Həsən Həsənli: Yeni məktəbdə ən müasir təhsil məzmunu tətbiq olunacaq 

14 May, 2026 - 10:37
Həsən Həsənli: Yeni məktəbdə ən müasir təhsil məzmunu tətbiq olunacaq 

“Ölkəmizdə ali təhsilin rəqabət qabiliyyətinin artırılması və beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından mühüm bir sənədin imzalanmasına şahidlik etdik”.

“Azərbaycan müəllimi” xəbər verir kİ, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.

O qeyd edib ki, bu əməkdaşlıq gələcək illərdə gənclərimiz üçün daha geniş imkanlar yaradacaq:
 
“Həm xaricdə təhsil imkanlarının genişləndirilməsi, həm də beynəlxalq universitetlərin Azərbaycanda proqramlarının həyata keçirilməsi istiqamətində son illər mühüm addımlar atılır. Bu gün isə AZCON Holdinq, Azərbaycan Texniki Universiteti və Münhen Texniki Universiteti (TUM) arasında qurulan əməkdaşlıq çərçivəsində yaradılan yeni məktəb bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Bu layihəni fərqləndirən əsas məqam odur ki, burada xüsusilə süni intellekt, kibertəhlükəsizlik və kompüter elmləri sahələrində ən müasir təhsil məzmununun tətbiqi ilə yanaşı, mühəndislik və sənaye sektoru ilə sıx əməkdaşlığın qurulması da nəzərdə tutulur”.

Onun sözlərinə görə, burada formalaşacaq təhsil mühiti, müəllim heyəti və gələcək karyera imkanları bu məktəbin əsas üstünlüklərindən olacaq. Bu amillər onu digər təhsil modellərindən fərqləndirəcək:

“Eyni zamanda hesab edirəm ki, bu layihə ilkin mərhələdə kiçik görünsə də, gələcəkdə inkişaf etdikcə gənclərimizə ölkə daxilində dünyanın aparıcı universitetlərinin standartlarına uyğun təhsil alma imkanı verəcək. Biz Elm və Təhsil Nazirliyi olaraq bu əməkdaşlığı daim dəstəkləyəcəyik”.