"Heç vaxt şəkillərinizi silməyin" – Reza Deqati ilə MÜSAHİBƏ
IDEA İctimai Birliyinin və “Reza Visual Academy"nin təşəbbüsü ilə "FotoBax" adlı milli fotomüsabiqəyə müraciət davam edir. 18 yaşadək uşaqların iştirak etdiyi müsabiqəyə maraq böyükdür.
“Reza Visual Academy” Assosiasiyasının təsisçisi, beynəlxalq miqyasda tanınmış fotoqraf Reza Deqatinin “Azərbaycan müəllimi”nə budəfəki müsahibəsində həm bu marağın səbəbini aydınlaşdırmağa çalışdıq, həm də müsabiqəyə qatılmaq istəyənlər üçün tanınmış fotoqrafdan tövsiyələr aldıq.
- Reza bəy, məlumata görə, müsabiqəyə böyük maraq var.
- Elədir, artıq 600-ə yaxın uşaq müraciət edib. Müraciətlərin qəbulu davam edir və bu rəqəmin son tarixədək artacağı gözlənilir.
- Şərtlərə görə, həm uşaqlar, həm də yeniyetmələr müraciət edə bilərlər. Hələ məktəbə getməyən iştirakçı var? Maraqlıdır, ən balaca fotoqraf neçə yaşındadır?
- İştirakçıların əksəriyyəti məktəblilərdir, ən kiçik iştirakçının 5 yaşı var.
- Ümumiyyətlə, müsabiqənin şərtləri nədir? Necə şəkillər təqdim edilməlidir?
- Elan etdiyimiz kimi, müsabiqənin mövzusu "Təbiəti sevirəm – Azərbaycan"dır. Adından da göründüyü kimi, iştirakçılar Azərbaycanın zəngin təbiətini, unikal landşaftını, flora və faunasını, milli parklarını, meşələrini, dağlarını, göllərini, çaylarını və ölkəmizin təbii gözəlliklərini əks etdirən fotolar təqdim etməlidirlər. Əsas məqsəd uşaq və yeniyetmələrin təbiətə sevgisini və ona öz baxışlarını yaradıcı şəkildə foto vasitəsilə ifadə etmələridir. Fotolar iştirakçının özü tərəfindən çəkilmiş, mövzuya uyğun və müsabiqənin texniki tələblərinə cavab verməlidir.
- Sentyabrdan sonrakı mərhələdə iştirakçıları nə gözləyir?
- Sentyabrın 21-də müraciətlərin qəbulu başa çatdıqdan sonra bütün fotolar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblərin oktyabr ayında onlayn şəkildə elan edilməsi nəzərdə tutulur. Seçilmiş fotoların sərgidə nümayiş etdirilməsi və mükafatlandırma mərasiminin keçirilməsi də planlaşdırılır. Tarix və digər təfərrüatlar müsabiqənin rəsmi platformalarında iştirakçılarla paylaşılacaq.
- Sadəcə fotoların məzmunu qiymətləndirilir, yoxsa başqa hansısa arzuolunan üstünlüklər var? Məsələn, fotoqrafın təcrübəsi önəmlidirmi?
- Müsabiqədə əsas qiymətləndirmə meyarları təqdim olunan fotonun keyfiyyəti, mövzuya uyğunluğu və yaradıcılığıdır. Əlavə xüsusi meyarlar yoxdur. Bütün iştirakçılar eyni şərtlərlə qiymətləndirilirlər. Veb-saytımızda elə bir sistem qurulub ki, fotolar münsiflər üçün qiymətləndirmənin son mərhələsinədək anonim qalır. Buna görə də iştirakçının əvvəlki təcrübəsi və ya hər hansı müsabiqədə iştirak etməsi qiymətləndirməyə təsir göstərmir. Təcrübəsindən asılı olmayaraq, hər bir iştirakçının qalib olmaq şansı eynidir.
- Fotoları kim qiymətləndirir?
- Fotolar sentyabrın 21-dən sonra qiymətləndiriləcək. Mən özüm uzun illərdir müxtəlif beynəlxalq fotomüsabiqələrində münsif kimi fəaliyyət göstərmişəm və bu müsabiqədə də münsiflər heyətinə rəhbərlik edəcəyəm. Münsiflər heyəti peşəkar fotoqraflar və incəsənət mütəxəssislərindən ibarət olacaq. Münsiflər heyətinin tam tərkibi müsabiqənin rəsmi platformalarında elan ediləcək.
