“Uşağın müdafiəsi məktəbdə görülən tədbirlərlə bitmir” – Günel Səfərova
Uşaqlıq insan həyatının ən həssas və məsuliyyətli mərhələsidir. Bu dövrdə uşağın təhlükəsizliyi, sağlamlığı, təhsili və inkişafı üçün yaradılan şərait onun gələcəyini müəyyənləşdirən amillərdəndir. Buna görə də uşaqların hüquqlarının qorunması hər bir cəmiyyətin qarşısında duran mühüm vəzifələrdən biridir. Lakin bu sahədə bütün hüquqların təmin edilməsi ilə bağlı hələ də diqqət tələb edən məsələlər var. Uşaqlara qarşı zorakılıq, hüquqlarının pozulması, valideyn məsuliyyətinin yetərincə dərk edilməməsi və bu halların vaxtında aşkarlanmaması həmin məsələlər sırasındadır.
Hər il 20 oktyabr–20 noyabr tarixlərində ölkəmizdə elan edilən “Uşaq Hüquqları Aylığı” da bu istiqamətdə ictimai diqqətin artırılmasına, uşaqların hüquqlarının müdafiəsi sahəsində görülən işlərin təbliğinə xidmət edir. Bəs hazırda Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsində vəziyyət necədir? Hansı problemlər mövcuddur və onların həlli üçün hansı addımlar atılır?
“Bəzən hüquq pozuntusu açıq şəkildə görünmür”
ETN-in Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova “Azərbaycan müəllimi”nə mövzu ilə bağlı açıqlamasında bildirib ki, uşaq hüquqlarının müdafiəsi çoxşaxəli məsələdir və onu yalnız bir sahənin, yaxud bir qurumun fəaliyyəti ilə məhdudlaşdırmaq olmaz: “Bu gün diqqət tələb edən məsələlər sırasında uşaqlara qarşı fiziki və psixoloji zorakılıq, bullinq, ayrı-seçkilik, laqeyd münasibət, ailədaxili problemlərin uşağın inkişafına təsiri, təhsildən yayınma, eləcə də rəqəmsal mühitdə təhlükəsizlik məsələləri xüsusi yer tutur.
Bəzən hüquq pozuntusu açıq şəkildə görünmür. Uşağın davamlı qorxu və narahatlıq yaşaması, sosial mühitdən təcrid olunması, fikrinin nəzərə alınmaması və emosional ehtiyaclarının qarşılanmaması da onun rifahına və inkişafına mənfi təsir göstərə bilər.
“Uşaq hüquqları haqqında” Qanunun 4-cü maddəsi uşaqların hüquq və azadlıqlarının təmin edilməsini, onların müdafiəsi üçün institusional mexanizmlərin yaradılmasını, bərabər imkanların və inklüzivliyin təmin olunmasını dövlət siyasətinin əsas məqsədləri kimi müəyyən edir. Qanunun 10-cu maddəsində isə uşağın üstün mənafeyinin qorunması, ailələrə dəstək göstərilməsi, valideyn məsuliyyətinin artırılması və dövlət və qeyri-hökumət qurumları arasında əməkdaşlıq əsas təminatlar kimi göstərilir.
Uşaqların Müdafiəsi İdarəsinin fəaliyyəti çərçivəsində təhsil mühitində yaranan risklərin öyrənilməsi, daxil olan müraciətlərin araşdırılması, monitorinq və profilaktik tədbirlərin təşkili, məktəblərdə çalışan mütəxəssislərlə iş və aidiyyəti qurumlarla əməkdaşlıq mühüm istiqamətlərdəndir. Məqsəd yalnız baş vermiş hadisəyə reaksiya vermək deyil, riskləri vaxtında müəyyənləşdirmək və uşağın hüquqlarının pozulmasının qarşısını almağa dəstəyin göstərilməsidir.
Eyni zamanda, uşağın müdafiəsi məktəbdə görülən tədbirlərlə bitmir. Ailənin dəstəklənməsi, sosial xidmətlərin əlçatanlığı, səhiyyə və hüquq-mühafizə orqanlarının vaxtında müdaxiləsi, yerli uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyəti bu prosesin vacib tərkib hissəsidir”.
“Bəzən valideyn uşağın mənafeyini düşündüyünü əsas gətirərək onun fikrini nəzərə almır”
G.Səfərovanın sözlərinə görə, cəmiyyətdə rast gəlinən yanlış yanaşmalardan biri uşaq hüquqlarının yalnız ağır zorakılıq və ya fövqəladə hadisə baş verdikdə gündəmdə olmasıdır. Əslində, uşaq hüquqları uşağın gündəlik həyatının bütün sahələrini əhatə edir: “Uşağın təhlükəsizliyi ilə yanaşı, onun fikrinin dinlənilməsi, şəxsiyyətinə hörmət edilməsi, təhsil və inkişaf imkanlarının təmin olunması, emosional rifahı da vacibdir.
