Hüquq savadlılığına dair məzmunlar hazırlansın - Sosial şəbəkələrlə bağlı TƏKLİF
“Madam ki, şagirdlər sosial media platformalarında çox vaxt keçirirlər, o zaman sosial şəbəkələrdə hüquq savadlılığına dair məzmunlar hazırlayaq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri təhsilin idarə olunması üzrə fəlsəfə doktoru, tədqiqatçı Qoşqar Məhərrəmov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində səsləndirib.
Tədqiqatçı bildirib ki, valideynlərin təhsil səviyyəsi gəncin hüquqi şüuru ilə birbaşa korrelyasiya təşkil edir. Yəni valideynin savadı artdıqca övladının hüquqi bilikləri daha da artır.
Q.Məhərrəmov qeyd edib ki, hüquqi bilik səviyyəsi qızlarda daha yüksək olsa da, ümumilikdə yaş artdıqca kritik bir daralma müşahidə olunur: “14 yaşdan 16 yaşına qədər hüquqi biliklərdə kəskin azalma müşahidə olunur. Bu, məktəbdə hüquq tədrisinin az olması və ya sosiallaşma prosesindəki mənfi təsirlərə işarədir”.
Onun fikrincə, rəqəmsal mühitdəki yoxlanılmamış məlumat axını gənclərdə aqressiya yaradır: “Aşağı gəlirli və təhsilsiz ailələrdən olan şagirdlər hüquq biliklərini əsasən riskli mənbələrdən - sosial şəbəkələrdən, küçədən öyrənirlər. Sağlam dialoq və intizam qaydalarının evdə aşılanması gənci radikallaşmadan qoruyan ilk qalxandır”.


