Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramının iştirakçıları üçün təlim keçirilib
“Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı iştirakçılarının peşəkar inkişafına dəstək məqsədilə “Müsahibə bacarıqları və özünü təqdim etmə” mövzusunda təlim təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, təlim Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova tərəfindən aparılıb.
Təlim zamanı iştirakçılara müsahibə prosesində ən çox verilən suallara, xüsusilə özünü təqdimetmə mərhələsində effektiv cavab vermək yolları barədə praktik tövsiyələr verilib. Bununla yanaşı, iştirakçılar öz güclü və zəif tərəflərini düzgün ifadə etməyi, bədən dili, göz təması və səs tonundan düzgün istifadə etməyi öyrəniblər.
Təlimin sonunda rol oyunu formatında müsahibə ssenariləri üzrə praktiki məşğələlər keçirilib. Bu fəaliyyət tələbələrə nəzəri biliklərini real müsahibə şəraitində tətbiq etmək imkanı yaradıb.
Təlimin əsas məqsədi gənclərin işə qəbul prosesinə daha hazırlıqlı yanaşmasını təmin etmək, onların özünüifadə və təqdimat bacarıqlarını gücləndirmək olub.



