Hazırda açıq məsafədən və məsafədən təhsil yolu ilə əldə olunan kvalifikasiyalar tanınmır - Agentlik sədri
“Türkiyə ali təhsil müəssisələrində təhsil alan və məzun olan Azərbaycan vətəndaşlarının kvalifikasiyalarının tanınması ilə bağlı imtina qərarları 4-4,5 faiz təşkil edir və bu hallar əsasən açıq təhsilalma forması ilə bağlıdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri ASAN TV-yə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov deyib.
O bildirib ki, açıq təhsilalma forması Azərbaycan qanunvericiliyində təsbit olunmadığı üçün bu yolla əldə edilən kvalifikasiyalar tanınmır. Vətəndaşlara da bununla bağlı mütəmadi məlumat verilir.
Tural Əhmədov əlavə edib ki, Türkiyə qanunvericiliyində “örgün öğretim”, yəni əyani təhsilalma forması mövcuddur və Təhsildə Keyfiyyət Təminatı Agentliyii verilən mandat əsasında yalnız əyani təhsilalma forması üzrə əldə olunan kvalifikasiyaların tanınmasını həyata keçirir.
Açıq və məsafədən təhsil yolu ilə əldə olunan kvalifikasiyaların tanınması üçün gələcəkdə qanunvericiliyə dəyişikliklərin edilib-edilməyəcəyi ilə bağlı suala cavab verən agentlik sədri qeyd edib ki, belə bir imkan gələcəkdə mümkün ola bilər və bunu indidən istisna etmək olmaz: “Amma bugünkü qaydalar çərçivəsində hazırda istər açıq təhsil, istərsə də məsafədən təhsil yolu ilə əldə olunan kvalifikasiyaların tanınması həyata keçirilmir”.