- Bu müsabiqə Azərbaycanda məktəblilərin qatıldığı ilk yarışdır. Davamı olacaqmı?
- Əlbəttə, “FotoBax” azərbaycanlı uşaqlar və yeniyetmələr üçün ilk dəfə keçirilir. Lakin bu təşəbbüsün əsasında artıq uğurunu sübut etmiş beynəlxalq təcrübə dayanır. Bundan əvvəl "Yer kürəsi uşaqların gözü ilə" ("Children's Eyes on Earth") beynəlxalq foto müsabiqəsi iki dəfə uğurla təşkil olunub və dünyanın müxtəlif ölkələrindən minlərlə gənc fotoqrafı bir araya gətirib. Məhz həmin layihənin uğurlu nəticələrini əsas götürərək, bu təşəbbüsü Azərbaycan reallığına uyğunlaşdırmaq və azərbaycanlı uşaqlar üçün milli foto müsabiqəsi – “FotoBax”ı keçirmək qərarına gəldik.
Layihənin məqsədi uzunmüddətli platformaya çevrilməkdir. Buna görə də “FotoBax” müsabiqəsinin gələcəkdə də növbəti mövsümlərinin keçirilməsi nəzərdə tutulur. Məqsəd Azərbaycanda uşaq və yeniyetmələr arasında fotoqrafiyaya marağı davamlı şəkildə təşviq etmək, onların yaradıcılığını dəstəkləmək və ən uğurlu işləri beynəlxalq platformalara çıxarmaqdır.
- Fotomüsabiqə qaliblərini nə gözləyir?
- Müsabiqə iki yaş qrupu - 12 yaşdan kiçik və 12–18 yaş arası iştirakçılar üzrə keçirilir. Hər yaş qrupu üzrə I, II və III yerlərin qalibləri kamera və mənimlə birgünlük əyani fotoqrafiya təlimində iştirak etmək imkanı qazanacaqlar. Bundan əlavə, münsiflər heyəti tərəfindən xüsusi seçilən digər iştirakçılar da bu təlimə dəvət olunacaqlar. Lakin qeyd etməliyəm ki, layihənin məqsədi yalnız qalibləri müəyyənləşdirmək deyil. Seçilmiş fotoşəkillər müxtəlif media platformalarında işıqlandırılacaq. Həmçinin ən yaxşı işlərdən ibarət səyyar fotosərgisinin təşkilini və fotoalbomun nəşrini planlaşdırırıq.
Mənim üçün ən vacib məsələlərdən biri isə istedadlı gənclərin üzə çıxarılmasıdır. Bu layihə vasitəsilə perspektivli iştirakçıları kəşf etməyi və onların fotoqraf kimi inkişafına dəstək olmaq üçün uzunmüddətli mentorluq proqramı həyata keçirməyi düşünürəm.
- Mən indiyədək əlində fotoaparat gəzdirən və ya çəkdiyi fotoşəkillə fəxr edən məktəbliyə demək olar ki, rast gəlməmişəm. Amma belə görünür ki, azərbaycanlı məktəblilərin bu müsabiqəyə marağı böyükdür. Bunu nə ilə izah edərdiniz?
- Mən bunu belə izah edərdim: Uşaqlarda ətraf aləmi müşahidə etmək, gördüklərini göstərmək və öz baxış bucaqlarını ifadə etmək istəyi var. Sadəcə, indiyədək bunu nümayiş etdirmək və öz fikirlərini həm ailələri, həm də cəmiyyətlə bölüşmək üçün kifayət qədər imkanları olmayıb. Fotomüsabiqə isə onlara məhz bu imkanı yaradır.
Bu, uşaqlar üçün çox vacibdir. Onlar bilirlər ki, çəkdikləri şəkillərlə bir foto müsabiqəsində iştirak edəcəklər və bu, onlarda həvəs yaradır. Bu gün dünyanın hər yerində, xüsusilə də uşaqlar gündəlik həyatlarında mobil telefonlar vasitəsilə daim fotoşəkillərlə təmasdadırlar. Bəzilərinin öz fotoaparatı var, digərləri isə ailə üzvlərinin və ya dostlarının fotoaparatlardan istifadə edir.
Fotoqrafiya həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bizim etməli olduğumuz əsas iş uşaqların bu marağını doğru istiqamətə yönləndirməkdir. Məsələn, bu layihə vasitəsilə biz onların fotoqrafiyaya olan marağını təbiətə yönəldirik. Məhz buna görə də onlar ətraf mühiti kəşf etməyə, müşahidə etməyə və onu fotoşəkillərlə ifadə etməyə başlayırlar.
