Göyçə mahalının Cil kənd orta məktəbi - 100
“Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır... Biz İrəvana, Zəngəzura, Göyçəyə mütləq qayıdacağıq”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Tarix yalnız keçmişi öyrənmək deyil, həm də bu günün və gələcəyin dərk edilməsində əsas vasitədir. Keçmişi bilmədən bu günü və sabahı qurmaq mümkün deyil. Tarix hər bir millətin güzgüsü və gələcəyini müəyyən edən mayakdır; millət özünü yalnız tarixinin köməyi ilə dərk edə bilər. Azərbaycanın indiki hüquqi-coğrafi sərhədlərindən kənarda qalmış Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndinin tarixi, mədəniyyəti, təhsil-tərbiyə ənənələri və qəhrəmanlıq tarixləri öyrənilməli və gələcək nəsillərə çatdırılmalıdır. Bu kəndlə bağlı olan hər bir gənc doğma yurda qayıtma inamı ilə böyüdülməli, bu yerlərə sülh şəraitində, təhlükəsiz və ləyaqətli şəkildə geri qaytarılacağına inanmalıdır.
Cil kəndində məskunlaşma
Relyef baxımından bir amfiteatrı xatırladan Cil kəndi Göyçə gölünün sahilində, Çəmbərək rayon mərkəzindən 28 km cənub-şərqdə, dəniz səviyyəsindən 2040 m hündürlükdə yerləşirdi. Ermənistan Sovet Ensiklopediyasında Cil kəndinin əsasının XII əsrdə qoyulduğu bildirilir. Kənddə mövcud olmuş abidələr - alban qəbiristanlığı və kilsələri, oğuz (uğuz) qəbiristanlığı, qalaçalar, insan yaşayışının izləri olan mağaralar, qazıntı zamanı tapılan saxsı qablar, müxtəlif fiqurlar bu ərazinin lap qədim zamanlardan yaşayış məskəni olduğunu sübut edir. Kənddə oda sitayiş edən albanların, oğuzların və müsəlmanların ümumi mədəniyyətinin sintezi olan maddi və mənəvi mədəniyyət mövcud idi. Qafqazın 5 verstlik xəritəsində Cil kəndinin adı çəkilir. Bəzi mənbələrdə Cilkəndi kimi qeyd edilir. Əvvəllər İrəvan quberniyasının Yeni Bəyazid qəzasının, sonra Basarkeçər rayonunun, 31 dekabr 1937-ci ildən isə Çəmbərək (Krasnoselo) rayonunun tərkibində olub. Hazırda Geğarkunik vilayətinə aiddir.
Çar Rusiyası dövründə tərtib edilmiş kameral təsvirlərə görə, kənddə 1831-ci ildə 45 ailə (159 kişi, 106 qadın), cəmi 265 adam yaşayırmış. Ailələrin hamısı qarapapaq tayfasına mənsub olub. 1891-ci ildə kənddə 308 nəfər (160 kişi, 148 qadın) yaşayırmış. 1909-cu ilin yanvar ayına olan məlumata görə, Yeni Bəyazid qəzasında 4-cü polis sahəsində 4 kənd cəmiyyəti, 49 kənd var idi ki, onlardan biri Cil kəndində yerləşirdi. Cil kənd cəmiyyətinə 8 kənd daxil idi. 1886-cı ildə kənddə 587, 1897-ci ildə 739, 1908-ci ildə 975, 1914-cü ildə 1020 (1035), 1916-cı ildə 893, 1919-cu ildə 888, 1979-cu ildə 1519, 1988-ci ildə 1700 azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrında kənd camaatı erməni vandalları tərəfindən tarixi torpaqlarından deportasiya olunmuşdur.
