Hədəfimiz 1 şagirdə 1 kompüter nisbətini təmin etməkdir – Nazir müavini

1 May, 2026 - 10:58
Hədəfimiz 1 şagirdə 1 kompüter nisbətini təmin etməkdir

“Ölkəmizdə təhsilin rəqəmsallaşması prosesi sürətlə aparılır. Hazırda şagird–kompüter nisbətini yaxşılaşdırmaq istiqamətində işlər görülür. Məktəblərin 63, şagirdlərin 80%-dən çoxu internetlə təmin olunub. Mövcud vəziyyətdə 6 şagirdə 1 kompüter düşür və əsas hədəfimiz hər şagird üçün 1 kompüter nisbətini təmin etməkdir. Müqayisə üçün qeyd edim ki, əvvəllər 1062 şagirdə 1 kompüter düşürdü və bu, ölkənin həmin dövrdəki göstəricilərini əks etdirir. Bu sahədə əldə olunan irəliləyiş dövlətin rəqəmsallaşmaya verdiyi önəmin nəticəsidir və təhsil sistemində müsbət dəyişikliklərə səbəb olub”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 3-cü Forumda söyləyib.

Nazir müavini qeyd edib ki, bu istiqamətdə Elm və Təhsil Nazirliyi tərəfindən şagirdlər arasında bir neçə mühüm layihə həyata keçirilir: “Bunlardan biri “Rəqəmsal bacarıqlar” layihəsidir. Layihəyə 2017-ci ildə başlanılıb və ilkin mərhələdə cəmi 15 minə yaxın şagird qoşulmuşdu. Hazırda isə bu layihədə 330 mindən çox şagird iştirak edir.

“Rəqəmsal məktəb” transformasiya layihəsi də hazırda həyata keçirilir. Bu platformadan şagirdlər, valideynlər, müəllimlər və məktəb rəhbərliyi istifadə edir və bu, təhsil prosesinin daha səmərəli təşkilinə və intensivləşdirilməsinə geniş imkanlar yaradır. Eyni zamanda süni intellektin tətbiqi ilə vahid məlumatların idarə edilməsi sisteminin qurulması istiqamətində işlər nəzərdə tutulur. Bu sistem təhlükələrin azaldılması və zəruri tədbirlərin operativ şəkildə həyata keçirilməsi baxımından əhəmiyyətlidir”.