Hər zaman daha bilikli abituriyentlər daha yüksək nəticə göstərirlər - Nazir

10 Aprel, 2026 - 11:00
Hər zaman daha bilikli abituriyentlər daha yüksək nəticə göstərirlər

“İmtahanların çətinliyi ətrafında yaranan ajiotajın Azərbaycan cəmiyyəti üçün real faydası yoxdur”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, ayrı-ayrı şəxslər bu mövzuda emosional fikirlər səsləndirsə də, mahiyyət etibarilə imtahanların çətin və ya asan olmasından asılı olmayaraq, ali təhsil müəssisələrinə qəbul olunanların sayı dəyişmir.

O bildirib ki, hər zaman daha bilikli abituriyentlər daha yüksək nəticə göstərir və bu baxımdan ədalət prinsipi qorunur. Nazir vurğulayıb ki, imtahanların çətinliyi fərdlərin yekun həyat nəticələrinə ciddi təsir göstərən əsas amil deyil.

Eyni zamanda diqqətə çatdırıb ki, daha vacib olan məsələ imtahan sisteminin məzmunu və onun beynəlxalq qiymətləndirmə çərçivələrinə uyğunlaşdırılmasıdır. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında sıx əməkdaşlıq həyata keçirilir.