Cil kəndində dini təhsil
Türk və islam coğrafiyasının bir parçası olan Göyçə mahalının Cil kəndində orta əsrlərdən etibarən dini təhsilə xüsusi diqqət yetirilmişdir. 1831-ci ilə aid məlumatlara görə, kənddə dini ayinlərin icrası və dini təhsilin təşkili ilə Axund Molla Nağı Molla Həsən oğlu və Molla Məmmədəli Əli oğlu məşğul olmuşdur. Bu faktlar həmin dövrdə Cil kəndində dini təhsilin müəyyən ənənəyə və inkişaf səviyyəsinə malik olduğunu göstərir. Məktəb, ədətən, mollaların evlərində təşkil olunur, Qurani-Kərimin oxunuşu və təfsiri, ərəb və fars dilləri, İslam hüququ (fiqh) və əxlaq öyrədilirdi.
Cil kəndində çar Rusiyası tərəfindən qeydə alınan ilk məktəb 1876-cı ilə aiddir. İrəvan-Yelizavetpol (Gəncə) xalq məktəbləri direksiyasına aid təhsil müəssisələrinin yerləşməsi ilə bağlı həmin il tərtib edilmiş xəritənin “xüsusi məktəblər” bölməsində Cil kəndində tatar (müsəlman - R.F.) məktəbinin mövcudluğu qeyd olunmuşdur.
Cil kənd ibtidai məktəbi
Ermənistan sovetləşdirildikdən sonra Cil kəndində I dərəcəli (5 illik ibtidai məktəb) məktəb 1923/1924-cü tədris ilində açılıb. Ermənistanda azərbaycanlıların təhsil aldığı məktəblərin tədris qrafiki və tədris planı Azərbaycan məktəbləri ilə eyni idi. Cil kəndində ibtidai məktəb açmağın böyük çətinlikləri var idi. Məktəb üçün yararlı binanın, tədris avadanlıqlarının (parta, stol, stul, lövhə və s.), tədris resurslarının (dərslik, dərs vəsaiti, xəritə, qlobus və ixtisaslı müəllimin) olmaması ciddi çətinlik yaradırdı. Digər tərəfdən uşaqların təhsilə cəlb edilməsində də müəyyən çətinliklər var idi. Bu çətinlikləri məktəbin ilk müəllimi və müdiri olan Alı Xələf oğlu belə nəql edir: “Cil kəndində sovet məktəbinin yaradılmasında çox böyük çətinliklə üz-üzə gəlmişdik. Nə məktəb, nə müəllim var idi. Ən böyük çətinlik isə gənclərin məktəbə cəlb edilməsi idi. Köhnə fikirli adamlar, mollalar bu işə çox mane olurdular. Nəhayət, 1923-cü ildə məktəbi aça bildik, müəllim olmadığından özüm bu işə cəlb edilmişdim, qalan müəllimlər isə başqa yerlərdən gətirilmişdi”.
Cil kənd 7 illik məktəbi
İcbari ibtidai təhsilin həyata keçirilməsi yeddiillik məktəblərin şəbəkəsinin genişlənməsinə səbəb oldu. 1934-cü ildə Basarkeçər rayonunda 12 yeni məktəb binası istifadəyə verildi ki, onlardan da biri Cil kəndində tikilmişdi. Məktəbdə politexnik sənətxana (emalatxana) və internat təşkil edilmişdi. 1934-cü ildə Cil kənd ibtidai məktəbi yeddiillik məktəbə çevrildi. 1930-cu ildən Cil kənd ibtidai məktəbinə rəhbərlik edən Fətullah Əhmədov yediillik məktəbə müdir təyin edildi. 1937-ci ildə məktəbdə tədris işləri üzrə direktor müavini işləyən Məmmədqulu Abbasov məktəbə direktor təyin edildi. O, bu vəzifədə 2 il (1937-1939) işlədi. Krasnoselo Rayon İcraiyyə Sovetinə inspektor vəzifəsinə irəli çəkildiyindən onu İslam Adıgözəlov (1939-1941) əvəz etdi. Müharibədən sonrakı illərdə məktəbə iki qardaş - Əli və Məmmədqulu Abbasovlar rəhbər etdilər.
