Həkim-fizioterapevt: Uşaqlar 5 yaşından idmana başlaya bilərlər
“Fiziki hərəkətə həyatın ilk illərindən başlamaq lazımdır. Kiçik yaşlarda bu, daha çox oyun formasında olur. Usaqlarda gündəlik fiziki aktivlik yaşa görə dəyişir. Məsələn, 2-5 yaşlı uşaqlarda ən azı 3 saat aktiv hərəkət, müalicəvi idman 15-20 dəqiqə təlimatçının köməyi ilə, eləcə də oyun şəklində, qaçmaq, tullanmaq şəklində aparılır”.
Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Respublika Pediatriya Mərkəzinin Uşaq Bərpa Mərkəzinin Fizioterapiya şöbəsinin müdiri, həkim-fizioterapevt Təranə Mahmudova qeyd edib.
O bildirib ki, 5 yaşdan etibarən isə uşaqlar yaşlarına uyğun idman məşğələlərinə cəlb oluna bilərlər. 6 yaşdan yuxarı usaqlar idmanın uzgüçülük, qaçış, futbol, basketbol, voleybol, və sair növləri ilə məşğul ola bilərlər:
“Məşqlərin 35- 60 dəqiqə aralığında keçirilməsi məqsədəuyğundur. Məktəbyaşlı uşaqların gündə ən azı 60 dəqiqə aktiv hərəkət etməsi tövsiyə olunur. Bu, mütləq peşəkar idman məşqi demək deyil. Velosiped sürmək, açıq havada oynamaq, qaçmaq, üzmək və ya komanda oyunlarında iştirak etmək də fiziki aktivliyə daxildir.Burada əsas məsələ, uşağın gün ərzində hərəkətdə olmasıdır”, - deyə Təranə Mahmudova qeyd edib.