Bəzən valideyn və ya böyüklər uşağın mənafeyini düşündüyünü əsas gətirərək onun fikrini ümumiyyətlə nəzərə almır. Halbuki uşağın fikrini dinləmək onun hər istəyinin mütləq yerinə yetirilməsi demək deyil. Bu, uşağın yaşına və inkişaf səviyyəsinə uyğun olaraq mövqeyinə hörmətlə yanaşmaq, ona aid qərarlarda fikrini nəzərə almaq deməkdir.
“Uşaq hüquqları haqqında” Qanunun 10-cu maddəsi uşağa aid qərar qəbul edilməzdən əvvəl onun fikrini ifadə etmək hüququnun təmin olunmasını və üstün mənafeyinin nəzərə alınmasını nəzərdə tutur. Həmin Qanunun 18-ci maddəsi uşağın şərəf və ləyaqətinin müdafiəsini, təhqir və zorakılığın yolverilməzliyini təsbit edir.
Digər yanlış yanaşma sərt davranışın və alçaldıcı münasibətin tərbiyə üsulu kimi qəbul edilməsidir. Ailə Məcəlləsinin 60.2-ci maddəsinə əsasən, valideynlik hüquqları həyata keçirilərkən uşağın mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirilməməli, onun təhqirinə, alçaldılmasına, qəddarlığa və biganəliyə yol verilməməlidir.
Ona görə də uşaq hüquqları mədəniyyətinin formalaşması yalnız uşaqlara hüquqlarını öyrətməklə məhdudlaşmamalıdır. Böyüklər də uşağa münasibətdə öz davranış və məsuliyyətlərini dərk etməlidirlər”.
Bəs uşaqların hüquqlarının qorunmasında valideynlərin, məktəblərin və müəllimlərin üzərinə hansı məsuliyyət düşür?
“Müəllim uşağın davranışında qəfil dəyişikliklərə diqqət yetirməlidir”
Müsahibimiz qeyd edib ki, uşağın hüquqlarının qorunması ilk növbədə ailədə başlayır, təhsil müəssisəsində davam edir və dövlətin müvafiq müdafiə mexanizmləri ilə təmin olunur. Buna görə də məsuliyyəti yalnız valideynin, məktəbin və ya müəllimin üzərinə qoymaq düzgün olmaz: “Hər bir tərəfin öz vəzifəsi var və bu vəzifələr bir-birini tamamlamalıdır.
Ailə Məcəlləsinin 58-ci maddəsinə görə, valideynlər uşaqlarını tərbiyə etməyə, onların sağlamlığına, psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Eyni Məcəllənin 51-ci maddəsi uşağın hüquqlarının müdafiəsi hüququnu müəyyən edir. Deməli, valideyn məsuliyyəti yalnız uşağın maddi ehtiyaclarını qarşılamaqdan ibarət deyil, onun təhlükəsizliyi, təhsili, sağlamlığı və emosional inkişafı da bu məsuliyyətə daxildir.
Məktəb və müəllimlər isə uşağın gündəlik təmasda olduğu mühitdə təhlükəsizliyin təmin olunmasına, ayrı-seçkiliyin və bullinqin qarşısının alınmasına, uşağın ləyaqətinə hörmət edilməsinə və risklərin vaxtında müəyyənləşdirilməsinə diqqət yetirməlidirlər. Bununla yanaşı, sosial xidmət, səhiyyə, hüquq-mühafizə orqanları və digər aidiyyəti qurumlar da öz səlahiyyətləri çərçivəsində müdafiə və dəstək tədbirlərini həyata keçirməlidirlər.
Müəllim uşağın davranışında qəfil dəyişiklik, özünəqapanma, davamlı qorxu, yaşıdlarından uzaqlaşma, dərsə marağın azalması və təhsildən yayınma, həmçinin izah olunmayan xəsarət izləri kimi əlamətlərə diqqət yetirməlidir. Bu əlamətlər təkbaşına zorakılığın sübutu deyil, lakin əlavə diqqət və müvafiq qiymətləndirmə tələb edir.