Cil kənd 7 illik məktəbi müharibə illərində
Cil kəndinin camaatı sovet-alman müharibəsinin (1941-1945) ağrı-acısını yaşayıb. 250 nəfərdən çox igid oğlunu dünyanı lərzəyə gətirən bu müharibəyə, odun-alovun içərisinə yola salıb. Kiçik bir kənddən 250 nəfərin müharibəyə göndərilməsi erməni xəyanətinin və hiyləgərliyinin bariz nümunəsidir. Elə bir ailə yoxdur ki, oradan bir-iki, hətta üç-dörd qardaş müharibəyə göndərilməsin. Bu, ermənilərin 1918-1920-ci illərdə Göyçədə törətdikləri qırğından və fəlakətdən daha dəhşətlidir. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər azərbaycanlıların sayının azaldılması, fiziki cəhətdən məhv edilməsi üçün müharibə dövründə yaranan təbii imkandan maksimum istifadə edərək səfərbərliklə bağlı respublikaya ayrılan yerləri əsasən azərbaycanlıların hesabına doldururdular. Müharibəyə səfərbər olan cillilərin 50%-i ya həlak olub, ya da itkin düşüb. Müharibə zamanı ən böyük zərbə Cil kənd yeddiilik məktəbinə dəyib. Formalaşmaqda olan təhsil mühiti darmadağın edilib. Cil kənd yeddiillik məktəbinin müdiri və kişi müəllimləri səfərbərliyə alınaraq ön cəbhəyə göndərilib ki, onlardan da heç biri geri qayıtmayıb. Səfərbər olan kişi müəllimlərinin yerinə rayon mərkəzində 1-2 ay kurs keçən qadınlar təyin olunub ki, bu da tədrisin səviyyəsinin aşağı düşməsinə və uzunmüddət 8 illik və orta məktəbin yaradılmamasına səbəb olub.
Cil kənd 8 illik məktəbi
1960-1961-ci tədris ilində Cil kənd yeddiillik məktəbi səkkizillik məktəbə çevrildi. 1961-1962-ci illərdə Cil kənd səkkizillik məktəbinə Səməd Həsənov, 1962-1966-cı illərdə Bağır Bağırov, 1966-1968-ci illərdə Abbasəli Kərimov, 1968-1969-cu illərdə İsabala Qurbanov rəhbərlik edib. Cil kənd məktəbi üçün ikimərtəbəli tədris binasının tikilməsi həmin illərə təsadüf edir.
Cil kənd orta məktəbi
1967-1968-ci tədris ilində Cil kənd səkkizillik məktəbi onillik orta məktəbə çevrildi. Həmin dövrdə məktəbdə 469 nəfər şagird təhsil alırdı.1968-1969-cu tədris ilində Cil kənd orta məktəbinin ilk buraxılışı oldu. 20 nəfər məzundan 14-ü (70%) yüksək qiymətlərlə Azərbaycanın ali məktəblərinə daxil oldu. Cil kənd orta məktəbinin 1969-1988-ci illərdəki tədris həyatı və pedaqoji uğurları məktəbin direktoru Şərif Namazovun (1939-2013) adı ilə bağlıdır. 1968/1969-cu tədris ilində məktəb üçün yeni 2 mərtəbəli bina istifadəyə verildi. Sonrakı illərdə şagirdlərin sayının artması, tədrisin kabinet sisteminə keçirilməsi yeni tədris binasının tikintisi ilə nəticələndi. 1984-1987-ci illərdə müasir infrastruktura malik yeni məktəb binası tikildi. 1987-ci ilin sentyabr ayının 1-də 800-ə yaxın şagirdin təhsil ala biləcəyi üçmərtəbəli tədris binasının açılışı oldu. Təəssüf ki, məktəblilərin sevinci uzun sürmədi. 1988-ci ilin noyabrında məktəb öz fəaliyyətini dayandırmalı oldu.
