Həsən Həsənli: Bu il Dövlət Proqramı çərçivəsində 500 tələbə xaricdə təhsil alacaq
"Xaricdə ali təhsil üzrə Dövlət Proqramı çərçivəsində artıq iki mindən çox gəncimiz dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.
Nazir müavini qeyd edib ki, bu, ilk növbədə, dövlətimizin gənclərə olan inamının təzahürüdür: "Bu, gənclərimizin böyük potensiala və böyük imkanlara malik olmalarının sübutudur. Hesab edirik ki, dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan gənclərimiz geri döndükdən sonra ölkəmizin inkişafına töhfə verəcək və hamımızı sevindirəcəklər”.
Həsənli Həsənli bildirib ki, bu il proqram çərçivəsində təhsil almaq üçün 500 tələbə seçilib: “Onlardan 155-i dünyanın ilk 10 ən yaxşı universitetində təhsil alacaq. Amma hər kəs bilir ki, digər tələbələrimizin də qəbul olunduğu proqramlar dünyada ən rəqabətli proqramlardır. Onların bu proqramlarda təhsil almaq üçün seçilməsi onu göstərir ki, Azərbaycanda artıq istər ümumi təhsil, istərsə də ali təhsil səviyyəsində magistratura təhsili üzrə xaricdə təhsilini davam etdirəcək gənclərin hazırlanması istiqamətində böyük iş görülüb. Həmin gənclərin yüksək səviyyədə hazırlığı təmin olunub ki, onlar təhsillərini heç bir maneə və çətinlik olmadan xaricdə davam etdirə bilirlər. Biz bunun hər il artdığını görürük və bundan qürur duyuruq”.