- Şəkillərin əksəriyyəti yəqin ki, mobil telefonla çəkiləcək. Peşəkar fotoqraf kimi sizin üçün daha vacib olan nədir – fotoşəklin özü, yoxsa onu çəkən cihaz?
-Mənim üçün kamera da, mobil telefon da sadəcə alətdir. Şəkli əslində nə kamera, nə də telefon çəkir, onu çəkən fotoqrafın gözü və beynidir.
Necə ki, gözəl şeir yazmaq üçün bahalı qələmə ehtiyac yoxdur, yaxud möhtəşəm musiqi ifa etmək üçün qızıldan hazırlanmış saz lazım deyil, yaxşı fotoşəkil çəkmək üçün də ən bahalı kameraya sahib olmaq vacib deyil.
Mən heç vaxt şəkli hansı cihazın çəkdiyinə baxmıram. Mənim üçün əsas olan nəticədir – fotoşəklin arxasında duran baxış bucağı, düşüncə və hekayə.
- Məktəblilərə nə tövsiyə edərdiniz? Onlar anı tutmağa çalışmalıdırlar, anı yaşamalıdırlar, yoxsa bəlkə öz anlarını yaratmalıdırlar? Müsabiqədə uğur qazanmaq üçün onlara hansı məsləhəti verərdiniz?
- Yaradıcılıq sərhəd tanımır. Bəzən deyirlər ki, yaradıcılığın son həddi səmadır, amma mən düşünürəm ki, təsəvvür gücü səma ilə məhdudlaşmır. Hər şey uşağın öz yaradıcı dünyasından asılıdır. Bəzi uşaqlar üçün ən maraqlısı həyatda baş verən anı çəkməkdir. Bəziləri öz səhnələrini qurmağı və yeni obrazlar yaratmağı sevir. Digərləri isə sadəcə anı yaşayır və həmin hissləri fotoşəkildə əks etdirirlər. Bunların hər biri dəyərlidir. Əsas olan uşağın yaradıcı düşüncəsi və təxəyyülüdür. Mən heç vaxt uşaqların təsəvvürünü məhdudlaşdırmıram. Onlara dərs keçərkən də heç zaman “ən doğru yol budur” demirəm və onları öz baxış bucağıma uyğun yönləndirmirəm. Sadəcə onların gözlərini açmağa, ətraf aləmə fərqli baxmağa kömək edir və özlərini sərbəst şəkildə ifadə etmələri üçün imkan yaradıram.
- Əgər Reza Deqati bu gün məktəbli olsaydı və bu müsabiqədə iştirak etsəydi, necə bir foto təqdim edərdi? Uşaqlıqda ən çox nəyi çəkməyi sevirdi? O dövrdən bu müsabiqəyə təqdim etmək istədiyi bir şəkil varmı? Həmin fotolar bu günə qədər qalıbmı?
- Bu sual bir qədər maraqlıdır. Heç vaxt “əgər məktəbli olsaydım” deyə düşünmürəm, çünki mən hələ də özümü məktəbli hesab edirəm. Yaşın burada heç bir əhəmiyyəti yoxdur. Yaradıcılıqla məşğul olan insan daxilindəki uşağı həmişə yaşatmalıdır. Məhz o daxili uşaq insanın baxış bucağını, hisslərini və özünü ifadə etmə tərzini formalaşdırır.
Bu gün də 60 il əvvəl foto çəkməyə başlayanda etdiyim işi görürəm. O vaxt da, indi də mənim üçün ən vacib prinsip eynidir: çəkdiyin mövzunu sevmək və ona dərin maraq göstərmək. Səthi maraq kifayət etmir. Foto çəkdiyin mövzu ilə bağ qurmalı, onu dərindən hiss etməlisən. Mən 60 il əvvəl də belə işləyirdim, bu gün də eyni prinsiplərə sadiqəm.
Uşaqlıqda çəkdiyim fotolara gəlincə, təəssüf ki, onların hamısı bu günə gəlib çatmayıb. İran inqilabı dövründə və ondan əvvəl və sonra arxivimin bir hissəsi məhv edildi. Elə buna görə də mən hər kəsə, xüsusilə də gənc fotoqraflara bir məsləhət verirəm: arxivinizi qoruyun və heç vaxt şəkillərinizi silməyin. Bu gün adi görünən bir foto illər sonra sizin üçün ən dəyərli xatirəyə və ya tarixi sənədə çevrilə bilər.