1968-1988-ci illərdə Cil kənd orta məktəbi regionun qabaqcıl təhsil müəssisələrindən biri olub. Məktəbin tədris səviyyəsi həmişə yüksək qiymətləndirilib, məzunların ali məktəbə qəbul faizi digər kənd məktəbləri ilə müqayisədə xeyli yüksək olub. Məktəbin məzunları həm təlimdə, həm də rayon və respublika səviyyəli yarış və müsabiqələrdə, olimpiadalarda yüksək yerlər tutublar. Məktəbi qızıl medalla (Cavanşir Rəhimov, Şahvələd Namazov, Mustafa Rəhimov, Elmar Məmmədov, Yusif Sadıqov) və gümüş medalla (Gözəl Namazova, Sultan Tağıyev) bitirən məzunlar məktəbin yüksək təhsil göstəricilərini rəsmi şəkildə təsdiq etmişlər.
Cil kənd orta məktəbinin müəllimləri
Cil kənd orta məktəbinin məzunlarından 1000-dən çoxu həm Rusiyanın, həm də Azərbaycanın ali məktəblərində təhsil almış, müxtəlif sahələrdə xidmət göstərmişdir. Müəllim adına layiq görülənlər həm indiki Ermənistan ərazisindəki Azərbaycan məktəblərində, həm də Azərbaycanın müxtəlif rayon və kəndlərində uğurlu pedaqoji fəaliyyət göstərərək maarifin və maarifçiliyin inkişafına əvəzsiz töhfələr vermişdir. Vaxtilə mənə dərs demiş Daşdəmir Tağıyev, Allahverdi Sadıqov, Valeh İsmayılov, Haqverdi İbrahimov, Fərman Əhmədov, Nəriman Həsənov, Yunis Allahverdiyev, Həsən Məsimov, Əli Məmmədov, Əli Adıgözəlov, Məhəmməd Hüseynov, Razim Əfənov, Dilbər İbrahimova, Abbas Ələsgərov, Sədaqət Tanrıverdiyev və Bayram Qurbanovun adlarını bu gün böyük hörmət və dərin ehtiramla xatırlayıram. Onlar yalnız bilik verən müəllimlər deyil, həm də dünyagörüşümüzü formalaşdıran, bizi həyatın çətinliklərinə hazır edən fədakar ziyalılar idilər. Hər birinin zəhməti, məsuliyyəti və müəllimlik peşəsinə olan sədaqəti bizlərə yol göstərən bir örnək kimi yaddaşımızda yaşayır.
Cil kənd məktəbinin məzunları
Cil kəndinin məzunları zaman-zaman alim, general, müəllim, iqtisadçı, mühəndis, texnik və digər sahələrin peşəkarları kimi fəaliyyət göstərmiş, doğma məktəblərinə həmişə şərəf və şöhrət gətirmişlər. Onlar əldə etdikləri uğurlarla yalnız öz adlarını deyil, həm də kəndimizi və məktəbimizi ucaldaraq gənc nəsillərə nümunə olmuşlar.
Xüsusilə qeyd etmək lazımdır ki, kəndimizin yetirmələri olan bir sıra görkəmli şəxslər - tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti Abuzər Xələfov, fizika-riyaziyyat elmləri doktoru, professor, Nyu-York Akademiyasının həqiqi üzvü Ayvaz Xələfli, fizika-riyaziyyat elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar müəllim Zübeyit Tağıyev, iqtisad elmləri doktoru, professor, Beynəlxalq Menecment Akademiyasının və Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü Əvəz Ələkbərov, iqtisad elmləri doktoru, professor Əli Allahverdiyev, fizika-riyaziyyat elmləri doktoru, professor Misrəddin Sadıqov, riyaziyyat üzrə elmlər doktoru, professor Ramiz İsgəndərov, filologiya elmləri doktoru, professor, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Sosial və Pedaqoji Elmlər Akademiyasının akademiki Fərrux Rüstəmov öz elmi, pedaqoji və ictimai fəaliyyətləri ilə məktəbin nüfuzunu daim yüksək səviyyədə saxlamış, onun maarifçilik ənənələrinin qorunub inkişaf etdirilməsinə dəyərli töhfələr vermişlər.
Bundan əlavə, fəlsəfə doktoru elmi dərəcəsinə yüksəlmiş məzunlar - Ziyad Elləzov, Məmməd Kazımov, Tahir İbrahimov, İlham Mazanov, Asif Məmmədov, Xaliqverdi Sadıqov, Əli Cəfərov, Cavanşir Rəhimov, Azad Qurbanov, Mehdi Hüseynov, Mikayıl Abbasov, Əli Tağıyev, Kamal Adıgözəlov, Aygün Xəlilqızı, Şaiq Adıgözəlov, Simnar Mamedov və başqaları - eyni şəkildə öz elmi araşdırmaları və ictimai fəaliyyəti ilə məktəbin adını uca tutmuş, gənc nəsillər üçün nümunə olmuşlar.
Məktəbin məzunları arasında Azərbaycan Respublikasının dövlət idarəçiliyində mühüm vəzifələrdə, səhiyyə, sosial-iqtisadi, idarəetmə, mühəndislik və texnologiya, hüquq-mühafizə orqanları, ədliyyə sistemi və Fövqəladə Hallar Nazirliyində çalışmış tanınmış şəxslər vardır.
Cil kənd məktəbini qızıl medalla, Bakı Dövlət Universitetini isə fərqlənmə diplomu ilə bitirən, fəlsəfə doktoru elmi dərəcəsi üzrə dissertasiya müdafiəsi ərəfəsində olan 20 Yanvar şəhidi Yusif Allahverdi oğlu Sadıqov da bu məktəbin tanınmış məzunlarındandır.
I və II Qarabağ müharibəsində iştirak edən məzunlar
1988-ci ilin noyabr ayında Cil kənd məktəbinin şagirdləri və bütövlükdə kənd sakinləri öz doğma yurdlarını tərk etməyə məcbur oldular. Erməni silahlı birləşmələrinin törətdiyi vəhşiliklərdən xilas olmaq üçün onlar noyabr və dekabrın sərt, şaxtalı günlərində ayaqyalın, başıaçıq, piyada yollarla Gədəbəydən keçərək Azərbaycana üz tutdular. Bu yol həm soyuğun, həm ağrının, həm də həsrətin yoluydu - lakin insanlar ümidlərini, Vətən sevgisini itirmədilər.
Doğma torpaqlarından didərgin düşən bu Vətən övladları Azərbaycana pənah gətirdikdən az sonra silaha sarılıb torpaqların müdafiəsinə qalxdılar. Müharibə alovunu söndürmək, işğal altında olan yurd yerlərini geri qaytarmaq, el-obanı yaşatmaq üçün igidlərimiz canlarını qurban verdilər. Onlar qanları ilə qara torpağı müqəddəsləşdirdilər, torpağı yenidən Vətən etdilər. Şəhidlik zirvəsinə ucalanlar sırasında Cil kənd məktəbinin igid məzunları - Allahverdi Həsənov, Adil Mədətov, Lətif Məhərrəmov, Qurban Əhmədov, “Azərbaycan bayrağı” ordenli Mehbalı Zeynalabdıyev, Rövşən Cəlilov, Vahid Mehdiyev, Vüqar Ələkbərov və Əli İsmayılov da var idi. Ərəstun Məhərrəm oğlu Vəliyev isə ağır döyüşlərin birində itkin düşərək Vətən yolunda qeybə çəkilən qəhrəmanlarımızdan oldu. Daşkəsən rayon, Quşçu kənd tam orta məktəbi Əli İsmayılovun, Göygöl rayonu, Şəhriyar kənd tam orta məktəbi Lətif Məhərrəmovun adını daşıyır. “Azərbaycan bayrağı” ordenli qəhrəman kəşfiyyatçı Mehbalı Zeynalabdıyevin yaşadığı binaya xatirə lövhəsi vurulub, adına Bakı şəhərində küçə verilib.
Birinci Qarabağ savaşından sonra keçən uzun illər ərzində şəhidlərin qisasının alınmaması millətin ruhuna, vüqarına ağır təsir göstərirdi. İşğal edilmiş şəhərlərin, kəndlərin, rayonların adları anım günlərində ürəkağrısı ilə xatırlanırdı. Millət 30 il dözdü, səbir etdi, ruhunu diri saxladı və Ali Baş Komandanın əmrini gözlədi. Nəhayət, 27 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır!” çağırışı və “dəmir yumruq” birliyi xalqı bir amal, bir məqsəd, bir bayraq altında topladı. Otuz illik yurd həsrətinə son qoyuldu. Vətən uğrunda 3 minə yaxın igid övladımız şəhidlik zirvəsinə yüksəldi. Bu qəhrəmanlar öz şücaətləri ilə dünya hərb tarixinə yeni səhifələr yazdılar, türkün qüdrətini, yenilməzliyini, əzəmətini bütün dünyaya nümayiş etdirdilər.Bu qəhrəmanlıq salnaməsində Cil kəndinin övladları da öz layiqli yerini tutdu. Əhmədağa İsgəndərov, Kamil Rəhimli, Tural Məmmədov və Anar İsgəndərov xalqımızın yaddaşına əbədi qəhrəmanlar kimi həkk olundular. Cil kəndinin 100-dən çox məzunu Vətən müharibəsi iştirakçısı kimi adlarını Zəfər tarixinə yazdılar.
Şuşadan Göyçəyə yollar görünür...
Hazırda Qarabağ Azərbaycanın incisinə çevrilir, Böyük Qayıdış təmin edilir. İnsanlarla bərabər Qarabağ torpağına onun tarixi gözəlliyi və mənəvi-psixoloji ruhu qayıdır. Şuşadan Göyçəyə yollar görünür...
İnanıram ki, rus əsgərlərinin, erməni daşnaklarının vahiməli və soyuq baxışları altında doğma el-obasını, isti yurd-yuvasını qarlı yollarla ayaqyalın, başıaçıq, ağlaya-ağlaya tərk edənlər yaxın illərdə sevinclə o yurda dönəcək, Vətən həsrətinə son qoyulacaq. Doğma Cil kəndinə yenə yaz gələcək, dağ-dərələr, düzlər yaşıl dona bürünəcək, göy çəmənləri çiçək açaq, bulaqların, su arxların başını yarpızlar bəzəyəcək, təbiətin “donu” yavaş-yavaş açılacaq. Min dərdin dəvası olan “Pəri bulağı”nda aşıqlar məclis quracaq, müqəddəs ziyarətgah olan “Qara daş”da qurbanlar kəsiləcək, uşaqların sevinc səsi bir-birinə qarışacaq. Gənclərimizin toy məclislərində “Vağzalı” sədaları kəndi “başına götürəcək”, Cil kənd tam orta məktəbinin zəng səsi ilə yeni tikilmiş məscidin azan səsi bir-birinə qarışacaq, toylu-düyünlü günlərimiz başlayacaq.
Çaylarımız əvvəlki coşqu ilə axacaq, ocaqlarımız daha gur yanacaq, Cil kəndinin növrağı özünə qayıdacaq, yurd həsrətli yuxularımız çin olacaq, hər tərəf gülə-çiçəyə bürünəcək. Həyat yeni ritmlə davam edəcək...
Fərrux RÜSTƏMOV,
ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri,
pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi


