Gənclər və İdman Nazirliyi yeni müsabiqə elan edib: Qeydiyyat başladı

2 Aprel, 2026 - 11:57
Gənclər və İdman Nazirliyi yeni müsabiqə elan edib:

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə növbəti “Oxu, qazan!” müsabiqəsi elan edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, layihə çərçivəsində iştirakçılara bu dəfə Xalq yazıçısı Anarın “Ağ liman” povestini oxumaq və biliklərini sınamaq imkanı yaradılır.

Müsabiqə 24 aprel tarixində onlayn formatda keçiriləcək. İştirak etmək istəyənlər əvvəlcədən bu link vasitəsilə “Telegram” platformasında qeydiyyatdan keçməlidirlər.

Qaydalara əsasən, aprelin 24-də saat 21:00-da bütün iştirakçılara eyni vaxtda əsər üzrə test sualları təqdim olunacaq. Hər bir suala cavab vermək üçün 20 saniyə vaxt ayrılacaq və bu müddət başa çatdıqdan sonra növbəti sual yayımlanacaq.

Bildirilib ki, əvvəlki müsabiqələrdə qalib olan iştirakçıların nəticələri nəzərə alınmayacaq. Eyni zamanda, yarış zamanı sualların vaxtında qəbul edilməsi və cavablandırılması üçün iştirakçılara yüksək sürətli və sabit internet bağlantısından istifadə etmələri tövsiyə olunur.

Müsabiqənin qalibləri üçün müxtəlif hədiyyələr nəzərdə tutulub. Belə ki, birinci yerin sahibi “Apple iPad” planşet, ikinci yerin qalibi “Honor” smartfon, üçüncü yerin qalibi isə “Huawei” simsiz qulaqcıqla mükafatlandırılacaq.

İştirakçılar müsabiqədə istifadə olunacaq əsəri elektron formada təqdim edilən link vasitəsilə oxuya və ya kitab mağazalarından əldə edə bilərlər.