Həndbol üzrə respublika birinciliyi keçirilib
11-14 dekabr 2025-ci il tarixlərində “Təhsil” Respublika İdman Mərkəzinin həndbol idman növü üzrə 2008-ci il və daha kiçik təvəllüdlü qızlar arasında respublika birinciliyi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin mübarizə apardığı yarışa 84 qız idmançı qatılıb.
Gərgin mübarizə şəraitində keçən yarışda I yeri “Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin birinci komandası, II yeri “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi, III yeri isə 6 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin ikinci komandası tutub.
Qalib komandalar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medalla təltif olunub.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd həndbol idman növünün təbliği və inkişaf etdirilməsi, ümidverici idmançıların aşkar edilməsi, onların yarış təcrübələrinin artırılması, şəhər və respublika yarışlarında iştirak etmək üçün Mərkəzin yığma komandasının tərkibinin müəyyən edilməsindən ibarət olub.