Belə vəziyyətdə uşağı mühakimə etmədən dinləmək, onun təhlükəsizliyini prioritet götürmək, məlumatın məxfiliyini qorumaq və məsələni müvafiq prosedurlar əsasında aidiyyəti şəxslərə çatdırmaq vacibdir. “Uşaq hüquqları haqqında” Qanunun 18.4-cü maddəsi zorakılıq əlamətləri aşkar edildikdə müvafiq müəssisələrin əməkdaşları və valideynlər üçün aidiyyəti hüquq-mühafizə orqanlarına və ya ərazi üzrə uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya məlumat vermək öhdəliyi müəyyən edir. Qanunun 18.5-ci maddəsi isə zorakılığa məruz qalmış uşağın fiziki sağlamlığının və psixoloji vəziyyətinin bərpası üçün zəruri tədbirlərin görülməsini nəzərdə tutur.
Burada əsas məsələ uşağın problemini yalnız qeydə almaq deyil, onun müdafiəsini və ehtiyac duyduğu dəstəyi təmin etməkdir”.
“Uşağın müdafiəsi yalnız məktəbdə görülən tədbirlərlə məhdudlaşmamalıdır”
G.Səfərova uşaqların hüquqlarının müdafiəsi sahəsində hansı problemlərin daha çox diqqət tələb etdiyi məsələsinə də aydınlıq gətirib: “Uşaqların hüquqlarının müdafiəsi sahəsində müraciətlərə və müşahidələrə yanaşarkən hər bir hadisənin arxasında konkret uşağın, ailənin və sosial mühitin dayandığını nəzərə almaq lazımdır. Bu səbəbdən problemlərin həlli standart yanaşma ilə deyil, vəziyyətin xüsusiyyətlərinə uyğun, fərdi və əlaqələndirilmiş tədbirlərlə həyata keçirilməlidir.
Diqqət tələb edən istiqamətlər sırasında ailədaxili münaqişələrin uşaqlara təsiri, psixoloji və fiziki zorakılıq, bullinq, təhsildən yayınma, sosial müdafiəyə ehtiyacı olan uşaqların vaxtında müəyyənləşdirilməsi, əlilliyi olan uşaqlara inklüziv imkanları, eləcə də internetdə və sosial şəbəkələrdə uşaqların təhlükəsizliyi xüsusi yer tutur. Bu məsələlər yalnız təhsil sisteminin deyil, sosial müdafiə, səhiyyə, hüquq-mühafizə, yerli icra və digər aidiyyəti qurumların da diqqətini tələb edir.
Mövcud mexanizmlərin təkmilləşdirilməsi, əlbəttə ki, davamlı prosesdir. Burada əsas istiqamətlərdən biri qurumlararası məlumat mübadiləsinin və koordinasiyanın gücləndirilməsi, müraciətlərin vaxtında və mahiyyəti üzrə araşdırılması, risklərin erkən müəyyənləşdirilməsi, uşağa və ailəyə göstərilən dəstəyin davamlılığının təmin edilməsidir.
“Uşaq hüquqları haqqında” Qanunun 10-cu maddəsində dövlət və qeyri-dövlət qurumları arasında əməkdaşlıq, ailələrə dəstək və valideyn məsuliyyətinin artırılması uşaqların mənafelərinin üstünlüyünün təminatları kimi müəyyən edilib. Qanunun 18.6-cı maddəsi isə uşaqlarla müntəzəm təmasda olan şəxslərin uşaq hüquqları və zorakılığa məruz qalmış uşaqların müəyyən edilməsi barədə maarifləndirilməsi və təlimatlandırılması istiqamətində tədbirləri nəzərdə tutur.
Uşaqların Müdafiəsi İdarəsinin fəaliyyəti baxımından da məktəblərdə profilaktik işin, mütəxəssislərin peşəkar hazırlığının, monitorinq və müraciətlərin təhlilinin, eləcə də aidiyyəti qurumlarla əməkdaşlığın gücləndirilməsi əhəmiyyətlidir. Bununla belə, uşağın müdafiəsi yalnız məktəbdə görülən tədbirlərlə məhdudlaşmamalı, ailə və sosial mühitdə də davam etdirilməlidir.
Mən hesab edirəm ki, bu sahədə nəticəni yalnız baxılmış müraciətlərin və keçirilmiş tədbirlərin sayı ilə ölçmək doğru olmaz. Əsas nəticə hüquq pozuntusunun qarşısının alınması, risk altında olan uşağın vaxtında müəyyən edilməsi, onun və ailəsinin zəruri dəstəklə təmin olunmasıdır. Uşağın təhlükəsizliyi və üstün mənafeyi bütün qərarlarımızın əsas meyarı olmalıdır”, – deyə o bildirib.




