HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 İyul, 2025 - 18:54
HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

2024-2025-ci tədris ilində Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 192 Azərbaycan vətəndaşı 9 ölkənin 58 ali təhsil müəssisəsində bakalavriat, magistratura və doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu məlumat Elm və Təhsil Nazirliyinin “2024–2025-ci tədris ili rəqəmlərdə” adlı rəsmi hesabatında yer alıb.

Hesabata görə, Macarıstanda 129, Çində 28, Latviyada 8, Qazaxıstanda 9, Türkiyədə 6 (YTB xətti ilə doktorantura üzrə), Rusiyada (MGIMO) 5, Rumıniyada 2, Slovakiyada 1, Tacikistanda isə 2, ümumilikdə isə 192 Azərbaycan vətəndaşı təhsil almaq hüququ əldə edib. 

Bununla yanaşı, 2024-2025-ci tədris ilində Küveyt dövlətinin Azərbaycan Respublikası vətəndaşları üçün ayırdığı kvota hesabına 7 nəfər Küveyt Universitetində təqaüdlə təlim proqramında təhsil almaq hüququ qazanıb.

HTP çərçivəsində növbəti tədris ilində (2025–2026) Macarıstan, Çin, Qazaxıstan, Türkiyə, Rumıniya və Latviyada təhsil almaq üçün portal.edu.az üzərindən 600-ə yaxın müraciət daxil olub.  2025-2026-cı tədris ilində HTP çərçivəsində təhsil almaq üçün müraciət edən ərizəçilərlə təşkil edilən müsahibələrin nəticəsində 200 əsas, 68 ehtiyat siyahı üzrə olmaqla, ümumilikdə 268 nəfərin namizədliyi Macarıstan, 40 əsas, 5 ehtiyat siyahı üzrə olmaqla, ümumilikdə 45 nəfərin namizədliyi Çin, 20 nəfərin namizədliyi Türkiyə, 10 nəfərin namizədliyi Qazaxıstan, 8 nəfərin namizədliyi Rumıniya tərəfinə təqdim edilib. Həmçinin 7 nəfər Azərbaycan vətəndaşının namizədliyi Küveyt Universiteti nəzdində fəaliyyət göstərən Dillər Mərkəzində təlim proqramında təhsil almaq üçün təqdim edilib.

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb