Günel Səfərova: Uşağın fikrini dinləmək hər istəyini yerinə yetirmək demək deyil
"Bəzən valideyn və ya böyüklər uşağın mənafeyini düşündüyünü əsas gətirərək onun fikrini, ümumiyyətlə, nəzərə almır. Halbuki uşağın fikrini dinləmək onun hər istəyinin mütləq yerinə yetirilməsi demək deyil".
Bu fikirləri "Azərbaycan müəllimi"nə açıqlamasında ETN-in Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova səsləndirib.
Onun sözlərinə görə, bu, uşağın yaşına və inkişaf səviyyəsinə uyğun olaraq mövqeyinə hörmətlə yanaşmaq, ona aid qərarlarda fikrini nəzərə almaq deməkdir: "“Uşaq hüquqları haqqında” Qanunun 10-cu maddəsi uşağa aid qərar qəbul edilməzdən əvvəl onun fikrini ifadə etmək hüququnun təmin olunmasını və üstün mənafeyinin nəzərə alınmasını nəzərdə tutur. Həmin Qanunun 18-ci maddəsi uşağın şərəf və ləyaqətinin müdafiəsini, təhqir və zorakılığın yolverilməzliyini təsbit edir.
Digər yanlış yanaşma sərt davranışın və alçaldıcı münasibətin tərbiyə üsulu kimi qəbul edilməsidir. Ailə Məcəlləsinin 60.2-ci maddəsinə əsasən, valideynlik hüquqları həyata keçirilərkən uşağın mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirilməməli, onun təhqirinə, alçaldılmasına, qəddarlığa və biganəliyə yol verilməməlidir.
Ona görə də uşaq hüquqları mədəniyyətinin formalaşması yalnız uşaqlara hüquqlarını öyrətməklə məhdudlaşmamalıdır. Böyüklər də uşağa münasibətdə öz davranış və məsuliyyətlərini dərk etməlidirlər".




