır.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, ümumi orta və ya tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında iştirak etmək istəyən eksternlərin ərizə qəbulu davam edir və proses 17 dekabr 2025-ci il tarixinədək davam edəcək.
Buraxılış imtahanlarından əvvəl eksternlərin bilik səviyyəsini yoxlamaq üçün ekstern imtahanları keçiriləcək.
Ekstern imtahanları IX və XI siniflərin tədris planına uyğun olaraq, rəsmxət, əmək hazırlığı (texnologiya), təsviri incəsənət, fiziki tərbiyə, musiqi və nəğmə, gənclərin çağırışaqədərki hazırlığı fənləri istisna olmaqla digər bütün fənlər üzrə keçiriləcək.
Ekstern imtahanlarında uğurlu nəticə göstərən şəxslər buraxılış imtahanlarında iştirak edə biləcəklər. Buraxılış imtahanlarından müsbət nəticə əldə edənlər ümumi orta və ya tam orta təhsil haqqında sənədi (attestatı) siyahıya daxil olduqları məktəbdən alacaqlar.
Qeyd:
Ümumi orta təhsil səviyyəsi üzrə attestat almaq üçün müraciət edən şəxsin yaşı 16, tam orta təhsil səviyyəsi üzrə attestat almaq üçün müraciət edən şəxsin yaşı 18 yaşdan aşağı olmamalıdır.
İmtahanda iştirak etmək üçün təqdim olunmalı sənədlər:
1. Şəxsiyyət vəsiqəsinin surəti
2. 9-cu sinif üzrə müraciət edənlər üçün təhsil müəssisəsindən neçənci sinfi bitirdiyini göstərən arayış
3. 11-ci sinif üzrə müraciət edənlər üçün ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) surəti
4. Hərbi xidmət haqqında sənədin surəti (11-ci sinif üzrə müraciət edənlər)
5. Başqa bölgədə məktəbi bitirənlər üçün yaşayış yerindən arayış
6. Regional Təhsil İdarəsinin müdirinin adına yazılmış ərizə


